İdmanMingəçevir

Mingəçevir futbolu yenidən dirçələ bilər

Mingəçevir futbol ənənəsi olan bölgələrdəndir. Hazırda şəhəri təmsil edən “Energetik” son illər birinci divizionun autsayderləri sırasında olsa da, köklü klublardan sayılır. Əvvəllər “Avtomobilçi”, “Toxucu”, “Kür”, “Kür-Nur” və sair adlarla ölkə çempionatında çıxış edib. “Kür-Nur”un dönəmində Mingəçevir futbolunda canlanma, inkişaf, irəliləyiş nəzərə çarpırdı. Ramiz Məmmədov, Mehman Alışanov, Mehman Baxışov, Arif (Aron) Zərbailov, Əli Məmmədov, Elbrus İsmayılov, Əkrəm Baxşəliyev, Ədahim Niftəliyev, Elşad Kərimov, Zaur Qarayev, Ruslan Əmircanov və başqa şəxsləri Azərbaycan futboluna bəxş edən şəhərdə son illər durğunluq müşahidə olunur.

Mingəçevirdə futbol 1966-cı ildə yaradılıb. “Neftçi”nin SSRİ birinciliyində bürünc medal qazanmasından sonra bölgədə də futbola diqqət artırılıb. Həmin dönəmdə ilk yaranan klub isə Mingəçevir Toxuculuq Kombinatının himayə etdiyi “Toxucu” olub. Bu komanda SSRİ kubokunda 2 dəfə çıxış edib.

1980-ci ildə Bakını təmsil edən “Avtomobilçi”nin əlindən  ev oyunları keçirdiyi “Spartak” stadionu alındığından komanda Mingəçevirə köçüb və həmin ildən klub bu şəhəri təmsil edib. “Avtomobilçi” SSRİ çempionatının 2-ci divizionunun 9-cu zonasında Qafqaz komandaları ilə birgə mübarizə aparıb. Burada, xüsusən də “Kəpəz”lə keçirilən matçlarda böyük prinsipiallıq və maraq yaranıb.

Sonradan “Avtomobilçi” dağılsa da, Mingəçevir futbolsuz qalmayıb. 1990-cı ildə “Kür” yaradılıb və 2 il sonra keçirilən Azərbaycanın ilk müstəqil çempionatında iştirak edib. 26 komandanın mübarizə apardığı yarışın ilk ilində  “Kür” 7-ci yeri tutub və ölkə kubokunun finalına vəsiqə qazanıb.

1993/94-cü il mövsümünün ortasında klubu Mingəçevir Su Elektrik Stansiyası himayəsinə götürdüyündən komandanın adında cüzi dəyişiklik edilib: “Kür-Nur”. Komanda növbəti illərin çempionatlarında uyğun olaraq 5, 6, 7, 8 və 9-cu yerləri tutub. 1997/98-ci illərin mövsümündən sonra isə komanda maliyyə problemləri ucbatından dağılıb.

Bir müddət sonra “Ulduz” adı ilə yaradılan komanda 1999 və 2000-ci illərdə ardıcıl 2 dəfə Azərbaycan çempionu olub, 1 dəfə isə kubok qazanıb. 2003-cü ildə “Azərenerji”nin sponsorluğu ilə “Energetik” klubu kimi fəaliyyətə başlayıb. Lakin klub elitaya vəsiqə qazanmasına baxmayaraq, maliyyə problemləri üzündən imtina etməli olub. Elə o vaxtdan “Energetik” divizionun kasıb klublarından biri kimi tanınır və hazırda da eyni problemi yaşamaqdadır.

Yeri gəlmişkən, ikinci pley-off oyunları ərəfəsində “Energetik”də rəhbər dəyişikliyi gerçəkləşib. Klubun prezidenti vəzifəsinə Ruslan Həmidov təyin edilib. Mingəçevir təmsilçisinin rəhbərliyinə gətirilən 32 yaşlı Həmidovun özü də sabiq futbolçudur. “Energetik”lə yanaşı, “Ulduz”, “Ədliyyə” və “Şəmkir”də çıxış edib. Daha öncə bu vəzifəni icra edən Elbrus İsmayılov bundan sonra yeni prezidentin köməkçisi vəzifəsində çalışacaq.

Ruslan Həmidov deyir ki, Mingəçevirdə futbolu sıfırdan inkişaf etdirməyə ehtiyac yoxdur: “Çünki ənənəsi var. Bundan əlavə uşaq komandalarımız, Uşaq Gənclər İdman Məktəbimiz və hazırda birinci divizionda çıxış edən “Energetik” var. Heç infrastruktur yaratmaq da lazım deyil. Hazır stadion, baza mövcuddur. Sadəcə bir qədər yenidənqurma işləri aparılarsa, bu bölgədə “ölmüş” futbolu yenidən “diriltmək” mümkündür”.

Müsahibimiz onu da diqqətə çatdırdı ki, “Azərbaycan İES” MMC  20 komandaya baxa bilər: “Amma bizə demək olar ki, baxmır. Hərəmiz 150 manat maaş alırıq. Bununla yaşamaq və futbolu inkişaf etdirmək olmaz axı… ”

P.S. Hava soyuq olmasına baxmaya-raq, martın 30-da Mingəçevir stadionu ağzınacan dolu idi. Öz meydançasında, region birinciliyi uğrunda mübarizədə “Energetik” Sumqayıtın “Uğur” koman-dasını 3:1 hesabı ilə məğlub etdi. Bir ne-çə gün qabaq isə “Salyan”ın qapısından 6 cavabsız top keçirən komandamız  azar-keşlərini sevindirməkdə davam edir.

Tag
Daha çox

Oxşar yazılar

Close