“Bu, mənim üçün həm hobbidir, həm də gəlir mənbəyi”
20 xanımdan biri
Bu yaxınlarda maarifçi və xeyriyyəçi Həmidə xanım Cavanşirin adına ithaf olunan və “Qadın Gücünə Güc!” layihəsi çərçivəsində Bakı Biznes Mərkəzində qadınların məhsul sərgisi keçirilirdi. 400-dən artıq qadın içərisindən seçilən 20 xanımın əl işlərinin sərgiləndiyi tədbirdə Göyçayda doğulan və yaşayan Rəvanə xanım da var idi. Elə biz də onunla bu məkanda tanış olduq..
Xaraktercə sakit, qaradinməz təsiri bağışlayırdı. Əslində söhbət əsnasında da onun başını aşağı salıb, yalnız öz işi ilə məşğul olduğunu, əllərinin zəhməti ilə hazırladığı təkrarsız sənət nümunələrini reklam etməyə maraq göstərmədiyini müşahidə etdik.
Həvəskarlıqdan peşəkarlığa aparan yol
Öyrəndik ki, göyçaylı Rəvanə Məmmədova istifadəsiz qalan və tullantı hesab edilən məhsullardan özünəməxsus tərzdə məişət əşyaları hazırlaya bilir. Onların üzərinə düzdüyü balıqqulağı və muncuqlarla həmin əşyalara təkrarsız bəzək vurur.
Rəvanə xanım deyir ki, bu işlə son 6-7 ildə məşğul olmağa başlayıb: “Günlərin birində belə həvəsə düşdüm. İş alındı. Əvvəllər, xüsusən orta məktəb illərində toxumaya həvəsim vardı. Anam arabir toxuyardı, amma buna ciddi həvəsi yox idi. Mənim isə marağım çox idi. İndi toxumanı bir qədər azaltmışam. Daha çox fərqli əşyalar düzəltməklə məşğulam. Bu, mənim üçün həm hobbidir, həm də gəlir mənbəyi. Əvvəlcə həvəsgar idim, özüm üçün hazırlayırdım, Sonra gördüm ki, başqa insanlar üçün də bunlar maraqlıdır, işimi qiymətləndirirlər, dəyər verirlər, ciddi davam etdirməyə qərar verdim”.
Gərgin əməyin, yuxusuz gecələrin sayəsində
Dediyinə görə, son 4 ildə məhsullarını üzə çıxarıb, hətta sifarişlər də alıb və sata bilir: “Tanıyanlar bilirlər ki, bu işlə məşğulam. Özləri sifariş verirlər. Əsasən toxuma, bir də balıqqulağından tablolar üzərində işləyirəm”.
İlk baxışda Rəvanə xanımın əl işləri kiməsə sadə görünə bilər. Amma onların əksəriyyəti gərgin əməyin, bəzən yuxusuz gecələrin sayəsində hasil olur.
Bir əsərin hazırlanmasına çəkilən xərcləri və gəlirləri barədə soruşuruq. Bildirir ki, bu, fərqlidir: “Təzə başlayanda 10 manata da satdığım iş olub. İşə baxır. Elə iş var bir günə hazırlamaq olur. Eləsi də olur ki, 3 ay işləyirəm üzərində. 100 manata, 200 manata tablolar satmışam, İndi peşəkarlığım da artıb, müştərilərim də. Elə tablolarım var ki, əlavə rənglərdən istifadə edirəm, amma elələri də var ki, təbii rənglərdir. Müxtəlif çiçəklər toplayıram, yuyub, təmizləyirəm, xüsusi maddələr və yapışqanlar var ki, onlardan istifadə edirəm. Təbii ki, qiymət də işə görə dəyişir”.
Öz üzərində işləməklə
Müsahibimiz deyir ki, son vaxtlar ona fərdi sifarişlər də verirlər: “Hətta bəzən mənə eskizlər təqdim olunur və mən həmin eskizlərə uyğun olaraq, nümunələr hazırlayıram”.
Öz üzərində daim işlədiyini, bu sahə ilə bağlı araşdırmalar apardığını və daim mütaliə etdiyini vurğulayabn Rəvanə xanım əsasən internetdən istifadə etdiyini, xüsusən Rusiyadakı mənbələrdən bəhrələndiyin deyir: “Rusiyadan çoxlu kitablar almışam. Vaxtilə rus dilini yaxşı oxumuşam, indi karıma gəlir”.
Ailə dəstək olanda
Rəvanə xanımın uğur qazanmasının əsas səbəblərindən biri də ailəsinin ona dəstək olmasıdır: “Balıqqulağı toplamaq üçün tez-tez dəniz sahilinə gedirəm. Ailəm bu işdə mənə yaxından kömək edir. Özəl şirkətdə işləyən həyat yoldaşımla bir yerdə balıqqulağı toplayıram. Eyni zamanda mənə lazım olan maddələri tapmaqda da o yardım edir. Bilirsiniz, bu işdə çox səbir, hövsələ lazımdır. Əvvəllər material qıtlığı vardı, onları tapınca, yığınca əziyyət çəkirdim, işim düz gətirməyəndə tıncıxırdım. Belə məqamlarda da həyat yoldaşım və övladlarım yanımda olur, mənə ürək-dirək verir, bacardıqları köməyi edirdilər”.
Bu gün Rəvanəgilin ailəsində 2 uşaq böyüyür. Oğlunun 9, qızının 12 yaşı var: “Qızım Zeynəb bu sahəyə həvəslidir. Amma mən maraqlıyam ki, fikrini daha çox təhsilinə versin. İstəyərəm ki, məndən fərqli olaraq, onun yaxşı təhsili və həm də ciddi işi olsun. Bu iş isə onun hobbisinə çevrilsin”.
“Dərnək açmağa imkan yaratsalar, peşəmi gənclərə öyrədərəm”
33 yaşlı Rəvanə Məmmədova 1998-ci ildə orta məktəbi bitirib. Orta məktəb illərində ağlına da gəlməzdi ki, nə vaxtsa rəssamlığa başlayacaq: “Bəlkə də o zaman mən özümdə belə istedadı kəşf etsəydim, təhsil dalınca gedərdim. Heç bu peşəni mənə öyrədəcək müəllimim də olmayıb. Dərslərimi yaxşı oxuyurdum. Amma təcrübəli müəlimim olsaydı, daha çox irəli gedə bilərdim”.
Rəvanə xanımın işlərini alanlar çox olsa da, o, ilk dəfədir ki, sərgiyə qatılıb: “Qadın təşkilatının nümayəndələri bölgələri gəzərək, belə bir sərginin olacağı barədə məlumat verdilər. Mənə də bu haqda onların nümayəndəsi olan İradə xanım dedi. Gəldilər, işimlə tanış oldular, onların şəkillərini çəkdilər, sonra da Bakıya dəvət etdilər. Ümid edirəm ki, bu sərgidən sonra mənə sifariş verənlərin sayı artacaq. Həm də istərdim ki, rayonumuzda şərait yaradalar. Məsələn, Gənclər Evində, Uşaq Yaradıcılıq mərkəzində mənə dərnək açmağa imkan yaratsalar, mən də gedib bu dərnəkdə peşəmi gənclərə öyrədərəm”.
Şərhlər bağlıdır.