Böyük şair Kür sahilinə “gəldi”
Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ümumşəhər tədbiri noyabrın 6-da Mingəçevirin Sahil parkında qeyd edilib. Bu yubiley haqda və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı ölkə başçısının sərəncamına uyğun olaraq, il ərzində şəhərin müxtəlif təşkilatlarında silsilə tədbirlər – elmi-nəzəri konfanslar təşkil olunub, dəyrimi masa ətafı müzakirələr aparılıb, Nəsiminin əsərlərindən ibarət kitab sərgiləri, rəsm və inşa müsabiqələri keçirilib.
Yekun tədbirinə İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, ictimaiyyətin nümayəndələri, tələbələr, ümumtəhsil məktəblərinin müəllim və şagirdləri qatılıblar. Kür sahilində baş tutan yubiley tədbirində ali və orta məktəblər, uşaq bağçaları, Uşaq-Gənclər İnkişaf Mərkəzi və mədəniyyət ocaqlarının kollektivləri ədəbi-bədii kompozisiyalarını və böyük şairin qəzəllərini, Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbinin “üçlüyü” muğam parçalarını təqdim ediblər. Eyni zamanda məktəblilərin əl işləri və rəsm nümunələri nümayiş etdirilib. Mərkəzləşdirilmiş kitabxana sisteminin sərgilədiyi kitablar da Nəsimi yaradıcılığını vərəqləyənlərə yardımçı olub.
Yubiley tədbirində diqqətə çatdırılıb ki, Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şairi İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində ciddi əhəmiyyətə malikdir. Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubovun dediyi kimi, hər kəs söz ustadına öz ehtiramını və sevgisini bəyan etmək üçün yubiley tədbirinə fəal iştirakı ilə önəmli töhfə verib: “Kollektivimiz də tədbirin ümumi ab-havasına dəyərli məzmun və xoş ovqat qatıb. Tələbələrin əl işlərindən ibarət 100-ə yaxın sənət nümunəsi və müxtəlif formalı əl işləri nümayiş olunub. Guşə izləyiciləri Nəsimi ömrünü və yaradıcılığını vəsf edən tablolardan və əl işi nümunələrindən zəngin təəssüratlar alıb. Eyni zamanda tədbir boyu kollec tələbə özfəaliyyət qrupu fəalları tərəfindən təqdim olunan poetik nümunələr və ifa olunan musiqi nömrələri hər kəsin qəlbində əsl yubiley-bayram ovqatı yaradıb”.
Şərhlər bağlıdır.