Bələdiyyə

Azərbaycanda Bələdiyyə Seçkiləri – 2019

Azərbaycanda ilk dəfə bələdiyyə institutu yaradılanda, Zəif Mer – Güclü Şura modelinin tətbiqi nəzərdə tutulsa da, praktikada Zəif Şura – Güclü Mer modeli formalaşdı

mi-news.az 2019-cu ildə Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı “Uluçay” “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzinin hazırladığı siyasi icmalı təqdim edir.

XÜLASƏ

Bələdiyyələr Qanunla müəyyən edilmiş ərazi hüdudları daxilndə, seçkili, yerli özünüidarəetmə forması kimi və bərabərlik əsasında fəaliyyət göstərir. Ölkəmizdə 12 dekabr 1999-cu ildə keçirilmiş ilk bələdiyyə seçkiləri nəticəsində 2700 bələdiyyə yaradılmışdır. Sonradan 1094 bələdiyyə digərləri ilə birləşdirilmiş, nəticədə 1606 bələdiyyə qalmışdır və həmin bələdiyyələrdə üzvlərin sayı 15156 nəfərdir. Əslində bu da çoxdur, belə ki, bir-birinə yaxın olan kiçik kənd bələdiyyələrini birləşdirilməklə, onların sayının bir qədər də azaldıması, iqtisadi və sosial dayanıqlılıq və davamlılıq baxımdan rentabelli olardı.
Azərbaycanda bələdiyyə seçkiləri hər beş ildən bir keçirilir və növbəti bələdiyyə seçkilərinin keçirilməsi 23 dekabr 2019-cu il tarixə planlaşdırılmışdır.
Xarici təcrübələrə nəzər salsaq, dünyada yerli özünüidarəetmə orqanlarının 5 struktur modeli mövcuddur. Bunlar:
Ölkəmizdə ilk dəfə bələdiyyə institutu yaradılanda, Zəif Mer – Güclü Şura modelinin tətbiqi nəzərdə tutulsa da, praktikada Zəif Şura – Güclü Mer modeli formalaşdı.
 
Qeyd etdiyimiz modelin formalaşması nəticəsində yaranan indiki real vəziyyət belədir ki, bələdiyyələrin öz mülkiyyəti və büdcəsi olsa da, səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll etmək imkanlarına malik deyillər. Bələdiyyələrə Qanunla təsdiq edilmiş müəyyən səlahiyyətlər verilsə də, onlar yerli icra strukturlarından asılı vəziyyətdə olmaqla, səlahiyyətləri müəyyən çərçivədə tənzimlənir və nəzarətdə saxlanılır. Faktiki olaraq, bələdiyyələr icra hakimiyyətinin icazəsi olmadan heç bir hərəkət edə bilmirlər. Vahid bir nəzarət sisteminin olması məğbul sayılsa da, məhdudlaşdırıcı tədbirlər, onların sərbəst qərar qəbul etməsinə və fəaliyyətini normal qurmasına mənfi təsir göstərir.
Belə vəziyyətin yaranmasına münasibət bildirən bəzi ekspertlər isə bu qənaətdədir ki, ölkəmiz Avropa qurumları qarşısında götürdüyü öhdəliklərə görə bələdiyyələri formal olaraq yaratmış və bir çox hallarda bələdiyyə sədrinin və üzvlərinin kimlərdən formalaşacağını yerli hakimiyyət orqanları müəyyənləşdirir.

PROBLEMLƏR

Aparılan tədqiqatlar göstərir ki, növbəti bələdiyyə seçkiləri ilə bağlı yerli əhalinin əhəmiyyətli hissəsi bu seçkilərlə maraqlanmır. Bunun da əsas səbəbi, yerli bələdiyyələrin yarıtmaz və səriştəsiz fəaliyyətləri nəticəsində öz nüfuzlarını itirməsidir. Bələdiyyələr anlamalıdırlar ki, əgər hakimiyyət bu qurumun həm dövlət büdcəsi və həm də əhali üçün əlavə bir yük mənbəyi kimi ləğvini gündəmə gətirsə, bu təklif yerlərdə əhalinin böyük qismi tərəfindən dəstəklənəcəkdir. Təbii ki, hökümətin götürdüyü öhdəliklərə görə bələdiyyələrin bir institut kimi ləğvi nəzərdə tutulmadığı üçün, bu qurumun hansısa bir formada yenə də fəaliyyətinin davam etdirilməsi zəruridir.
 
Regionumuzdakı bələdiyyələrin bir institut kimi inkişafına mane olan səbəbləri bir daha nəzərdən keçirək:
  • Seçkilər sönük və qeyri-şəffaf keçirilir. Əvvəllər küçələri dolduran bannerlər, namizədlərin məhəllə görüşləri, yerli KİV və TV-lərdə bununla bağlı aparılan diskussiyalar, debatlar və s., seçkilərlə maraqlanmayan insanlarda da dönüş yaradırdı və onlar layiqli namizədləri dəstəkləmək üçün seçkilərdə iştirak etməyi özlərinin vətəndaşlıq borcu sayırdılar. İlk bələdiyyə seçkilərində bu aktivlik normal səviyyədə idi. Hal-hazırda keçirlən seçkilərdə bu məsələlərin diqqətdən kənarda qalması insanlarda qeyri-müəyyənlik yaradıb və prosesin gedişindən məmnun görünmürlər.
  • Bələdiyyələrin qeyri – şəffaf və qeyri – konstruktiv fəaliyyəti əhalidə onlara qarşı inamı azaldıb. Çünki, onlar icma əhalisinin sosial problemlərinə əhəmiyyətli bir dəstək verə bilmirlər və xalqla təmasları aşağı səviyyədədir. Ona görə də, yerli əhali bu qurumu ancaq torpaq satan idarə kimi xarakterizə edir.
  • Bələdiyyə ərazisində yaşayan əhalinin rifahının yaxşılaşdırılmasına bu qurumun təsiri hiss olunmur.
  • Vətəndaşlar qarşısında hesabatlılıq təmin edilmir və xərclənmiş vəsaitə görə əhaliyə mütəmadi məlumatlar verilmir.
  • Bələdiyyə ərazisində, bələdiyyələrə məxsus dayanıqlı gəlir gətirən sahələr çox azdır.
  • Bələdiyyə institutu barədə anlayışı, düşüncəsi və innovativ yanaşmaları olmayan, tutduğu vəzifənin məsuliyyətini anlamayan, məsul olduğu sahənin inkişafını ön planda görməyən insanların seçkilərdə bələdiyyələrə seçilməsinin dəstəklənməsi də, bu quruma olan inamsızlığa təkan verən əsas faktorlardan biridir.
  • Administrativ işlər/planlaşdırma prosesi professional səviyyədə aparılmır və fəaliyyət planlarında uyğunsuzluqlar çoxdur.
  • Maraqlı tərəflərə hesabatlar təqdim edilmir və digər təşkilatlarla əməkdaşlıq əlaqələri, ancaq yuxarıdan verilən göstərişlər əsasında qurulur.
  • Bələdiyyələrin müxtəlif mənbələrdən topladıqları vəsaitlər, eləcə də, dövlət tərəfindən ayrılan subsidiyalar səmərəsiz xərclənir. Bu vəsaitlərin əksər hissəsi (təqribən 53-55%-i) həmin qurumların aparatının saxlanmasına və digər xərclər adıyla (17,5%) lüzumsuz yerlərə xərclənir.
  • Sosial-iqtisadi məsələlərə dair qərarların qəbul olunmasında şəffaflıq olmadığından, əhalinin bu prosesə təsir etmək imkanları məhduddur.
  • Normal hüquqi aktlar olsa da, bələdiyyələrin çoxu minimal resurslar çərçivəsində belə işlərini qura bilmirlər. Bu onunla bağlıdır ki, bələdiyyəyə rəhbərlik edənlərin və üzvlərinin əksəriyyətinin müasir idarəetmə təcrübəsi, eləcə də, novatorluğu yoxdur.
  • Kağız üzərində kifayət qədər səlahiyyətləri olmalarına baxmayaraq, yeniliklərə açıq deyillər. Bunun nəticəsidir ki, bələdiyyələrdə aktiv fəaliyyət və innovativ yanaşma yoxdur, vəziyyəti stabilləşdirmək və uğur əldə etmək üçün heç bir cəhd göstərilmir.
  • Digər və bəlkə də ən əsas səbəblərdən biri bələddiyyələrin maliyyə dayanıqlığı ilə əlaqəlidir. Bələdiyyələrin gəlir və xərcləri ilə bağlı statistik göstəricilərə baxanda belə qənaətə gəlmək olur ki, əgər bələdiyyələrin torpaq satışından əldə etdikləri mənfəət olmasa, bu halda bütün bələdiyyələr öz aparatını belə saxlamaq iqtidarında deyillər (əslində bu qurumda çalışan insanların sayı da hədsiz çoxdur). Təbii ki, bu sahədən əldə edilən gəlir bir vaxtlardan sonra olmayacaq, yəni torpaq sahələri sonsuz deyildir və bu gəlir mənbəyi tükənmək üzrədir.

MALİYYƏ

Bələdiyyələrin gəlir və xərclərinin tətqiqatı, bir daha yuxarıda qeyd edilən probblemlərlə bağlı proqnozumuzun təsdiqini özündə əks etdirir. Biz araşdırmamızda region üzrə ancaq Şəki rayonunda fəaliyyət göstərən bələdiyyələri əhatə etməklə, ümumi mənzərəni diqqətə çatdırmağa çalışmışıq.
Statistikaya görə Şəki rayonunda 40 bələdiyyə fəaliyyət göstərir. Onlardan ən böyüyü Şəki Şəhər Bələdiyyəsi, qalanları isə kənd və qəsəbə bələdiyyələridir. Onların 2018-ci ildə əldə etdikləri maliyyə vəsaitinin həcmi 1,637,000 manat olub. 2017-ci illə müqayisədə 31% artım olmuşdur (bu yaxşı göstərici sayılmalıdır, ancaq bu artım bütün bələdiyyələr üzrə, yenə də torpaq satışınıdan əldə edilən vəsaitlə bağlıdır).
Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close