“Bölgələrdə mətbuatın vəziyyəti ürəkaçan deyil”
Hər bir millətin, dövlətin inkişafında, formalaşmasında onun mətbuatının böyük rolu var. Elə bu səbəbdən mətbuat “xalqın görən gözü”, “danışan dili”, “insanların ruhunu təzələyən səhər mehi” kimi xarakterizə olunur.
Bizim mətbuat tariximiz “Əkinçi\” ilə başlayır. Düz 138 ildir ki, Həsən bəy Zərdabinin saldığı bu yol davam edir. Fərq isə müqayisəolunmazdır. Bu gün Azərbaycanda qəzet açmaq, istədiyini yazmaq, demək nə qədər asandır. Hələ üstəlik dövlət tərəfindən mətbuata diqqət və qayğı da var. Bir sözlə, mətbuatımız bu gün özünün yeni inkişaf mərhələsini yaşayır.
Mətbuat günü ərəfəsində \”Mingəçevir işıqları\” qəzetinin baş redaktoru, mi-news.az xəbər portalının rəhbəri, “Qızıl qələm”, “Həsən bəy Zərdabi” mükafatları laureatı, Əməkdar jurnalist Fərman Nəbiyevlə həmsöhbət olduq və ona bir neçə sualla müraciət etdik.
“Fikrimcə, 1875-ci il iyulun 22-si Azərbaycan xalqının, cəmiyyətinin həyatında mühüm bir dəyişiklik və intibah dövrünün başlanğıcı oldu\”, – sözləri ilə ilk sualımızı cavablandıran Fərman müəllim dedi ki, bu, sonradan maarifçilik ideyalarının genişlənməsinə böyük təkan verdi: \”Başqa sözlə desək, Azərbaycan xalqının dünyagörüşünün formalaşmasında, Zərdabi ənənələrinin davam etdirilməsində mətbuatın böyük rolu olub. Bizdə artıq milli mətbuat formalaşıb, bu gün mətbuatımız yeni bir inkişaf mərhələsindədir. Onu da deyim ki, mətbuatımız bu günün səviyyəsinə çıxmaq üçün keşməkəşli yollar keçib. Senzuranın ləğvi, Mətbuat Şurasının, eləcə də Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması mətbuatı müəyyən çətinlikdən çıxarmaqda müəyyən rol oynadı. Lakin bir məqamı da vurğulayım ki, mətbuatımız bu gün təsadüfi adamlardan da xali deyil. Elə bu amil bəzən mətbuata olan inamı bir qədər azaldır. Bu mənada mətbuatımız Həsən bəy Zərdabinin ənənələrini yaşadan istedadlı, vətənpərvər jurnalistlərin sayəsində öz sözünü deyir”.
Daha sonra mətbuatımızın bölgələrdəki vəziyyətindən söz açan Fərman müəllim öz gileyini də gizlətmədi. Dedi ki, paytaxtdan – Bakıdan fərqli olaraq, bölgələrdə mətbuatın vəziyyəti heç də ürəkaçan deyil: \”Bölgələrdəki mətbuatın reklam bazarı, demək olar ki, yox dərəcəsindədir. Müşahidələrimə əsasən deyə bilərəm ki, reklamlar sifarişlə verilr. Ozü də reklamlar elə qəzetlərə verilir ki, onların kifayət qədər auditoriyası belə yoxdur. Bəzən də süni manelər yaradılır. Məsələn, bu yaxınlarda bizim qəzetimidə bir nəfər attestatının itməsi ilə bağlı elan yerləşdirmək istəyirdi. Amma sonradan həmin şəxsə deyiblər ki, bəs elanı yalnız təhsillə bağlı qəzetdə verməlidir. Bu cəfəng iddia ilə çıxış edənlərə öz iradımı bildirəndə mənə, necə deyərlər, nağıl danışırlar. Yəni onu demək istəyirəm ki, bu kimi məsələlər kimlərinsə nəzarəti altındadır”.
Müsahibimizin sözlərinə görə, təhsil dalınca paytaxta üz tutmuş gənclərin əksəriyyəti öz döğma ocaqlarına qayıtmaq istəmirlər: \”Nə gizlədim, hətta bizdən jurnalistikanın əlifbasını öyrənənlər belə redaksiyadan qaçırlar. Təbii ki, bunun da əsas səbəblərindən biri maaşın az olmasıdır. Bu da son anda kadr çatışmazlığı ilə nəticələnir”.
“Hazırda regionda qalıb, fəaliyyət göstərmək, sözün həqiqi mənasında, qəhrəmanlıqdır\”, – sözləri ilə söhbətini davam etdirən Fərman müəllimin sözlərinə görə, bu gün bölgə mətbuatı kifayət qədər azad deyil: \”Hətta mən deyərdim ki, respublikamızın bölgələrində 3-4 müstəqil qəzət fəaliyyət göstərir”.
Fərman müəllimin fikrincə, hər bir qəzet obyektiv olmalı, vətəndaşları narahat edən problemlərə dərhal reaksiya verməlidir: “Lakin həmkarlarım nədənsə bu kimi məsələlərdən söz açmaqdan ehtiyatlanırlar. Bəzən elə olur ki, kifayət qədər problemli yazılar qulaqardına vurulur. Yəni əksər məmurlar qaldıran problemlə maraqlanmırlar. Elə isə bu mətbuat niyə lazımdır? İnsafən, son illər bölgələrdə çox işlər, çox layihələr həyata keçirilir. Təbii ki, bütün bunlar da bölgə mətbuatında öz əksini tapır. Amma hərdən həmin qəzetin səhifələrində bir tənqidi yazının olmasının nəyi pisdir ki?”
Kənd yerlərində qəzet köşklərinin olmamasını vurğulayan müsahibimiz qeyd etdi ki, sovet dönəmində poçt vasitəsi ilə evlərə, müəssisələrə qəzetlər çatdırılardı. Lakin indi bu iş mətbuat yayımına həvalə olunub ki, bu qurum da işinin öhdəsindən gələ bilmir: \”Şəhərlərdə də köşklər azdır, elə bu səbəbdən insanlar informasiyanı qəzetlərdən deyil, internet portallarından almağa üstünlük verirlər. Lakin mənim fikrimcə, heç bir portal qəzet qədər effektli ola bilməz\”.
Uşaq mətbuatının vəziyyəti ilə bağlı sualımıza müsahibimiz belə cavab verdi: “Əvvəla deyim ki, bu aləmdə fəaliyyətdə olan bir neçə qəzet və jurnal var. Mənim zənnimcə, qəzetə, jurnala maraq ailədən, bağcadan, məktəbdən başlamalıdır. Çox təəssüf ki, bizim uşaq bağçalarında, məktəblərdə bununla bağlı maarifləndirici tədbirlər həyata keçirilmir. Bir məsələyə də toxunmaq istəyirəm. Hesab edirəm ki, bu gün Azərbaycanda uşaq ədəbiyyatına çox böyük ehtiyac var”.
Şərhlər bağlıdır.