Bizi Şuşaya bağlayan tellər
Atam Şuşanın işğalına dözə bilməzdi…
İyul və avqust ayları Mingəçevirdə qaynar hava üzündən küçəyə çıxmaq olmurdu. Atam da yayı Şuşada keçirməyə qərarlı idi. Anam deyirdi ki, a kişi, ağlın əvvəlki vaxtlara getməsin, indi Qarabağ bölgəsi çox təhlükəlidir: “Özün bir yana, uşaqları da aparıb bədbəxt eləyərsən”.
Atam məni ilk dəfə özüylə Şuşaya aparanda 3-cü sinfi təzəcə bitirmişdim, on yaşım vardı. Bir müddət dostunun evində qaldım. Sonrakı illərdə yay tətilimi davamlı olaraq Şəkidəki pionerlər düşərgəsində keçirdim. 1974-cü ildə atam sanatoriyaya gələndə məni və xalaoğlum Musanı da putyovka ilə pioner düşərgəsinə gətirmişdi. Arada gəlib bizi Cıdır düzünə, İsa bulağına aparardı. Yay aylarında həmin ərazilər qələbəlik olurdu. Manqallardan tüstülər qalxır, aşıq havaları dağlar boyunca yayılırdı. Mən də tar sinfinə getdiyimdən atam aşıqlardan birinə xahiş etdi ki, sazını mənə versin, görsün bu alətdə də nə isə ifa etməyi bacarırammı… Həmin anı da fotokamerasının yaddaşına köçürdü.
92-ci ilin aprelində atam dünyasını dəyişəndə 64 yaşı vardı və onun hər il həm istirahətə getdiyi, həm də foto çəkib pul qazandığı Şuşa işğal altına düşməmişdi. İçimdəki bir səs mənə deyir ki, o zaman sağ qalsaydı da, Şuşa düşmən tapdağı altına keçəndən sonra dözə bilməyəcəkdi…
Kiçik avtobusla böyük ürək sahibləri Şuşaya yollandı
Əksər dost-tanışlarım açıqca etiraf edirlər ki, Şuşaya səfər üçün yollar axtarıb, müxtəlif kanallara müraciətlər göndəriblər. Mən isə düşünürdüm ki, şuşalıların daha çox haqqı çatır, imkan düşəndə məni də çağırarlar. Və yeni il ərəfəsində QHT Agentliyindən, Elnur Bağırlıdan dəvət gəldi.
Dekabrın 29-da səhərin gözü açılmamış bizi Bayıldan, Su İdman Sarayının qarşısından götürən mikroavtobusa minəndə yol yoldaşlarımın əksəriyyətini tanımırdım. Amma bir azdan Sevda xanım buzu əritdi. O, buterbrodlar hazırlayaraq, hamımızı səhər yeməyinə dəvət etdi. Öyrəndim ki, BDU-da dərs verən bu xanım Mirzə Ələkbər Sabirin nəvəsi, bizim jurnalist həmkarımız Gündüz Tahirlinin bacısıdır. Dedi ki, Gündüz ABŞ-da yaşayır, bizneslə məşğuldur, eyni zamanda United Charities for Azerbaijan adlı Xeyriyyə Fondu yaradıb. Avtobusdakı ziyarətçilərlə maraqlı söhbətlər Şuşaya çatanadək altı saatlıq vaxtın necə keçdiyini hiss etməyə imkan vermədi. 30 illik həsrətdən sonra Şuşaya səfər dünyanın yeddi möcüzəsini görməkdən də irəli imiş.
Bu qayalara artıq düşmənin əli çatası, ünü yetəsi deyil
Yolboyu binaları yerlə yeksan edilmiş torpaqlarda addımbaşı mina təhlükəsi ilə bağlı xəbərdarlıqlarla qarşılaşırıq. Əslində ikinci Qarabağ savaşına qədər düşmən tərəfi daş üstə daş qoymamış, üstəlik 2020-ci ilin sentyabr-noyabr aylarında geri çəkilərkən hara gəldi piyada və tank əleyhinə minaları basdırmağı da “unutmamışdı”. Amma bəzi ərazilərin silah-sursatdan təmizləndiyi və hətta əklidiyinin də şahidi oluruq. Torpağın sahibi qayıtdığı kimi onu becərməyə də başlayıb.
Şuşada hər addımbaşı qeyrətimizin rəmzinə çevrilən əsgərlərimizlə qarşılaşırıq. Bu da başa düşüləndir. Şuşa qalasını göz bəbəyimiz kimi qorumalıyıq. 30 il qabaqkı xəta bizə dərs olub və indidən sonra Pənahəli xanın yurdunda çaqqallar ulamayacaq. Cıdır düzünə, Şuşa qalasına, qartalların sığındığı qayalara artıq düşmənin əli çatası, ünü yetəsi deyil.
Səfərə gələnlər qürurla bu yüksək zirvədə bayrağımızı dalğalandırır, musiqi beşiyimizdə yenidən dilə gələn tarın müşayiətilə muğamlarımızın sehrinə dalırlar. Balaca bir uşaq isə hələ əriməmiş qar dənəciklərindən Şaxta babalar hazırlayır.
Heykəllər dil açıb, düşmənin vəhşilkilərinə şahidlik edir
Bu gün dünya liderləri bəyan edirlər ki, hətta müharibə bölgələrində də ziyarət yerlərinin, abidələrin dağıdılmasına yol verilməməlidir. Amma biz 270 yaşlı Şuşada tariximizi saxtalaşdırmaq məqsədilə erməni vandallarının törətdikləri cinayətlərə göz yumulduğunun şahidi oluruq. İş o yerə çatıb ki, heykəllərimizi də güllələməkdən çəkinməyiblər. Xurşudbanu Natəvan, Üzeyir Hacıbəyov və Bülbülün indi açıq hava şəraitində nümayiş etdirilən büstləri dil açıb, düşmənin vəhşiliklərinə şahidlik edir.
Qədim şəhərimizdə dağıntılara məruz qalan tikililər də az deyil.
Qədim şəhər yenidən tikilir, bərpa olunur
Zəfər yolu ilə iri maşınların ağır yükləri daşıdığının şahidi oluruq. Şəhərin içində isə yeni tikililər inşa olunur, köhnələrin bərpası davam etdirilir. Təbii ki, işlər çoxdur. Amma qalib xalqın övladları çətinliklərə sinə gərməyi bacarırlar.
Ölkə başçısının sərəncamı ilə Şuşa ili elan olunan 2022-ci ildə bu şəhərdə saysız-hesabsız uğurlara imza atacağımız və gözəllikləri izləyəcəyimiz günlər uzaqda deyil.Molla Pənah Vaqifin Məqbərəsi, Bülbülün Ev Muzeyi, Yuxarı Gövhər Ağa Məscidi qısa müddətdə aparılan bərpa prosesindən sonra Azərbaycanın müxtəlif bölgələrindən, yaxın və uzaq ölkələrdən gələn saysız-hesabsız ziyarətçiləri böyük həvəslə qəbul edir. Gəncliyindən qocalana kimi bu günü gözləyən insanların Şuşa məscidində dəstəmaz alıb, namaz qıldığını görəndə başa düşürsən ki, azərbaycanlıların inamını qırmaq istəyənlərin cəhdləri əbəsdir.
Şuşada ticarət və iaşə xidməti göstərən obyektlərin açılışı da sevindiricidir. “Qoç-ət” restoranında qonaqlarına Bakıdakından da yüksək xidmət göstərməyə çalışırlar. Qala çörəyini almaq istəyənlər isə hətta növbəyə durmalı olur. QHT nümayəndəsi Dilarə xanım evinə aldığı çörəklə küçədəki pişikləri də yedizdirməyə həvəs göstərir.
8 mayın üzərindən qara xətt götürüldüyü üçün qızım iki qat xoşbəxtdir
Uşaqlıq dostum Elşən İbrahimlinin oğlu, Qarabağ döyüşçüsü Namiqlə Beyləqandan Mingəçevirə uzanan yeni yolla geriyə qayıdıram (O, öz maşını ilə gəlib, burada qrupa qoşulmuşdu). Hər tərəfi duman bürüyüb, sürücünün diqqəti asfaltın üzərində uzanan ağ və sarı xətlərə dikilib. Mən isə 90-cı illərdə Şuşanın itkisi ilə bağlı ailəmin uzun illər üzləşdiyi sarsıntıları xatırlayıram. Bu şəhər işğal olunanda kiçik qızım Günelin cəmi bir yaşı vardı. Özünü dərk edəndən mayın 8-də doğulmağından utanır, ad gününü bir nisgillə qeyd edirdi. Şuşa azad olunan günü isə kiçik bir yazı paylaşmışdı:
“Böyük bacımın və kiçik qardaşımın ad günlərində evimizdə şadyanalıq olurdu. Hamımız TV kanallarında konsert proqramlarını izləyib, doyunca əylənirdik. 8 may isə… Mən uşaq marağı ilə tv-də əyləncəli verilişlər axtarırdım. Amma hara çevirirdimsə, ah-fəğan eşidir, göz yaşı görürdüm. Mayın 8-də həyata gəldiyimə görə açıqca üsyan edib ağlayırdım. Amma indi 8 rəqəmi həyatımın rəmzinə çevrilib. Noyabrın 8-dəki Zəfər günündən sonra mayın 8-i üzərindən də qara xətt götürülüb. Bilsəniz ki, mən nə qədər xoşbəxtəm…”
Şərhlər bağlıdır.