Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Rektor Şahin Bayramov imtahan sessiyasının başlanması münasibətilə uğurlar diləyib

97

Mingəçevir Dövlət Universitetinin (MDU) əziz tələbə və magistrantları!

2022-ci ilin 5 yanvar tarixində MDU-da 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına start verilir.

Hər birinizə imtahanlarda uğurlar diləyir, yüksək nəticələr göstərməklə müəllimlərinizi və valideynlərinizi sevindirməyi arzulayıram.

Dəyərli professor-müəllim heyətimiz tərəfindən tədris olunan fənlər üzrə əldə etdiyiniz bilik və bacarıqların qiymətləndirilməsi prosesinin şəffaf, obyektiv və mütəşəkkil qaydada keçirilməsi üçün zəruri olan bütün hazırlıq işləri başa çatdırılıb.

İmtahan sessiyası mövcud qanunvericiliyin və Azərbaycan Respublikasının Təhsil nazirinin cari imtahan sessiyasının təşkili barədə müvafiq əmrinin tələbləri əsasında əyani şəkildə, şifahi formada keçiriləcəkdir.

Sessiya müddətində İmtahan Qərargahı, Qaynar Xətt, İmtahanlara Dəstək Qrupu və Apellyasiya Komissiyası fəaliyyət göstərəcəkdir.

Həssas yanaşmanın tətbiq ediləcəyi imtahanlarda valideynlərin, ictimaiyyət nümayəndələrinin və MDU İctimai Nəzarət Şurasının üzvlərinin fəal iştirakı təmin olunacaqdır.

Sessiya dövründə gündəlik əsasda keçiriləcək fərdi qəbullardan əlavə, hər həftənin cümə axşamı günü saat 15:00-da rektorun iştirakı ilə “Açıq Qapı” Günü təşkil ediləcəkdir.

Əziz tələbələr!

İmtahanlarda müvəffəq nəticələr qazanacağınıza inanıram.

Bir daha, hər birinizə imtahanlarda uğurlar arzulayıram!

Şərhlər bağlıdır.