Təhsil alan və təhsil verənləri kim qoruyur?
Mingəçevirdəki 13 saylı məktəbin təlim-tərbiyə üzrə direktor müavini Yeganə Kərimova təhsil müəssisələrində mühafizə sisteminin qurulmasının tərəfdarı olsa da düşünür ki, bu, həm də insanları təşvişə sala bilər: “Məktəbimizdə xüsusi mühafizə üçün heç kəs cəlb olunmayıb. Ancaq məktəbin təşkil etdiyi gözətçilər var ki, onlar 7/24 rejimində məktəbə nəzarət edirlər.”
Övladı 6-cı sinifdə oxuyan Rəvanə Baxışova isə deyir ki, məktəblərdə güclü mühafizə sisteminin qurulması vacibdir: “Son illər eşidirik ki, məktəblərə də terror hücumları baş verir. Qorunmayan məktəblərimizin belə hadisələrlə üzləşməyəcəyinə kim zəmanət verə bilər? Gətirib qapıda bir nəfəri gözətçi kimi otuzdurmaqla özümüzü aldatmırıqmı? Təhsil ocaqlarının mühafizəsinə xüsusi təlim keçmiş şəxslər cəlb olunmalıdır.”
Vlideyni Firəngiz İbrahimova Rəvanə Baxışovanın fikirləri razılaşır. O, yaxın zamanda mühafizə sisteminin təşkili ilə bağlı aidiyyatı qurumlara müraciət edəcəklərini deyir və bildirir ki, hər kəs uşağını mühafizə olunan məktəbə göndərmək istəyir.
Mingəçevir Şəhər Texniki Humanitar liseyin tərbiyə işləri üzrə direktor müavini Svetlana Hacıyeva problemin maliyyə ilə bağlı olduğu qənaətindədir: “Məktəbimizdə siqnalizasiya sistemləri mövcuddur. Amma daimi mühafizənin təşkili üçün müəyyən yollar axtarır və vəsait cəlb etməyə çalışırıq.”
Mingəçevir Şəhər Təhsil Şöbəsinin nümayəndəsi Qorxmaz Abbaszadə hazırda müəyyən proqram üzrə mühafizə sistemlərinin təşkili üçün tədbirlər görüldüyünü diqqətə çatdırır. Onun sözlərinə görə, əgər bir məktəb mühafizə sisteminin təşkilini istəyirsə, məktəb rəhbərliyi bu barədə müvafiq yerlərə müraciət etməlidir: “Nazirlər Kabinetinin 26 may 1996-cu il tarixli 59 nömrəli qərarında ştat cədvəlinə əsasən hər bir məktəb istirahət və bayram günlərində gözətçilərlə təmin edilir. Məktəblərin mühafizəsi üçün isə tabeçilik qaydalarına əsasən təhsil müəssisəsi direktorunun məktubla müraciəti üzrə müəyyən tədbirlər görmək mümkündür”.
Bəs təhsil müəssisələrinin rəhbərləri məsələ ilə bağlı Mingəçevir Şəhər Mühafizə şöbəsinə müraciət ediblərmi? Şöbədən bu sualımıza cavab ala bilmədik. Mühafizə əməkdaşlarından biri isə cavabı qurumun tabeliyində olduğu Daxili İşlər Nazirliyindən ala biləcəyimizi dedi.
Şərhlər bağlıdır.