Daha adını da tutmağa haqqımız yoxdur. Bir vaxtlar, dünyanın düz vaxtında – ISA BULAĞINDAN su içib sinəndə – CIDIR DÜZÜNDƏ süfrə açdığımız anları xatırlayanda xəcalətdən başımızı soxmağa yer tapmırıq. Özümüzə nifrət etməkdən savayı, əlimizdən heç nə gəlmir; burnumuzdan gəlsin ağuşunda kəsdiyimiz duz-çörək ki, itirdik onu, kişiliyimiz çatmadı sənə sipər olmağa. “TACLI GƏLIN” sayırdıq səni. 200 milyonluq türkün gəlini. Qeyrətimiz necə yol verdi gəlinimizi düşmən əlində qoymağa? Gözümüz görə-görə, qulağımız eşidə-eşidə təcavüz edirlər sənə. Kor olaydıq, kar olaydıq kaş!
“ALINMAZ QALA” deyirdilər adına. Axı gərək qoruyardıq ki, alınmaz qalaydın. Tikənlər qorudular, arxanda daldalanan bizlərsə satdıq. PƏNAH XANIN, VAQIFIN, NƏVVABIN, NATƏVANIN, ÜZEYIR BƏYIN…, əjdadlarımızın ruhları rahat buraxmayacaq bizi. Nə yaman nankor övlad olduq, ILAHI! Babalarımızın məğrur heykəlləri nişangaha çevrilib, müqəddəs abidələrimiz, qəbiristanlıqlarımız, məscidlərimiz murdarlanıb. Səni siyasət bazarında hərraca qoydular. Çoxdan, yarandığın gündən sənə gözlərini dikmişdilər, iştah dişlərini itiləmişdilər. Həmişə də xain gözlər ovulmuş, dişlər vurulub tökülmüşdü. Bu dəfə qoruya bilmədik səni. Bəlkə də qorumaq istəmədik…
Necə millətik – özümüz də bilmirik. Bir vaxtlar ətəyindəki meşədən düşmən ağac kəsərkən yas tutduq, haray saldıq, dünyanı lərzəyə gətirdik. Düşmən qorxdu bizdən, geri çəkildi. Indi insanların qırılır, özün tarmar olursan, biganə qarşılayırıq. Dünya mat qalır bizə, düşmən ayaq açır üstümüzə.
Əminəm ki, geri alacağıq səni. Amma tapdanmış, zorlanmış halda. Vicdanımızdakı qara ləkəni ömrümüz boyu yuya bilməyəcəyik. Varislərimiz bizi nifrətlə yad edəcəklər. Heç kəs də özünü təmizə çıxarmağa cəhd göstərməsin. Hamımız günahkarıq yanında.
Müqəddəs adın önündə başı aşağıyıq. Bağışlama qeyrətsiz övladlarını, ŞUŞA!!!
Mingəçevir, 19 may 1992-ci il, “Səda” qəzeti
Şərhlər bağlıdır.