Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bizi Avropaya aparan yollar

Avropa İttifaqı Azərbaycanla demokratiya, insan hüquqları və fundamental azadlıqlara əsaslanan yeni iddialı və hərtərəfli bir saziş bağlamaq niyyətindədir

Avropa yaşamına yaxınlaşmaq üçün bir addımlıqda idik…

Azərbaycan liderləri dövlətimizin Avropa İttifaqı ilə əməkdaşlıq və Avropaya inteqrasiya kursunu tutduğunu həmişə bəyan edirlər. Son 12 ildə Azərbaycan Aİ ilə “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq edir. Bu proqramda Aİ-nin altı qonşu ölkəsi – Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan birləşir. Bundan daha əvvəl, 1999-cu ildə Azərbaycan Avropa İttifaqı ilə tərəfdaşlıq və əməkdaşlıq haqda saziş imzalayıb.

“Şərq tərəfdaşlığı”nın məqsədi iştirakçı ölkələrin Avropa iqtisadiyyatına daha intensiv inteqrasiyası və həyatlarının digər aspektlərini Avropa yaşamına yaxınlaşdırmasıdır. Gürcüstan, Moldova və Ukrayna artıq strukturla çərçivə sazişi bağlayıb və bu, onlara Avropa İttifaqı ölkələri ilə vizasız rejimə imkan yaradıb. Azərbaycan da belə bir saziş bağlamalıydı. 2016-cı il iyulun 6-da müvafiq sənədlər imzalanmış, 2017-ci ilin fevralında ikitərəfli danışıqlara başlanmışdı.

Mingəçevirdə “Avropa İttifaqı Günləri”, 21 may 2019-cu il

Amma Şərq Tərəfdaşlığı Proqramının 10 illiyində də Azərbaycanla Avropa Birliyi arasında gözlənilən imzalanma reallaşmadı. Bu günə qədər ölkəmizin Aİ ilə müqavilə imzalayacağı gözlənilsə də hələ ki, bu özünü doğrultmur. Azərbaycan EaP yekun sənədinə veto da qoyub. Bəs bundan sonra ŞTP-nin gələcəyi, Azərbaycan ilə Aİ arasında münasibətlər necə olacaq?

“Xüsusi dəvət edilmiş qonaq”dan tam hüquqlu üzvə qədər

Azərbaycanın Avropaya qapısı 24 yanvar 1992-ci ildən açılmağa başlayıb. O zaman  ölkənin qanunverici orqanı “Xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət edib. 28 iyun 1996-cı ildə AŞPA-nın bürosu Azərbaycana bu statusu verib. İki həftə sonra Heydər Əliyev Avropa Şurası Baş Katibinə məktub göndərərək, Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi insan hüquqları və azadlığı haqqında Avropa Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirib. 22 aprel 1997-ci ildə AŞPA-nın yaz sessiyasında Cənubi Qafqaz münaqişələrinin həlli ilə bağlı prinsipin əks olunduğu qətnamə qəbul olunub.

Heydər Əliyev 25 yanvar 2001-ci ildə Strasburqda Avropa Şurası Parlament Assambleyasında çıxış edərkən

Az  vaxt ərzində Azərbaycanda bir sıra ciddi islahatlar aparılıb. Belə ki, ölkə 25 aprel 1997-ci ildə Avropa Mədəniyyətlər Konvensiyasına qoşulub. 3 fevral 1998-ci ildə ölüm hökmünün,  16 avqust 1998-ci ildə mətbuat üzərində senzuranın ləğv edilməsinə dair qərarlar qəbul edib.

22 may 2000-ci ildə Avropa Şurasının siyasi və insan hüquqları komitələri  “Ermənistan və Azərbaycan: Avropa Şurasının üzvlüyünə dəvət” adlı qərarını verib, Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul edilməsi üçün şərtlərini irəli sürüb. Bu şərtlərin ən birincisi ölkənin demokratik inkişafının müntəzəm şəkildə, zərurət yaranarsa, bu məqsədlə təsis edilmiş işçi qruplarının köməyi ilə işlənməsi barədə olub. Eyni zamanda Azərbaycan hökuməti bir ay ərzində seçkilərin müşahidə üzrə beynəlxalq missiya tərəfindən ilkin qeyd və yekunlar üzrə bəyanatda edilmiş tənqidlərə cavab məruzəsini təqdim etməyi, qeyd edilən saxtakarlıqlarla bağlı düzəlişlərin aparılmasını öhdəsinə götürüb. Nəhayət, 17 yanvar 2001-ci ildə Avropa Şurası Nazirlər Komitəsinin iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tam hüquqlu üzv qəbul edilməsinə dair qərar çıxarılıb.

Aİ Azərbaycanla yeni iddialı və hərtərəfli bir saziş bağlamaq istəyir

Hazırda Aİ Azərbaycanın enerji, ticarət, sərmayə və bağlantılar kimi sahələrdə əsas tərəfdaşıdır. Ötən ilin sonunda Cənub Qaz Dəhlizi tamamlanıb, Azərbaycandan ilk qazın bu dəhliz üzərindən Avropaya çatdırılması reallaşıb. Hazırda bu xəttin Qərbi Balkanlara qədər uzadılması imkanları araşdırılır. Həm də Avropa Azərbaycanda demokratiya, qanunun aliliyi, insan hüquqları və fundamental azadlıqlar, xüsusən birləşmə azadlığı, ifadə azadlığı və media azadlığı ilə bağlı çağırışlarını da davam etdirir.

 

Xarici İşlər naziri Ceyhun Bayramov və Ali nümayəndə Cosef Borel Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 17-ci iclasında

Ötən il dekabrın 18-də Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 17-ci iclasında bu və digər məsələlər müzakirəyə çıxarıldı. İclasda Aİ-Azərbaycan arasında birgə razılaşdırılmış Tərəfdaşlıq Prioritetlərinin icrası, Azərbaycanın islahat gündəliyi, Aİ-Azərbaycan arasında yeni ikitərəfli razılaşmanın perspektivləri və Ümumi Aviasiya Məkanı Sazişi ətrafındakı danışıqların gedişi,  koronavirus pandemiyası və onun təsiri, Dağlıq Qarabağ və onun ətrafında son dövrlərdə aparılmış genişmiqyaslı hərbi əməliyyatların ardınca yaranmış vəziyyət nəzərdən keçirildi. Avropanın bərpa və barışıqdakı rolu, habelə regional məsələlər hazırda diqqət mərkəzindədir. Ali nümayəndə Josep Borrellnin fikirləri ilə desək, Aİ Azərbaycanla demokratiya, insan hüquqları və fundamental azadlıqlara əsaslanan yeni iddialı və hərtərəfli bir saziş bağlamaq istəyir: “Bu, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə, ticarət əlaqələrimizin inkişaf etməsinə və əməkdaşlığımızın hüdudlarını daha da genişləndirməyimizə kömək edəcək”.

Azərbaycanda sahibkarlığın inkişafı prioritet istiqamətlərdəndir

Aİ-nin Azərbaycana yardımı Tərəfdaşlıq Prioritetlərində göstərilən siyasət hədəflərini dəstəkləyir, Azərbaycan vətəndaşlarının həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq məqsədi daşıyır. Bu yardım dövlətə birbaşa maliyyə dəstəyi, texniki yardım layihələri, vətəndaş cəmiyyətinə ayrılmış qrantlar və ya Erasmus+ kimi Aİ proqramlarına çıxışın əldə edilməsi şəklində gerçəkləşdirilir.

Fevral ayında Avropa İttifaqı Azərbaycanda həyata keçirilən 131 Aİ layihəsi barədə ətraflı məlumat verən yeni bir veb səhifəsinin təqdimatını keçirdi. Bu layihələrin adlarını çəksək, böyük siyahı alınar. Onlar həyatımızın müxtəlif sahələrini əhatə edir.

Oğuzda Aidə Behbudova, Zaqatalada Rəfael Sulxayev və başqaları Avropa İttifaqının dəstəyilə kiçik bizneslərini böyük biznesə çevirmək arzusundadırlar

Layihələrin böyük hissəsi uzun illər diqqətdən kənarda qalan kəndlərimizin inkişafına və yerli əhalinin sahibkarlıq imkanlarının genişləndirilməsinə xidmət edir. Məsələn, Kənd Yerləri və Regionların İnkişafına Dəstək (KYRİD) proqramının icrasına texniki yardım,  Daşkəsən, Goranboy və Samux rayonlarında aztəminatlı kənd ailələrinin sosial-iqtisadi vəziyyətinin gücləndirilməsi və inkişafı, Gəncə – Qazax İqtisadi Rayonunda Yerli və Regional İnkişafa Dəstək (SLRD), Böyük Qafqazın dağlıq ərazilərində icma əsaslı dəyər zəncirinin genişləndirilməsi,  Telişli ekomiqrant icmasında bazar rəqabətli gəlir mənbələrinin formalaşması üçün kənd təsərrüfat təşəbbüsləri,  İcma-əsaslı aqroturizmin kənd yerlərinin inkişaf strategiyası olaraq təşviqi, kənd yerlərində biznes informasiya sisteminin yaradılması, Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi,  Azərbaycanın kənd bölgələrində giləmeyvə və tərəvəz istehsalının dayanıqlı dəyər zəncirlərinin inkişaf etdirilməsi, Balakən regional ABAD mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə müəssisələrinin inkişafı, Azərbaycan Regionlarında Dayanıqlı Mikrosahibkarlığın İnkişafının Sürətləndirilməsi (ADSMİRRA), Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv yerli aqro-ərzaq sistemlərinin inkişafı, Ənənəvi qida məhsullarının (ƏQM) təşviqi və marketinqinin inkişafı,  “Mətbəxdən Biznesə Doğru”  qida məhsullarının təşviqi və qadınların imkanlarının gücləndirilməsi və s. Kənd təsərrüfatına göstərilən dövlət yardımının səmərəliliyini və effektivliyini artırmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin potensialı da layihə çərçivəsində artırılır.

Biz Azərbaycanı Avropanın bir hissəsinə çevirə bilsək…

Sirr deyil ki, Azərbaycan təhsili beynəlxalq standartlara cavab vermir. Bu səbəbdən Aİ təhsildə davamlı və müxtəlif maliyyə mənbələrinin yaradılması, ali təhsil sisteminin və bu sistemdə tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi, bölgələrdə peşə təhsili və təlimi pilotlarının yaradılması, ənənəvi incəsənət vasitəsilə inklüziv təhsilin təşviqi üçün davamlı layihələr həyata keçirir.

2018-ci ilin oktyabrından Aİ-nin layihəsi çərçivəsində Təhsil Nazirliyinin institusional potensialı gücləndirilir

İcra olunan layihələrə nəzər yetirdikdə həyatımızın başqa sahələrini müsbət məcraya dəyişdirməyə təsir göstərən fəaliyyətləri müşahidə edirik. Məsələn, Azərbaycanda penitensiar islahatlara, mübahisələrin alternativ həlli mexanizmlərinin tətbiqində və əhaliyə hüquqi yardım xidmətlərinin göstərilməsində Ədliyyə Nazirliyinin institusional potensialının artırılmasına ciddi ehtiyac vardı və artıq bu proseslər layihələr çərçivəsində reallaşır. Avropa İttifaqı Energetika sektorunun inkişaf etdirilməsi, Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı tədbirlərin işlənib hazırlanması, sosial sahə üzrə bacarıqların proqnozlaşdırılması və işçi qüvvəsinin planlaşdırılması, Rəqəmli şəbəkələrdə əqli mülkiyyətin idarə edilməsi və qorunması üçün müvafiq dövlət qurumlarına da dəstəyini əsirgəmir.

Təbii ki, bütün layihələrin mərkəzində Azərbaycan vətəndaşı, onun layiqli yaşam tərzinə malik olması dayanır. Bu isə ölkəmizdə Avropaya bənzər hüquqi dövlətin qurulmasından keçir.  İnsan hüquqlarının təşviqi və effektiv müdafiəsi sahəsində milli subyektlərin potensialının,  Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması, Məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi sahəsində dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin potensialının gücləndirilməsiAvropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı adları ilə hazırda icra olunan layihələr məhz bu məqsədə xidmət edir.

Münbit iqlimi, zəngin təbii sərvətləri olmasına baxmayaraq, son illər Azərbaycanda miqrasiyanın artması, insanların kəndlərdən rayon mərkəzlərinə və paytaxta, ordan isə başqa ölkələrə daşınması narahatlıq doğurur.  Hazırda Varşava Dövlət Universitetində doktorantura təhsili alan oğlum Elnur Nəbivinin yarı zarafat, yarı gerçək dediyi kimi, biz Azərbaycanı “Qoca qitə”nin bir hissəsinə çevirə bilsək, nəinki gedənlər qayıdacaq, hətta avropalılar da gəlib bizim ölkədə yaşamaq istəyəcəklər.

P.S. Martın 30-da ABŞ Dövlət Departamenti 2020-ci il üçün dünya ölkələrində, o cümlədən Azərbaycanda  insan haqlarının durumuna dair illik hesabatını açıqlayıb. Hesabatda iddia edilir ki, ölkəmizdə ciddi insan haqları pozuntuları: qanunsuz və ya özbşına həbslər, işgəncə, siyasi məhbuslar, həbsxanalarda sərt və bəzi hallarda həyata təhlükə yaradan şərait, özəl həyata müdaxilə, ölkə xaricində şəxslərə qarşı siyasi motivli repressiyalar mövcuddur. Eyni zamanda məhkəmələrin müstəqilliyi ilə bağlı geniş yayılmış problemlərin olduğu, ifadə, mətbuat və internet azadlığına ciddi məhdudiyyətlərin qoyulduğu, jurnalistlərə qarşı zorakılıqların tətbiq edildiyi, böhtan və iftiranın kriminallaşdırıldığı,  9 fevralda baş tutan parlament seçkilərinin məhdudlaşdırıcı qanunvericilik çərçivəsində keçirildiyi və bunun seçkidə həqiqi rəqabətə əngəl yaratdığı da qeyd edilib.  

Hələlik Azərbaycan hökuməti bu ittihamlara cavab verməyib.

Şərhlər bağlıdır.