Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Kolumbiyanın xarici işlər naziri Mariya Anxela Olqini Göyçaya səfər edib

Kolumbiya Respublikasının xarici işlər naziri xanım Mariya Anxela Olqini iyunun 16-da tanışlıq məqsədilə Göyçay rayonuna səfər edib. Nazir “AzNar” QSC-nin meyvə şirəsi istehsalı zavodu və nar bağları ilə tanış olub. Şirkətin baş direktoru Teymur Əhmədov qonağa məlumat verib ki, “AzNar” QSC-nin nar emalı zavodunda “Grante” brend adı altında istehsal edilən nar, heyva və alma şirələri, cem və kampot məhsulları 20-dən çox ölkəyə, o cümlədən ABŞ, Polşa, Yeni Zelandiya, Almaniya, Avstraliya, Rusiya, İsrail, Latviya, Litva, Estoniya, Çexiya və Qazaxıstana ixrac edilir.

Bildirilib ki, ümumilikdə 100 nəfər işçinin çalışdığı zavod ildən-ilə məhsulların keyfiyyətini yüksəltməyi və xarici bazarlara çıxış imkanlarını genişləndirməyi qarşıya məqsəd qoyub. İtaliyadan gətirilən avadanlıqların quraşdırıldığı zavodda heç bir qatqı olmadan təbii yolla hazırlanan nar şirələri indiyədək müxtəlif ölkələrdə keçirilən beynəlxalq qida məhsulları sərgisində 5 qızıl medal qazanıb. Rayonda meyvəçiliyin inkişafına təkan verən “AzNar” QSC indiyədək 1160 hektar sahədə yeni nar bağı, 15 hektar sahədə isə xurma, gilas və ərik bağı salıb. Meyvə bağlarına 200 nəfər işçi qulluq edir. Teymur Əhmədov onu da qeyd edib ki, “AzNar” QSC-nin emal zavodu Azərbaycanda ilk dəfə olaraq narın tumunu təkrar emal etməklə yağ istehsal edir. Nar tumu və qabığından hazırlanan məhsulların satışı üçün Rusiya və İsrail şirkətləri ilə razılıq əldə edilib.

Nazir Mariya Anxela Olqini zavodda istehsal prosesi ilə tanış olub, nar şirəsinin dadına baxıb, məhsulun keyfiyyətini bəyənib və şirkətin fəaliyyətini yüksək qiymətləndirib. Kolumbiyada nar və ondan hazırlanan məhsullara böyük tələbat olduğunu deyən qonaq iki ölkə arasında narçılıq sahəsində əməkdaşlığın davam etdirilməsini, yeni nar bağlarının salınması üçün Azərbaycandan Kolumbiyaya nar tinglərinin və nar şirəsinin ixrac edilməsini istəyib. “Kolumbiyada meyvə bağları salmaq üçün minlərlə hektar yararlı və istifadəsiz boş torpaqlar sahələri var. Narçılığı gəlirli sahə hesab edirik, mütəxəsislərin məsləhəti ilə Kolumbiyada nar bağlarının salınmasını istəyirik. Bu məqsədlə Göyçaya səfər etmişəm. Göyçayda yetişən nar çox dadlıdır. Öyrəndim ki, burada narın 67 sortu yetişdirilir. “AzNar”ın bu sahədə təcrübəsini öyrənəcəyik. Ümid edirəm ki, Göyçayın nar tingləri və nar şirələri Kolumbiya xalqının da xoşuna gələcək”-deyə nazir Mariya Anxela Olqini bildirib.

Şahnəzər Bəşirov

Şərhlər bağlıdır.