Bir qız ağlayırdı için-için, gizlin-gizlin, xısın-xısın…
Bu gün iş gününün sonunda yolumu yenidən Şəhidlər Xiyabanından saldım. Üç gün ərzində iki şəhidimizin-Teymur Qasımov və Adil Adilzadənin dəfn mərasimi üçün insanların axışdığı, “Qarabağ bizimdi, bizim olacaq!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” nidalarından lərzəyə gələn bu məkan indi dərin səssizlik içindəydi. Bir neçə gənc yeni salınmış məzarların ətrafında məlum hadisələri müzakirə edirdilər. Bir kənarda dayanıb mərhumların fotolarına baxdım. Allahdan onlara rəhmət diləyib evə qayıtmağa tələsdim.
Xiyabanda skamyada qara örpəkli bir qız oturub yeni qəbirlərə baxırdı. O, ağlayırdı. İçin-için, gizli-gizli, xısın-xısın…Göz yaşları yanaqlarını islatmışdı. Kiprikləri yaşı qovmağa macal tapmırdı. Hərdən nəfəsi çatmırmış kimi dərindən köks ötürürdü. İçindəki sevgisi, xəyalı, arzusu, ümidi, istəyi, muradının fəryadı çöhrəsindən sezilirdi.
O, ağlayırdı. Bəlkə də insanların səsini eşidəcəyindən ehtiyat etməsəydi, taleyinə, qismətinə, nəsibinə qarşı üsyan edərdi.
Addımlarımı ləngidib, onun yanından ötəndə üzünə baxdım. İlahi, gənc bir qızın gözlərində nə qədər kədər, nisgil varmış. Məndən kömək istəyirmiş kimi üzümə baxa-baxa hönkürtü ilə ağlamağa başladı. Köksü sinəsinə sığmadı… Elə bil sabaha ümidi qalmamışdı, necə yaşayacağını, nədən güc alacağını bilmirdi.
Bu mənzərəni görəndə bağrım yarıldı, havam çatmadı, dünya başıma fırlandı… Biixtiyar qəhərləndim, göz yaşlarımı saxlaya bilmədim. Yaxınlaşıb yarasını təzələmək istəmədim. Mənimlə dərdini bölüşəcəyinə əmin olmadığım üçün ondan aralandım.
Suallar məni rahat buraxmadı. Kimdir bu zavallı? Teymur bu ayın 18-də nişanlanacaqdı. Bəlkə bu qız onun sevgilisiydi? Adil artıq nişanlanmışdı, toya hazırlaşırdı. Yoxsa onun nişanlısıydı?
Nə qədər şirin xəyallar dəfn olundu bu gənclərin yaralı ürəklərində. Allahım, bu sonu görünməyən müharibə neçə gənci nakam qoydu. Neçə ananın, bacının, sevgilinin ürəyinə çalın-çarpaz dağ çəkdi. Şəhidlərlə bərabər analar-atalar “öldü”, qız-gəlinlərin arzusu məzara köçdü, uşaqlar yetim qaldı. Toy tədarükləri yas mərasimlərinə xərcləndi.
Yol boyu qara örpəkli qızın gözləri gözlərimdən çəkilmədi. Elə hey Tanrıdan millətimi bu bəladan hifs etməsinə dualar etdim: “Allahım, sən sevgililərə qıyma. Bu çətin zamanda onları bir-birindən ayırma, dayaq ol onlara. Amin!”
Allah şəhid qardaşlarımıza rəhmət eləsin. Vətən sağ olsun.
Şərhlər bağlıdır.