Bir həftənin istirahəti, istisi və soyuğu
Bu ayın əvvəlində bir həftəlik səfərimiz içimizi isitməklə bərabər həm də üşüdük. Sadəcə bizim enerji resurslarımız və özlərinin özlərinə dəyər verməyi hesabına yaxşı güzəran quran gürcülərə həsəd aparmaqdan başqa əlimizdən bir şey gəlmədi.
Mingəçevirdən Qırmızı Körpüyə
Mingəçevirdən Qırmızı Körpüyə çox da uzaq deyil. Baxır nə ilə gedəcəksən. Əgər vaxta yox, pula qənaət fikrindəsənsə, şəhərlərarası avtobusların xidmətindən istifadə edə bilərsən. Mingəçevirdən Gəncə, Gədəbəy və Qazax marşrutları ilə hərəkət edən nəqliyyat vasitələri karına gələ bilər. Ən məsləhətlisi Qazaxa gedən avtobusdur, amma nəzərə al ki, avtovağzaldan minməsən, boş yer tapmağın çətin olacaq. Qazağa çatandan sonra isə uzağı bir saata Gürcüstanla sərhədə yetişmək mümkündür. Baxmayaraq ki, bu maşınlarda yayın istisində getmək çox çətindir, çanki əksəriyyətində süni havalandırma sistemi yoxdur, amma sərhəd-buraxılış məntəqəsinə gələnədək cəmi 5-6, uzağı 7 manat xərcləməli olacaqsan.
Əgər Bakıdan Qırmızı körpüyə gedən hündür və sərin (qışda da isti) avtobuslarda yer tapa, həm də vaxt cədvəlini özünə sərf edən vəziyyətdə müəyyənləşdirə bilsən, ən yaxşısı məsafəni bununla qət etməkdir. Çünki mikroavtobuslar hər məhlənin tinində sərnişin boşaldıb yenisini götürür, bir sözlə çatanacan adamın zəhləsini tökür. Böyük avtobuslar isə uzağı bir yerdə fasiləyə dayanır. Düzdür yol xərci əvvəlki variantla müqayisədə 2 dəfə və daha artıq bahalaşacaq, amma canın rahat olacaq. Xüsusən ailə-uşaqla gedəndə sonuncu variant daha məsləhətlidir.
Yolun çox hissəsi qabaqdadır
Bəziləri birbaşa reyslərə, məsələn, Bakıdan Türkiyənin müxtəlif şəhərlərinə, əsasən Ankara və İstanbula gedən iriqabaritli avtobuslara üstünlük verirlər. Əgər pulun azlıq etmirsə, təyyarə ilə də gələ bilərsən. Son vaxtlar Bakıdan Batumiyə avtobus marşrutu da açılıb. Sadəcə nəqliyyat vasitələri sərhəd-buraxılış məntəqəsində bəzən saatlarla göxləmək zorunda qalır. Sən də onun nə vaxt gələcəyini bəkliyirsən. Halbuki sərhədi uzağı yarım saata keçən şəxs qonşu dövlətin ərazisində zamanını itirmədən taksiyə, avtobusa minib, yoluna davam edə bilir. Adətən yay aylarında gün uzun olduğundan maşın tapmaq çətin deyil.
Biz Qırmızı Körpüdən Tbilisiyə marşrut taksi ilə gəldik və 4 lari ödədik. Oradan isə Batumiyə gedən iri avtobusa 30 lariyə (təxminən 20 manata) yer götürdük. Yeri gəlmişkən, Batumiyə gedən yol çoxlu aşırımlardan keçdiyindən maşınlar sürətlə hərəkət edə bilmir. 400 km məsafəni 6,5-7 saata qət edirsən. Mənzil başına çatanda əzilmiş pomidora dönürsən. Ən sərfəlisi qatardır. Biz qayıdanbaş 26 lariyə qatara onlayn bilet aldıq və beş saatdan da tez Tbilisiyə çatdıq. Həm də səliqəli və müasir qatarda yol getməyin, darıxanda qonşu vaqonlara və üst mərtəbəyə keçməyin ayrı ləzzəti var. Yanında söhbətcil yoldaşın varsa, məsafəni necə qət etdiyini bilməyəcəksən.
Yəqin ki, dünyanın əksər yerlərində taksi sürücüləri müştərilərindən daha çox pul qoparmaq istəyirlər. Qabaqcadan öyrənmişdik ki, qalacağımız otelə avtovağzaldan taksi adətən 10 lariyə gətirir. Buna görə də bizim sövdələşməyimizə ehtiyac qalmadı. Sadəcə “10 lariyə kim bizi aparacaq?” deməyimizlə bir neçə sürücü ətrafımızda çəpər kimi dayandı. Amma bir gün sonra oteldə öyrəndik ki, Rusyadan gələn turistlərdən eyni yol üçün taksi sürücüsü 40 lari alıb.
Otel otağı, fərdi mənzil və səyahət turları
Əgər oteldə qalacaqsınızsa, yaxşı olar ki, qabaqcadan bron edəsiniz. Yerində bir gecəsi 100-200 lariyə və daha baha satılan otağı booking.com-dan iki dəfə ucuz ala bilərsiniz. Bəziləri evdə qalmağa üstünlük verirlər, bu, daha ucuzdur, ayrıca mətbəxi olan otaqlar da tapılır. Sadəcə təhlükəsizlik baxımından otel daha etibarlıdır. Üstəlik oteldə otaq hər gün təmizlənir, dəsmal və döşəküzləri mütəmadi dəyişdirilir. Amma şəxsi evdə təmizlik işlərini də özün görməlisən.
Batumidə hər addımbaşı səyahət turları təşkil edən firmalar mövcuddur. Onların bəzəkli maşınlarında istiqamətlər və qiymətlər şirnikləndirici təkliflərlə az qala adamın gözünə girir. Məsələn, oteldə bizi inandıra bildilər ki, Acarıstana bir günlük səfərə çıxsaq, peşiman olmarıq. Biz də razılaşdıq, dağlara qalxdıq, Batumini ovcumuzun içindəki kimi görmək imkanı qazandıq. Çoroxidə fərqli rəngdə olan iki dağ çayının bir-birinə qovuşduğuna, Tsxemlarda XII əsrlə bağlı iddia olunan daş körpüyə, XVIII əsrə aid olduğu bildirilən “Maçaxela” silah abidəsinə, nağılvari məkanlarda yerləşən şəlalələrə, köhnə məscidin yerindəki tarix muzeyinə tamaşa etdik. Dəniz səviyyəsindən 1700 metr hündürlükdə müsəlmanların ailə restoranında canl musiqi və milli rəqslərin müşayiəti ilə gürcü mətbəxinin təamlarını dadmaq isə ayrı bir ləzzətdir.
Əyləncələr yaxşı pullar qazandırır
Batumi getsəniz, mütləq botanika bağlarına baş çəkin. Burada dünyanın bir çox yerlərindən – Şərqi Asiya, Şimali Amerika, Yeni Zelandiya, Cənubi Amerika, Himalay, Meksika və Avstraliyadan gətirilən bitkilər, ağaclar əkilib. Bağda ən qədim ağaclar belə qorunub saxlanır. 1912-ci ildə coğrafiyaşünas Andrey Krasnov tərəfindən salınan Botanika bağında floranın zənginliyi 111 hektarda yerləşən 9 bölmədə əks olunub. Botanika bağını həm piyada, həm də ekskursiya məqsədli elektromobillərlə gəzmək mümkündür. Sadəcə girişdə 15 lari ödəyirsən, 5-10 lari də işəridə miniklə gəzməyin haqqıdır. Çünki şəxsi maşınları içəri buraxmırlar.
Dənizin sahilində və Batumi parkının ərazisində yerləşən delfinari şəhərin ən çox ziyarət olunan məkanlarındandır. Onun amfiteatrı 4 sektordan ibarətdir və 703 tamaşaçı üçün nəzərdə tutulub və boş yer tapa bilməzsən. Təxminən saat yarım ərzidə məşqçilərin delfinlərlə birgə tamaşası nəinki uşaqları, hətta böyükləri də təəccübləndirir.
Əslində gürcülər otel və restoranlarla bərabər maraqlı əyləncələr təşkil etmək, tarixi və təbiət abidələrini tanıtmaq hesabına hər il turizmdən böyük gəlir götürürlər. Təsəvvür edin, Qara dənizin sahilində gəzirsən. Burda dincəlmək üçün elə gözəl şərait yaradılıb ki… Obyektlər sahildən xeyli aralıdır. Sahil əsasən çimərliyə gələnlərin və bir adamı 10 lariyə yarım saat ərzində dənizdə gəzdirən gəmilərin yan aldığı yerdir. Bir az yuxarıda gəzinti zolaqları və velosiped yolları var. Kirayəyə verilən velosiped və faytonlarla hətta günün istisində belə gəzən turistləri addımbaşı görürsən. Sahildən xeyli aralıda yerləşən restoranlardan yayılan musiqi sədası və yol kənarında dayanıb, müştərilərini səsləyən xanımların səsi gürcü və Avropa yeməklərindən dadmaq istəyənləri həvəsləndirir. Adamlar sahilə özünəməxsus gözəllik verən hündürmərtəbəli binaların və bizim üçün də doğma olan “Əli və Nino” abidəsinin fonunda dayanıb, şəkil çəkdirməkdən yorulmurlar. Ümumiyyətlə hava qaralandan sonra Batumidə qaynar həyat başlayır və səhərədək kafe və restoranlar dolub-boşalır. Bizim qumar oyunlarına heç zaman marağımız olmayıb, amma bu şəhərdəki kazinoların qarşısında dayanan çox bahalı maşınları görəndə bilirsən ki, çoxlu pullar xərclənir.
Keçmişdən bu günə
Türkiyə sərhədindən 12 kilometr məsafədə yerləşən Batumi Acarıstan Muxtar Respublikasının paytaxtıdır. Şəhər 1918-ci ildə qurulan Gürcüstan Demokratik Respublikasının tərkibinə daxil edilsə də, 1921-ci ilin mart ayında Türkiyənin tabeliyinə keçib, lakin 16 mart 1921-ci ildə imzalanan Moskva müqaviləsinin şərtlərinə əsasən, əhalisi müsəlman acarlardan ibarət olan bölgəyə muxtariyyət verilməsi qarşılığında yenidən Gürcüstana təhvil verilib. 16 iyul 1921-ci ildə Acarıstan Muxtar Sovet Sosialist Respublikası qurulub və Batumi onun paytaxtı olub. Qars müqaviləsinə əsasən Sovet Gürcüstanına birləşdirilən Acarıstan Muxtar Respublikasının muxtariyyəti Türkiyə dövlətinin zəmanəti altındadır. 2007-ci ildə Gürcüstanın Konstitusiya Məhkəməsi Batumidə yerləşir.
Bu gün Batumi həm də Cənubi Qafqaz dəmiryolunun və Bakı neft boru xəttinin qurtardığı əhəmiyyətli liman və ticarət mərkəzidir. Hazırda Gürcüstanın əsas liman şəhəri hesab olunan Batumi neft məhsulları daşıyan 80 min tonluq tankerləri qəbul etmək gücünə malikdir. Əsasən Azərbaycan, Qazaxıstan və Türkmənistandan gətirilən neft, regional kənd təsərrüfatı məhsullarının ixracı hesabına limanın illik gəlirinin 300 milyon dollardan yüksək olduğu deyilir.
1-ci buxta FHN-nin tikililəri altındadır
“Bəyin oğurlanması” filmində personajlardan birinin işlətdiyi “Bəs bu əjdahadan bizdə niyə yoxdur?” ifadəsi uzun illərdir ki, el arasında zərb-məsələ çevrilib. Biz də Azərbaycanın turizm imkanlarının genişlənməsini və nəticədə ayrı-ayrı sahibkarların və dövlətin Gürcüstanla müqayisə edilə biləcək səviyyədə gəlirlərə sahib olmasını arzu edirik. Amma təkcə arzulamaqla iş bitmir. Heç uzağa getməyək. Elə öz şəhərimizdən, Mingəçevirdən danışaq. Deyirlər ki, bu məkan son illər ciddi turizm mərkəzinə çevrilib. Nümunə üçün də Kür sahilində tikilən yeni, müasir, dəbdəbəli otelləri göstərirlər. Amma gəlin görək həmin otellərdə il ərzində nə qədər adam qalır? Axşamlar Kür çayının sol sahilindən sağ sahilindəki “Ağsaray” otelinə baxanda əksər otaqlarda işığın yanmadığını müşahidə edirik. Həm də bizim sahibkarlar elə düşünürlər ki, böyük otellər, çayın üstündə kafe və restoranlar tikməklə turistləri bura gətirə biləcəklər. Turistin piyada gəzə biləcəyi çayın, həm də su hövzəsinin sahilləri qanuni kağızla qanunsuz zəbt olunub və onları təmizləmək indi müşkül işə çevrilib. Hazırda “İnci” restoranının davamı kimi suyun içi boyunca 40 metrə qədər də uzanan tikiliyə “saxla” əmrini verən tapılmır. Halbuki Kür çayının sahillərindən aşağıdakı axmazlara və yuxarıdakı su hövzəsinə qədər açıq gəzinti yerləri uzansaydı, birinci buxtadan Xanabada qədər ərazidə abad yollar, hətta velosiped yolları, çimərlik və parklar salınsaydı, sudan 100-150 metr kənarda iaşə obyektləri və əyləncə mərkəzləri quraşdırılsaydı, nəinki otellərimiz dolu olardı, hətta boş evlərimiz də qalmazdı. Sadəcə işsiz qalan Mingəçevir camaatı mənzillərində qonaq saxlamaqla kasıbçılığın daşını atardı. Amma hələ ki, uzun illər yerli əhalinin və turistlərin çimərlik yeri kimi istifadə etdiyi birinci buxta Fövqəladə Hallar Nazirliyinin yarımçıq tikililəri altındadır. Sahə hasarlanıb və giriş üçün balaca bir qapı qoyulub. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun açıqlamasına görə, mövcud sahədə xüsusi əhəmiyyət kəsb edən qurum – FHN-nin su mənbə-lərini mühafizə idarəsi yerləşəcək, lakin çimərlik sahili bağlanmayacaq: “Çimərliyə yol turist bazasının içindən keçəcək. Yeri gəlmişkən, Azərbaycan Həmkarlar Konfederasiyasına məxsus keçmiş turist bazası və Kür çayı sahilindıki yarımçıq qalmış mehmanxana binası məcburi köçkünlər təzə evlərə yerləşdirildikdən sonra ən müasir formada yenidən qurulacaq. Bu barədə konfederasiyanın rəhbəri Səttar Möhbalıyev qurulyaty zamanı məlumat verib. Gələn ilə köçkünlər üçün Mingə-çevirdə yeni qəsəbənin inşası planlaşdırılır. Bu məqsəd üçün torpaq da ayrılıb”.
Mingəçevir-Batumi-Mingəçevir,
3-9 iyul 2019-cu il
Şərhlər bağlıdır.