Beş ilin son 3 ayında nələr görülüb?
“Mingəçevirdə icbari tibbi sığorta məqsədilə publik hüquqi şəxsin sərəncamına verilən Mərkəzi Xəstəxanada qəbula düşmək üçün nəinki saatlarla, hətta günlərlə növbədə dayanmalı olursan. Mümkün deyilmi ki, online qeydiyyata keçilsin və hər kəs də onun üçün ayrılan vaxtda xəstəxanaya gəlsin. Digər narahatçılıq enerji kartlarına pul yükləməklə bağlıdır. “Azərişıq”dan əvvəl enerji satışı ilə məşğul olan “Azərenerji” digər xidmət təşkilatlarından daha əvvəl smartkartların tətbiqinə başlasa da, bu proses o qədər də uzağa getməyib. Biz hələ də enerji kartlarımıza pul yükləmək üçün yalnız poçt şöbələrinə gedirik. Əmək haqqılar veriləndə, təqaüdçülər pensiyasını alanda isə poçtlarda basabas olur. Bu kartların e-manata, elektron hökumətə inteqrasiyası üçün addım atılırmı?”
Bu fikirləri “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev şəhər İcra Hakimiyyətinin iclasında səsləndirib. Mərkəzi Aran RETSİ-nin rəisi Saleh Abdullayev bildib ki, hazırda bu istiqamətdə işlər görülür: “Yaxın iki ayda bu problem öz həllini tapacaq”. Mingəçevir Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin direktoru Könül Ələkbərov da təxminən eyni cavabı verib. Amma bu cavab Böyük Vətən Müharibəsi Veteranları Mingəçevir təşkilatının sədri Ələm Məmmədovu qane etməyib: “Vaxitlə Mingəçevirdə 80 nəfər Böyük Vətən Müharibəsi iştirakçısı var idi. İndi onlardan cəmi 8-i qalıb. Onların da hamsının yaşı 90-dan yuxarıdır. Xəstəxanada yeni tətbiq edilən icrabi tibbi sığortanın qayda-qanunlarına görə onlar həkimə müraciət etmək üçün saatlarla növbədə durmalı olurlar. Buna da onların səhhəti imkan vermir”.
K.Ələkbərov veteranların qayğısını çəkməyə həmişə hazır olduqlarını diqqətə çatdırıb: “Siz onların siyahısını təqdim edin. Gəlmələrinə ehtiyac yoxdur, biz evlərində onlara xidmət göstərərik”.
2017-ci ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələr barədə Mingəçevir İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov məruzə edib. O, son illər aparılan geniş abadlıq və quruculuq işləri cari ilin ilk üç ayında da uğurla davam edib: “Bu ilin yanvar-mart aylarında şəhərin sənaye müəssisələrində 87,9 milyon manatlıq məhsul istehsal olunub ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 35,9 milyon manat artım deməkdir. İstehsal olunmuş məhsulun 85,1 milyon manatlığı dövlət müəssisələrinin, 2,8 milyon manatlığı qeyri-dövlət sektorunun payına düşür”.
Görülən və görüləcək işlərlə bağlı idarə müəssisə və təşkilat rəhbərlərini dinləyən icra başçısı Niyazi Bayramov vurğulayıb ki, sahibkarlığın inkişafı, süni qiymət artımının qarşısının alınması, büdcə xərclərinə, torpaqlardan istifadəyə nəzarətin gücləndirilməsi, əhalinin tibbi müayinəsinin aparılması, məşğulluğun artırılması, xarici sərmayənin cəlb edilməsi və digər məsələr barədə ölkə başçısının tapşırıqları İH-də fəaliyyətin əsas xəttini təşkil edib: “Görürsünüz, ölkəmizdə, o cümlədən şəhərimizdə münbit şərait var. Dostlarınızı, yaxınlarınızı dəvət edin, gəlib Mingəçevirdə zavod açsınlar, yeni iş yeri yaratsınlar. Biz də onlara torpaq ayırmağa, hər cür dəstək verməyə hazırıq”.
İclasda Niyazi Bayramovun icra başçısı kimi 5 illik fəaliyyətinə də qiymət verilib.
Şərhlər bağlıdır.