AzərbaycanElm və təhsilMDUMingəçevirXəbərlər

Bakı Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə növbəti ustad dərs keçirilib

2021-ci ilin 28 oktyabr tarixində Bakı Dövlət Universiteti (BDU) və Mingəçevir Dövlət Universiteti (MDU) arasında əməkdaşlıq çərçivəsində cari tədris ili üçün qəbul edilmiş birgə fəaliyyət planına uyğun olaraq reallaşdırılan “Ustad dərsləri” layihəsi üzrə növbəti mühazirə keçirilib. Mühazirədə hər iki universitetin professor-müəllim heyəti üzvləri, tələbə, magistrant və doktorantları iştirak ediblər.

“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən mühazirəyə MDU-nun rektorunun müşaviri Hamiz Mahmudov moderatorluq edib.

Mühazirəyə başlamazdan əvvəl, giriş sözü ilə çıxış edən BDU-nun Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova bu tip onlayn elmi tədbirlərin əsas məqsədinin hər iki ali təhsil müəssisəsinin əməkdaşlarının, gənc tədqiqatçıların, magistrantların elmi fəaliyyətini stimullaşdırmaqdan, bir əsrdən çox yaşı olan Tarix fakültəsinin tanınmış alimlərinin son elmi tədqiqatları haqqında məlumatları və onların tədrisi təcrübəsini yaymaqdan ibarət olduğunu bildirib.

Sonra, Milli Məclisin deputatı, BDU-nun Tarix fakültəsinin “Mənbəşünaslıq, tarixşünaslıq və me­todika” kafedrasının müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov “1918-ci il mart soyqırımının tarixi” mövzusunda məruzə ilə çıxış edib.

Azərbaycan tarixşünaslığının ən aktual məsələlərindən biri olan 1918-ci il soyqırımı mövzusuna dair nadir arxiv sənədlərinə və mənbələrə istinad edən professor məruzəsində erməni cəmiyyətində əsrlərdir kök salmış türk düşmənliyi məsələsinin tarixi köklərindən bəhs edib, 1905-1906-cı illər, 1918-ci il mart və 1992-ci il Xocalı soyqırımlarının səbəbləri və nəticələri haqqında ətraflı məlumat verib.

44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında təcavüzkar Ermənistan ordusu üzərində möhtəşəm qələbə qazanan rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin bütün şəhidlərin və günahsız qurbanların qisasını aldığını qeyd edən professor bu şanlı zəfərin Azərbaycan xalqının son iki yüz illik tarixində ən böyük qalibiyyət olduğunu və Qarabağın düşməndən azad edilməsi ilə Vətən tarixinin ən şanlı səhifəsinin yazıldığını diqqətə çatdırıb.

Böyük maraqla qarşılanan məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb və təqdim edilən suallar ətraflı cavablandırılıb. Faydalı mühazirəyə və maraqlı müzakirələrə görə professor A.İsgəndərova, eləcə də əməkdaşlığın inkişafında dəstəyi olan hər kəsə təşəkkürünü bildirən hər iki universitetin kollektiv üzvləri layihənin icrasından məmnunluqlarını ifadə ediblər.

Qeyd edək ki, MDU-da akademik potensialın gücləndirilməsi məqsədilə ölkəmizin qabaqcıl və qocaman ali təhsil müəssisəsi olan BDU ilə əməkdaşlığa xüsusi önəm verilir. Sözügedən əməkdaşlığın effektivliyinin yüksəldilməsi məqsədilə universitetlər arasında çoxşaxəli birgə fəaliyyət planı həyata keçirilir. Tələbə və magistrantların, akademik və inzibati heyət üzvlərinin hərtərəfli inkişafına hədəflənən bu fəaliyyət planı ustad dərsləri,  konfranslar, dəyirmi masalar, elmi seminarlar, təlimlər, təcrübə mübadiləsi və müxtəlif məzmunlu tələbəyönümlü tədbirləri özündə ehtiva edir.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close

Adblock Detected

Please consider supporting us by disabling your ad blocker