Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qarabağ İqtisadi rayonunda ekoturizm imkanları araşdırılır

Ekoloji İnformasiya İctimai Birliyi Bərdədə ekoturizmlə bağlı seminar keçirib

Aprelin 29-da Ekoloji İnformasiya İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “ Qarabağ İqtisadi Rayonunda ekoturizm imkanlarının araşdırılması , monitorinqi və tövsiyyələrin hazırlanması” layihəsinin icra planına uyğun olaraq Bərdə  rayonunda yekun seminarını təşkil edib.

Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində  baş tutan seminarda tədbir iştirakçıları ekoturizm haqqında geniş məlumatlandırılıb.

Seminar başlanmazdan əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ekoloji İnformasiya İctimai Birliyinin sədri Musa Muradlı çıxış edərək layihənin məqsədi və qarşıya qoyulan məqsədlərdən danışıb. Bildirib ki, möhtərəm prezidentimiz İlham Əliyevin qətiyyəti sayəsində müzəffər ordumuz Ermənistan Respublikasının işğalı altındakı torpaqlarımızı uzun illərdən sonra azad edib. İndi Qarabağın yerlə yeksan edilmiş şəhərlərində abadlıq quruculuq işləri sürətlə davam edir.Yaxın illərdə Qarabağın rayonları turistlər üçün çəlbedici yerlərdən olacaqdır. Odur ki, layihənin də məqsədi Qarabağda turizmin təşviqini həyata keçirməkdən ibarətdir. Layihənin məqsədinə uyğun olaraq sosial çarx hazırlanmış , Qarabağ ekoturizm saytı informasiya məkanına qoşulmuşdur.

Bərdə  rayon İcra Hakimiyyətinin humanitar məsələlər üzrə baş məsləhətçisi Asif Abbasov başçının aparatı adından qonqları salamlayaraq, 44 günlük vətən müharibəsində prezident İlham Əliyevin qətiyyəti sayəsində əldə edilən parlaq qələbədən danışıb. Ekoloji İnformasiya İctimai Birliyinin “Qarabağ İqtisadi rayonunda ekoturizmin araşdırılması, monitorinqi və imkanların araşdırılması” layihəsinin əhəmiyyətini yüksək qiymətləndirib. Gələcəkdə layihənin işğaldan azad olunan bölgələrdə həyata keçirilməsini arzulayıb.

Ekoloji İnformasiya İctimai Birliyinin sədr müavini, ekoloq, aqrar elmlər üzrə fəlsəfə doktoru, layihənin eksperti Xosrov Musayev ekoturizm haqqında iştirakçılara geniş məlumat verib. Ekoturizmin digər turlardan üstünlüyü barədə danışıb. Qarabağın rayonlarında ekoturizm üçün geniş və hərtərəfli imkanların olduğunu vurğulayıb.

Seminar zamanı ekoturizm haqqında hazırlanan sosial çarxı iştirakçılar böyük maraqla izləyiblər.

Onu da qeyd edək ki, seminar qarşılıqlı diskusiya şəraitində başa çatıb.

Sonda tədbir iştirakçıları üçün çay süfrəsi açılıb.

Şərhlər bağlıdır.