Cəmiyyət

Baba Əliyevin Qafqazdan Yuqoslaviyayadək uzanan döyüş yolu

99 yaşlı müharibə veteranı müxtəlif illərdə təltif edilidiyi medal və onlara aid sənədləri ən əziz əşyaları kimi bu gün də qoruyub saxlayır

99 yaşlı Baba Əliyev keçmiş SSRİ-nin 223-cü divizyasında Qafqazdan Yuqoslaviyayadək döyüş yolu keçib. Bu gün də o, doğmalarının – oğlu, gəlini, nəvə nəticələrinin yanında özünü çox gümrah hiss edir.

İkinci dünya müharibəsindən uzun illər ötdükcə bu müharibə iştirakçılarının da sıraları seyrəlir. Bir vaxtlar Mingəçevirdə onların sayı 800 nəfər idi, hazırda isə cəmi ikisi sağdır. Dünyanın ən qanlı müharibəsi barədə çoxlu filmlər çəkilsı, kitablar yazılsa da, əsl həqiqətləri canlı şahidlərin dilindən eşitmək insanda daha dolğun məlumat yaradır. Baba Əliyev də o müdhiş illəri bu gün xatırlayan çox maraqlı müsahiblərdən biridir.

1921-ci ildə Ağdaş rayonunda anadan olub. Zaqatala Pedaqoji Texnikumunu bitirib, Qəbələ rayonunun Qum kəndində müəllim işləyib. 21 yaşında döyüşə göndərilib, 650 min soydaşımız kimi silaha sarılıb. Baba Əliyev qələbədə azərbaycanlıların böyük pay sahibi olduğunu deyir.

Xidmətdə fərqləndiyinə görə elə ilk döyüşündə “За отвагу” (“Şücaətə görə”) medalıyla təltif edilib.  Az sonra komsomol və partiya katibi seçilib, əsgərlər arasında təbliğat işi ilə də məşğul olub. Elə bu səbəbdən də Baba müəllim müharibə vaxtı adi əsgərlərin bilmədiyi çox məlumatlardan xəbərdar olub: “Təzə-təzə müharibə başlayanda azərbaycanlılara etibar etmirdilər. Bu, Stalinin qulağına çatanda Bağırovu yanına çağırtdırır, azərbaycanlıları döyüşkən xalq kimi tanıdığını, bu söz-söhbətin haradan qaynaqlandığını soruşur. Bağırov ona cavab verir ki, “yoldaş Stalin, bunun bir səbəbi var, o da rus dilini bilməməklə bağlıdır. Siz icazə verin, mən milli diviziyalar yaradım, onlar qəhrəmanlıqlar göstərməsələr, mən özümü güllələyəcəm”. Bundan sonra Bağırov azərbaycanlılardan ibarət 5 diviziya yaradır ki, indi də hər birinin qəhrəmanlığından danışılır”.

O bunları danışdıqca adama elə gəldi ki, Baba Əliyev cəbhədən yenicə qayıdıb.  Söhbətini davam etdirən veteran Bakıdan Qroznıya kimi 200-dək müdafiə xətti yaradıldığından, almanları yalnız Terekin sahilində dayandırmağın mümkün olduğundan da danışır: “1942-ci il dekabrın 8-də bütün Şimali Qafqaz cəbhəsi boyu əks hücuma başladıq. Bir neçə alay getdi, qırıldı. Bundan sonra Moskva cəbhəsindən göndərilən hərbi aviasiya polkunun köməyilə almanların cəbhəsini yardıq. O hücumun davamı olaraq 223 və 406-cı Azərbaycan milli diviziyaları Moldova və Rumınıyanı azad edib Yuqoslaviyaya kimi getdi. Qələbəni Belqradın mərkəzində qeyd elədik”.

Zamanın müharibədən daha amansız olduğunu deyən Baba Əliyev 30 minlik diviziyadan hazırda yalnız 2 nəfərin sağ qaldığını təəssüflə qeyd edir, eyni zamanda bu gün veteranlara olan qayğıdan söz açır: “Ölkəmizdə müharibə iştirakçılarına daim diqqət və qayğı var. Onların sosial təminatı yüksək səviyyədə həll olunub. Deyərdim ki, bu sahədə MDB-də ön sıralardayıq. Bu günlərdə  Prezident İlham Əliyevin imzaladığı sərəncamla İkinci Dünya müharibəsi iştirakçılarının hər birinə min beş yüz manat məbləğində birdəfəlik maddi yardım verildi.  Dövlətimizin başçısı Vətən və xalq qarşısında xidmətləri olan şəxslərin, o cümlədən ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsini hər zaman prioritet vəzifə hesab edir”.

Baba Əliyevin medalları onun üçün əşyalarının içərisində həmişə əziz və əvəzsizdir. Müxtəlif illərdə ona təqdim edilən 20-dən artıq medalı və onlara aid sənədləri qoruyub bu gün də saxlayır. Tez-tez onlara baxıb kövrəlir, ötən illəri yadına salıb bir daha xatirələrə dalıır. Hətta 78 il öncə verilən medalı da sevə-sevə saxlayır. Bu dəyərli əşyaların sahibi onları kostyumunun üzərindən çıxarmağa belə icazə vermir. Qələbə günü yaxınlaşanda isə onların hər birini silib, təmizləyir.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close