Əbəs yerə yaşanmayan 37 il və bir ömür
“Jurnalist öz adını yazdıqları ilə əbədiləşdirir. Əgər bizlərdən hər birimiz öz sahəmizdə belə bir yaddaqalan iş görmüşüksə, deməli, əbəs yerə yaşamamışıq”.
Bu sözləri 37 il jurnalistika sahəsində külüng çalmış, indi isə təqaüddə olan Pənah Qurbanzadə bizimlə söhbətində dedi.
Pənah müəllim sakit bir məkanı – təbiətin qoynunu seçib, burada həm əkib-becərməklə, həm də yaradıcılıqla məşğul olur. Necə deyərlər, uzun illər qələm tutmağı bacaran yaradıcı əllər, yaxşı bel tutmağı da bacarır. Onunla iş başında, yəni özünün dediyi kimi, “mənim sakit güşəm” adlı bağ evində görüşdük.
“Əmək fəaliyyətinə harada və nə vaxt başlamısınız?” sualımıza həmsöhbətimiz yarızarafat-yarıgerçək belə cavab verdi: “Hansından başlayım?” Yeniyetmə çağlarında kəndlərindən kənd təsərrüfatı məhsulları gətirib şəhərdə satmağını, dənizdə dalğıc, metroda qazmaçı işləməyini xatırlayan jurnalist ədəbi fəaliyyətə 1965-ci ildə universitetin III kurs tələbəsi ikən, Oğuz (keçmiş -Vartaşen) rayonunda “Lenin bayrağı” qəzetində ədəbi işçi kimi başladığını söylədi: “Həmin redaksiyada demək olar ki, peşəkar jurnalist yox idi. Alətlərin ədəbi adlarını işlədərkən mənə gülürdülər. Oradakı kollektivlə yaxşı yola gedə bilmədim. Təxminən bir ildən sonra Bakıya qayıtdım. Lakin orada da iş tapmaq müşkül oldu. Mingəçevir şəhərinə gəldim. Bir il “Şüşə” zavodunda operator köməkçisi, operator, usta köməkçisi, növbə rəisi vəzifələrində işlədim. Lakin yenə də qəlbimə yatan bir peşə tapa bilmədim. Nəhayət ki, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fidayil Abdullayevin köməkliyi ilə həmin redaksiyada fotomüxbir kimi işə başladım. Müxtəlif şəkillər çəkə-çəkə, həm də məqalələr, oçerklər hazırlayırdım. Bir müddət bu kollektivlə birgə çalışdım. Sonralar partiya komitəsində təlimatçı işinə dəvət olundum. Lakin sistemində sərtlik olan partiyada mənim kimi yumşaq təbiətli birisinin işləməsi çətin idi. Onu da deyim ki, ailəmizdə pedaqoji sahədə işləyənlər çox idi və mənim də bu peşəni seçməyimi istəyirdilər. Mən isə nəinki pedaqoji sahədə, demək olar ki, hər sahədə özümü sınadım, ancaq jurnalistikadan başqa heç bir yerdə özümə yer tapa bilmədim. Mingəçevir teleradio verilişləri redaksiyasında məsul redaktor vəzifəsində çalışanadək bir neçə sənətin öyrənilməsində özümü sınadım. Təxminən 2 ilə Azərbaycan teleradio verilişləri şirkətinin Şəki-Zaqatala zonasına təyin olundum. 14 ilə yaxın bu ərazidə çalışdıqdan sonra Mingəçevir-Şirvan zonasına təyin olundum. Ümumilikdə 37 il jurnalist kimi fəaliyyət göstərmişəm. Bəzən Qarabağ, Şuşa, Beyləqan, Qazax bölgələrinə də göndərirdilər. İşimi sevdiyimdən istənilən bölgədə ümidləri doğrultdum. Çalışdığım bölgə üzrə hər gün ən az 3 xəbər verirdim”.
“Onlar hazırlanan hər xəbəri qəbul etmirdilər”
Müsahibimiz deyir ki, “Azərbaycan radiosu”nun klassikləri – Firuz Əhmədli, Ənvər Hacıyev, Valid Sənani, İlyas Adıgözəlov, İsa Qasımov, Hüseyn Mehrəliyev kimi savadlı jurnalistlərin nəzarəti, nəsihəti, tələbkarlığı və köməyi ona böyük dəstək olub bu sahədə: “Onlar hazırlanan hər xəbəri qəbul etmirdilər. Çünki reportajda Azərbaycanı, onun rayonlarını necə təmsil etmək, faktların mahiyyətini hansı formada dinləyiciyə, oxucuya çatdırmaq xüsusi önəm daşıyırdı”.
Radio fəaliyyəti 2006-cı ildə başa çatan Pənah Qurbanzadə bir müddət Mingəçevir Şəhər Mərkəzi Kitabxanasının müdiri də işləyib. O zamanadək şəhərimizin tarixi haqqında adi biliklərə malik olan jurnalist, az müddət ərzində bu haqda kitab dərc etdirib. Belə ki, kitabxana üçün Mingəçevir qurucuları barədə stend düzəltdirməli olan direktor həmin adamlarla şəxsən maraqlanır, onlarla görüşür, faktları toplayır və nəticədə onların adını əbədiləşdirən ilk – “Mingəçevir: Hidroqovşaq və şəhər necə yarandı” kitabının ərsəyə gəlməsinə nail olur. Bununla da fəaliyyətini genişləndirən, bir-birinin ardınca bir neçə kitabını çap etdirən Pənah Qurbanzadə şəhərin parçalar halında olan tarixini bir mənbədə birləşdirir.
Pənah müəllimin “İslam İslamzadə” adlı kitabı Mingəçevirin 60 illik yubileyinə həsr olunub. Kitabda dünya şöhrətli energetika, inşaat mühəndisi, Kür çayı üstündə tayı-bərabəri olmayan nadir torpaq bəndin ucaldılmasına və onun qarşısında Mingəçevir şəhərinin simvolu olan Su Elektirik Stansiyasının tikintisinin həyata keçirilməsinə rəhbərlik etmiş, müasir Mingəçevir şəhərinin əsasını qoymuş, şəhərimizin fəxri vətəndaşı İslam Məmməd oğlu İslamzadənin şərəfli əmək, həyat yolundan bəhs olunur.
“Həmişə sakit bir güşə axtarırdım ki… ”
Onu da qeyd edək ki, bu kitab şəhərin tarixinin öyrənilməsi baxımından diqqəti cəlb edir. Daha sonra “Mingəçevir mozaikaları” adlı kitabı ərsəyə gətirib. Pənah müəllim gənclik illərində işinin daha çox olduğunu bildirərək qeyd etdi ki, o vaxt həm ailə qayğıları, iş, yazı üçün bölgələrdə olmaq onu bir az yorub: “Həmişə sakit bir güşə axtarırdım ki, bir az dincəlim, düşüncələrimi sərbəst şəkildə ifadə edim. Bir neçə müddətdir ki, bu balaca bağımda həm yaradıcılıqla məşğul oluram, həm ev, ailə qayğılarından bir az yüngülləşmişəm. Övladlarımı evləndirib yerbəyer etmişəm. Nəvələrimlə Allahın mənə bəxş etdiyi gülün-çiçəyin arasında xoşbəxtəm. İnandırım sizi, burada yaz fəslinin başqa gözəlliyi olur, təbiətlə insan arasında xoş duyğular yaranır, bu duyğular pozulmaz, dağılmaz ahəngə bərabər olur. Onu da deyim ki, bu duyğular insanda yaşam hissini daha rövnəqləndirir”.
Sonda onu da qeyd edək ki, Pənah müəllim bizi öz əlləri ilə əkib-becərdiyi dadlı-şirin meyvələrə də qonaq etdi.
Şərhlər bağlıdır.