Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Bu sənəti sevməsən, işləyə bilməzsən”

Hər cür parçalardan istifadə edir, fərdi ölçü aparır, ən başlıcası, təlabata uyğun geyimlər tikir, onlara düzəlişlər və dəyişiklər edir. Bu, Mingəçevir şəhərində, H.Əliyev prospekti, 37 ünvanında dərzi kimi çalışan Çimnaz xanım Yusifovadır. Artıq 30 ilə yaxındır ki, bu peşədə sevə-sevə işləyir. O, demək olar ki, istənilən formada paltar tikir və onları təmir edir. Bu işdən yorulmaq bilməyən və işindən zövq alan müsahibimiz bizimlə söhbətində bildirdi ki, daha çox səbr tələb edbən bu sənətə anasının təkidi ilə gəlib: “Həvəsim əzcaçılığa idi. Amma anam deyirdi ki, heç olmasa biləcəksən ki, həmişə çörək pulun var, sənətkar günortya qədər ac qalar. Böyük bacım da dərzi idi. Ona görə də sənədlərimi Göyçay şəhərindəki dərzilik texnikomuna verdim və qəbul oldum. İndi bu peşəni birindən pis bilirəmsə, beşindən yaxşı bacarıram. Kifayət qədər müştərim var”.
Cimnaz xanımın fikrincə, çox vaxt müştəriləri mağazalarda satılan paltarların ölçüləri qane etmir: “Bəziləri də fərqli, heç kəsin geymədiyi paltarlara üstünlük verir. .Gərək müştərilərlə dil tapmağı bacarasan. Həm də dərzinin vurduğu tikişlər səliqəli və düzgün olmalıdır”.
Cimnaz xanım bu sənətdə daha çox qızlarımızı görmək istədiyini deyir: “Bəzən qızlarımızın ailə həyatı maliyyə baxımından ağır olur. Belə məqamda elə evdə oturub bir-iki dənə paltar tiksələr, çörək pulunu çıxararlar. Həm ailə dolanar, həm də söz-söhbət yaranmaz. Şagirdlərimə həmişə məsləhət verirəm ki, işi kamil öyrənsinlər, yoxsa müştəri narazı qalacaq, daha qapını açan olmayacaq”.
Cimnaz xanım üç övlad anasıdır. Bir oğlu hərbi akademiyanı, digəri isə kolleci bitirib. Qızı musiqi təhsili alır.

Şərhlər bağlıdır.