Bələdiyyə

Bələdiyyə sədrlərinin və üzvlərinin BİR QİSMİni sanki ətalət basıb

Həqiqətən sədrlərdə və üzvlərdə fikir birliyi olmasa, bizim bələdiyyəmiz problemlərlə baş-başa qalacaq

Bir başa mətləbə keçirəm. Əgər bələdiyyənin DSMF-yə və digər qurumlara kifayət qədər borcu yaranıbsa, açıq deyim ki, onun günahının 50 faizi bələdiyyə sədrində və kollektivindədir. Bu dəqiqdir. Mühasib, hüquqşünas və digərləri vaxtında belə məsələlərdə sədrin hansısa addımına birmənalı olaraq göz yummallı deyildilər.

Hələ faciə onda olur ki, borcsuz qəbul etdiyin bələdiyyəni məsuliyyətsizlik ucbatından böyük məbləğdə borca salasan. Necə ki, Xocasən bələdiyyəsi belə bir vəziyyətlə üzləşib. Hələ bəzi yeni seçilən sədrlərin inzibati binaya gələn kimi işçilərdən ərizə almasını, indiki həssas məqamda işçilərini səbəbsiz-kəlamsız işdən azad edənləri demirəm.

Borcu olan bələdiyyə sədri gecəni necə yatır, nəyi düşünür, başa düşülən deyil. Fikirləşirmi ki, borcun altına girmişəm, onu nəyin bahasına olursa-olsun qaytarmalıyam. Onun üçün addım atmalı, layihələr icra etməliyəm, bütün qüvvələri səfərbər etməliyəm. Və sair və ilaxır.

Bildiyim qədər bələdiyyənin işinə ürəkdən canyandran sədrlər də var. Yəni əvvəlki sədrlərin yaratdığı borcun qaytarılması üçün az qala yüz oyuna girirlər. Hansısa addımlar atırlar, gah müəssisə yaratmaq məsələsini qabardırlar, gah da ki qanunun verdiyi imkandan yaralanmaq üçün bütün qüvvələri səfərbər edirlər. Lakin…

Təəssüflə deməliyəm ki, belə məsələlərin həlli tək sədrlik deyildir.

Odur ki, borcun yaranmasının 50 faizlik günahı da məhz həmin bələdiyyənin aid olduğu rayonun icra hakimiyyətinin başçısında olmasına da heç bir şübhəm yoxdur. Çünki icra başçıları rayonda baş verən bütün prosesləri həm nəzarətdə saxlayır, həm də onlar rayonun siyasi rəhbəridirlər.

Bələdiyyənin böyük məbləğdə borcu olduğu halda nədən bir sıra icra başçısı ayrılan dotasiyanı da nəzarətdə saxlayır. Bu nə deməkdir? Ayıb deyilmi? Bu prosesə məsuliyyət daşımaq əvəzinə, borcun silinməsində bələdiyyəyə tam dəstək vermək əvəzinə, hansısa formada ayrılan vəsaitə göz dikmək, üstəlik az- çox yığılanın hesabatını tələb etmək və bəzi layihələri konklert olaraq bələdiyyəyə özüdə indiki vaxtda “yükləmək”, fikrimcə, tam məntiqsizlikdir.

Ancaq mənə maraqlı olan başqa bir məsələ də var.

Koronovirusla mübarizə şəratində yaşayırıq. Başa düşüləndir. Bu proseslərdə heç bir “dəftər”də bələdiyyənin adının belə çəkilməməsi məni də çox narahat etdi. Dəfələrlə də bu məsələnin bütün tərəflərini ictimailəşdirdim. Lakin hansısa səbəbə görə bələdiyyə sədrləri bilavasitə bələdiyyəni narahat edən problemin ictimailəşdirilməsi üçün yaydığımız məlumatı oxuyur, lakin sosial mediada paylaşmağı və fikir bildirməyi bəlkə də özlərinə sığışdırmırlar. Bunun hansı səbəbə olduğunu deməyə çətinlik çəkirəm. Bəlkə çəkinirlər, ehtiyat edirlər, bəlkə onlara kimsə tapşırıq verib ki, belə etmək olmaz. İNANMIRAM. Sadəcə hiss edirəm ki, bizim sədrlərimizin bir qismini ətalət basıb. Həqiqətən sədrlərdə və üzvlərdə fikir birliyi olmasa bizim bələdiyyəmiz elə belə problemlərlə də baş-başa qalacaq və yaşayacaqdır.

Gəlin hərəkətə gələk, hər birimiz bələdiyyəmizin probleminin həllinə dəstəyimizi göstərək, qanunlarımızın vediyi imkandan lazımı səviyyədə istifadə edək.

ƏTALƏTDƏN HƏRƏKƏTƏ KEÇMƏYİN VAXTI ÇATIB.

 

Vüqar TOFİQLİ

Tag
Daha çox

Oxşar yazılar

Close