Azərbaycanlı gənclərin dünyagörüşü artır
“Hələ 8 saylı tam orta məktəbdə oxuyarkən ingilis dilinə böyük marağım var idi. Məndə olan bu həvəsin reallaşmasında ingilis dili fənnini tədris edən Rahilə müəllimənin rolu çox böyükdür. İngilis dili dərslərini öyrənməklə bərabər, həm də əlavə məşğələlərə gedirdim. Orta məktəbi qurtardıqdan sonra sənədlərimi Mingəçevir İdman və Turizm Kollecinin ingilis dili ixtisasına verdim”.
Bu sözləri qəzetimizə müsahibəsində Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Mingəçevir filialının idarə heyətinin üzvü, ingilis dili təlimçisi Humay Baxışova dedi. Müsahibimiz bu günlərdə İngiltərədən qayıdıb. O, öz bilik və bacarığını artırmaq məqsədi ilə İngiltərənin London Meredian Kollecində dil kurslarına qatılıb: “Mingəçevir Turizm Kollecində təhsil aldığım müddətdə ingilis dili üzrə biliklərimi daha da təkmilləşdirdim. Bu sahədə mənə fənn müəlliməsi Leyla xanımın çox böyük köməyi oldu. Bununla bərabər, kollecin direktoru Eyyub Eyyubovun köməyini də qeyd etməliyəm. 2009-cu ildə kollecin rəhbərliyi və tələbə heyəti tərkibində Şotlandiyanın Edinburq şəhərindəki Stevenson kollecinə getdim. Kolleclə tələbə mübadiləsi mənə bilik və bacarığımın artmasına çox köməklik etdi. Kollecdə təhsilimi başa vurduqdan sonra 2011-ci ildə Mingəçevir Gənclər üçün Təhsil Mərkəzində (GTM) əmək fəaliyyətinə başladım. Hazırda GTM-in koordinatoru Tural Kərimovun rəhbərliyi altında əmək fəaliyyətimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə inşa edilmiş Mingəçevir Gənclər Evində davam etdirirəm. Həmçinin, Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir filalının idarə heyətinin üzvü, inglis dili təlimçisiyəm”.
– Londondan hansı təəssüratlarla qayıtdınız?
– Qeyd etdiyim kimi, ingilis dili üzrə öz bilik və bacarığımı daha da artırmaq məqsədi ilə İngiltərədə London Meredian Kollecinin dil kurslarında təhsil almaq qərarına gəldim. Bu işdə mənə dəstək olmuş Gənclər üçün Təhsil Mərkəzinin koordinatoru Tural Kərimova xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Mənə Londona getməkdə köməklik göstərmiş Azərbaycan Respublikasının Prezident Aparatı yanında Gənclər Fondunun əməkdaşlarına da minnətdaram. Dil kurslarında 1 ay müddətində həftədə 5 gün və gündə 4 saat təhsil aldıq. Bir həftə təhsil aldıqdan sonra ingilis dili səviyyəm yüksək olduğu üçün məni daha intensiv kurslara keçirdilər. Təhsil müddətində ingilis dilində qrammatikanı, danışmağı, inşa yazmağı və lüğətlə işləməyi tədris edirdilər. Müəllim kontingentinin səviyyəsi və tələbələrə olan tələbat çox yüksək idi. Kursları başa vurduqdan sonra bizi imtahan etdilər. Təhsilin müvəffəqiyyətli nəticəsi olaraq, mənə “Achieved First Certificate (CEFR – R2) English Level” sertifikatı təqdim edildi.
– Başqa ölkələrin gəncləri ilə tanışlığınız oldumu?
– Təhsil müddətində kollecdə dünyanın müxtəlif ölkələrindən gəlmiş gənclər təhsil alırdılar. Onlardan xoş təəssüratlarla ayrıldım. Kollecdə Əlcəzairdən, Hindistandan, Çindən, İtaliyadan, Braziliyadan və digər ölkələrdən xeyli gənc təhsil alırdı. Onlarla mübadilə ingilis dilində təhsilimə və danışıq qabiliyyətimə çox köməklik etdi. Biz azərbaycanlı tələbələr (mən və tələbə yoldaşım) onlara, öz növbəmizdə, Ermənistanın ölkəmizə təcavüzu, ölkə gənclərinin həyat və fəaliyyəti, xalqımızın mədəniyyəti, adət və ənənələri barədə xeyli məlumat verdik. Onu da deyim ki, həmin gənclər ermənilərin vəhşiliklərinə qarşı öz münasibətlərini də bildirdilər. Hətta gənclər Azərbaycan haqqında eşitdikləri xoş sözləri də bizə çatdırdılar. Onlar Azərbaycanla çox maraqlandılar. Biz də onları öz vətənimizə dəvət etdik ki, gəlib öz gözləri ilə hər bir gözəlliyi görsünlər. Yaşadığımız ailədə qadınları Azərbaycan mətbəxinə aid müəyyən xörəklərin hazırlanması ilə tanış etdik. Bizim milli xörəklərimizi elə bəyəndilər ki. Evin xanımı ən çox aş və dolmanın necə hazırlanması ilə maraqlanırdı. Asudə vaxtlarımızda Londonun görməli muzey və tarixi yerləri ilə də tanış olduq. Bir sözlə, Londondan və kollecdən böyük təəssüratlarla ayrılaraq vətənə qayıtdıq.
– Bəs bundan sonra hansı addımlar atacaqsınız? Gələcək planlarınız nədir?
– London kollecində ingilis dilindən aldığım bilik və bacarığımı Mingəçevir Gənclər üçün Təhsil Mərkəzinin ingilis dili kurslarının tələbələrinə tədris etməyə çalışacağam. Qoy onlar da ingilis dilini mükəmməl öyrənsinlər ki, gələcəkdə heç bir problem yaşamasınlar. İstərdim ki, gənclərimiz bilik və bacarıqlarını artırmaqla yanaşı, həm də dünyagörüşlərini artırsınlar. Çünki bu həm də yeni dostlar, ölkəmizi təmsil etmək deməkdir. Gələcək planlarım daha böyükdür. Nə qədər yaşayacağamsa, bir o qədər də elm öyrənməyə, təhsil almağa, yeni-yeni ünsiyyətlər qurmağa və bildiklərimi də paylaşmağa çalışacağam. Bundan gözəl nə ola bilər?
Sonda demək istərdim ki, ataların bir məsəli var: Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. Mən isə belə deyərdim: gəzməyə qərib ölkə, yaşamağa vətən yaxşı. Harada olursan ol, insanın doğulduğu, boy atdığı doğma vətənindən əziz heç bir yer ola bilməz. Düzdür, orada həyat başqadır. Amma öz vətənimizin gözəlliyi, insanların səmimiliyi heç bir ölkədə yoxdur.
Şərhlər bağlıdır.