Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) və Türkiyənin Sakarya Universiteti arasında onlayn rejimdə görüş keçirilib. Görüş “Rəqəmsal idarəetmə – Azərbaycan təcrübəsi” mövzusunda təşkil olunub.
Bu barədə Elektron Hökumətin İnkişaf Mərkəzi məlumat verib. Bildirilir ki, tədbirdə EHİM-in əməkdaşları Cəmşid Naxçıvanski və Əzizə Vidadi tərəfindən həyata keçirilən təqdimatda Universitetin tələbələrinə “ASAN xidmət” modeli, Azərbaycanda elektron hökumətin inkişafı mərhələləri, elektron hökumət quruculuğu barədə məlumat verilib. Həmçinin bu istiqamətdə EHİM-in rolu, vətəndaşlara təqdim edilən elektron xidmətlər, rəqəmsal həllər, e-hökumət tətbiqlərindən söz açılıb.
Görüşdə elektron xidmətlər sahəsində mövcud beynəlxalq təcrübələr, trendlər ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıların müxtəlif sualları cavablandırılıb.
Təqdimat “Türksat”ın Elektron Hökumət və İnformasiya Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi arasında qurulan əməkdaşlıq çərçivəsində baş tutub. Elektron Hökumət və İnformasiya Cəmiyyəti Sakarya Universitetində təşkil olunan “Elektron Hökumət və Rəqəmsal Transformasiya Kursu”nun tədrisi üzrə mütəmadi olaraq yerli və beynəlxalq tərəfdaşlarının ən yaxşı təcrübələrini və mühazirələrini təqdim edir. Azərbaycanı təmsil edən nümayəndə heyətinin təqdimatı da xüsusi dəvət əsasında “Yaxşı ölkə nümunələri” mövzusu ətrafında təşkil olunub.
Şərhlər bağlıdır.