AzərbaycanElm və təhsilMDUXəbərlər

Mingəçevir Dövlət Universiteti Almaniyada təşkil olunan beynəlxalq yarışmada uğurla təmsil olunub

Mingəçevir Dövlət Universiteti (MDU) və Almaniyanın Siegen Universiteti (University of Siegen) arasında “Sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda birgə layihə çərçivəsində keçirilən təlimlərdə uğur qazanmış tələbələr, magistrantlar və akademik heyət üzvləri 2020-ci ilin 11-12 dekabr tarixlərində Prime Academy (Almaniya) tərəfindən təşkil edilən beynəlxalq müsabiqədə iştirak ediblər.

“ZOOM” platforması üzərindən onlayn formatda keçirilən beynəlxalq müsabiqədə Azərbaycanı Mingəçevir Dövlət Unversitetinin 3 komandası təmsil edib. Yarışmaya Almaniyadan Köln Universitetinin 1 komandası, Fulda Universitetinin 2 komandası, Oldenburq Universitetinin 1 komandası, Offenburq Universitetinin 1 komandası, Konstanz Universitetinin 2 komandası və Rumıniyadan Constanta Universitetinin 3 komandası olmaqla ümumilikdə 13 komanda qatılıb.

Beynəlxalq yarışma “İnvestisiya qoyuluşu”, “Aktivlərin alqı-satqısı”, “Məhsulların dizaynı, istehsalı və satışı”, “İnsan resurslarının idarə edilməsi” və digər mövzuaları əhatə edən situasiyalar üzərində qurulub və dörd mərhələdə keçirilən işgüzar oyunlardan ibarət olub. İlk təcrübə olmasına baxmayaraq, MDU-nun hər üç komandası maraqlı və gərgin mübarizə şəraitində keçən müsabiqədə uğurla iştirak edib.

Nəticələrə əsasən, MDU-1 komandası beynəlxalq yarışmada fəxri 5-ci yerə layiq görülüb. 13 komandanın təmsil olunduğu müsabiqədə MDU-2 və MDU-3 komandaları müvafiq olaraq 7-ci və 9-cu pillədə qərarlaşıblar.

Qeyd edək ki, MDU və Siegen Universiteti arasında birgə reallaşdırılan layihə sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsini və regional eko-sistemin inkişafına töhfə verməyi hədəfləyir. Hazırda davam edən layihə təlim iştirakçılarının təqdim etdikləri biznes planların qiymətləndirilməsi mərhələsindədir. Ən yaxşı biznes-plan təqdim etmiş təlim iştirakçıları layihənin sonunda mükafatlandırılacaqdır.

Daha çox

Oxşar yazılar

Close