Azərbaycanda ifadə azadlığının müdafiəsi yetərincədirmi?
Mayın 31-də Avropa Şurası və Avropa İttifaqının Azərbaycanda ifadə azadlığı və media azadlığı layihəsi çərçivəsində tədbiri Bakıda baş tutub. Hökumət, QHT və media mümayəndələri diffamasiya və bu sahədə qanunvericiliyin qəbul olunmasında mənfi və müsbət hallar müzakirə ediblər.
“CM-nin 147 və 148-ci maddələrinin jurnalistlərə münasibətdə tətbiqinə yol verlimir”
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, müstəqil medianın formalaşdırılması, fikir, söz, məlumat azadlığının təmin edilməsi vətəndaş cəmiyyəti quruculuğu və demokratikləşmə prosesinin əsas istiqamətlərindən biri kimi daim dövlətin diqqət mərkəzindədir: “1995-ci ildə qəbul olunmuş Konstitusiyada müvafiq normalar təsbit olunub, ümummilli lider Heydər Əliyevin fərmanı ilə 1998-ci ildə ölkədə senzura ləğv edilib, KİV azadlığının təmin edilməsi üçün qanunvericilik bazası təkmilləşdirilib və beynəlxalq standartlara uyğunlaşdırılıb, medianın iqtisadi müstəqilliyinin gücləndirilməsi üçün çoxsaylı praktiki addımlar atılıb. Bu gün əminliklə demək olar ki, Azərbaycanda medianın palitrası artıq tam formalaşmış, ölkədə 50-dən artıq televiziya və radio, yüzlərlə qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursları, jurnalist təşkilatları və media yayım formaları fəaliyyət göstərir. Azərbaycan qanunvericiliyi hər kəsin informasiyanı sərbəst, azad şəkildə axtarmaq, əldə etmək, yaymaq hüququnu təmin edir. Azərbaycanda mətbuat orqanı açmaq çox asan prosedur keçmək və fəaliyyətə başlamaq mümkündür…Hesab edirəm ki, bunda həm Azərbaycanın inkişaf perspektivini müəyyən edən strateji inkişaf xəttinin həyata keçirilməsi, həm də ölkənin bir çox beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyəti mühüm rol oynayıb. Bilirsiniz ki, Azərbaycan demokratik normaların inkişaf etdirilməsi və vətəndaş cəmiyyəti quruculuğu sahəsində ATƏT və Avropa Şurası ilə sıx əməkdaşlıq edir, ötən illərdə media azadlığının inkişaf etdirilməsi sahəsində bir çox uğurlu layihələr həyata keçirilib. Əlbəttə, onların sırasında Avropa Şurası və Avropa İttifaqının birgə “Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi”nin “İfadə və media azadlığı” layihəsinin də özünəməsxus yeri var”,
Ə. Həsənov vurğulayıb ki, diffamasiya mövzusunda təşkil olunan bu tədbir Azərbaycanda uzun müddət müzakirə olunan məsələlərdən biridir: “Diffamasiya haqqında qanun layihələri bir təşəbbüs kimi 2005, 2011 və 2013-cü illərdə hazırlnıb və onların ətrafında ictimai müzakirələr təşkil olunub. İctimai müzakirələrin nəticələri göstərib ki, insanların mətbuat səhifələrində təhqir olunması hallarının yüksək, medianin iqtisadi məsuliyyətinin zəif və siyasi qütbləşmənin güclü olduğu bir zamanda belə bir qanunun qəbul edilməsi əks effect yaradar, vəziyyəti daha da mürəkkəbləşdirə bilər. İlk növbədə mətbuat orqanlarının iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalist peşəkarlığının artırılması istiqamətində müəyyən tədbirlər həyata keçirilməlidir. Mətbuatın siyasi qütbləşməsinin səviyyəsi maksimum aşağı enməlidir. Yalnız bundan sonra müvafiq qanunun qəbul edilməsi məsələsinə baxıla bilər. Həmçinin, ictimai rəyin bu yeniliyə hazırlanmasını etiva edən bir sıra zəruri tədbirlərin həyata keçirilməsi lazım idi”.
“2007-ci ildən sonra Azərbaycanda ATƏT, Avropa Şurası, Avropa Birliyi, Beynəlxlq Jurnalist Təşkilatları ilə birgə jurnalist peşəkarlığının artırılması yönümdə çoxsaylı tədbirlər həyata keçirilib və müsbət nəticələr əldə olunub” deyən Əli Həsənov respublika Prezidentinin sərəncamları ilə qəzet redksiyalarına və informasiya agenyliklərinə birdəfəlik maliyyə yardımları ayrılması, 2008-ci ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının hazırlanması və 2009-cu ildə AR yanında KİV-in İnkişafın Dövlət Dəstəyi Fondunun yaradılması, söz və məlumat azadlığının çərçivəsinin genişləndirilməsi və KİV-lərin müstəqilliyinin təmin edilməsi sahəsində bir sıra tədbirlərin gerçəkləşdirilməsi ilə bağlı məsələlərə də toxunub: “2009-cu ildə Prezident İlham Əliyevin “Jurnalist fəaliyyətinə və diffamasiya hallarına görə medianın cinayət məsuliyyətinə cəlb olunması Azərbaycanda yolverilməzdir” kimi bəyanatından sonra AR CM-nin 147 və 148-ci maddələrinin jurnalistlərə münasibətdə tətbiqinə monitoriya qoymuşuq. Həmin vaxtdan bu maddələr üzrə jurnalistlərə qarşı qaldırılmış cinayət işləri ya icraata götürülməyib, ya da mülki qanunvericilik əsasında baxılıb…
2011-ci il dekabrın 27-də AP təsdiq etdiyi insan hüquqları üzrə Fəaliyyət Planında diffamasiya haqqlnda qanununun qəbulu gündəmə gətirilib. ATƏT-in dəstəyi ilə qanun layihələri hazırlanıb Milli Məslisə təqdim edilib. 2013-cü ildə qanun layihəsi MM-də hazırlandı və ekspertiza üçün Avropa Şurasının Venesiya Komissiyasına göndərildi. Lakin bu sahədə fikir ayrılıqları yarandığına görə, indiyədək onun müzakirəsi davam edir”.
“Yüksək vəzifəli şəxslər tənqidə daha dözümlü olmalıdırlar”
Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Draqana Filipoviçin fikrincə, Avropa Şurası media prüralizmini üzv ölkələrdə, o cümlədən Azərbaycanda təşviq edir: “Azərbaycanda ifadə azadlığı və media azadlığı” layihəsi də bu qəbildəndir: “Diffamasiya barədə qanunun məqsədi ifadə azadlığını müdafiə etməkdir. Avropa Şurasının baş katibi Avropa Şurasına üzv 47 dövləti bu barədə qanun qəbul etməyə çağırıb. Avropa Şurası Nazirlər Kabineti media azadlığı ilə bağlı üzv ölkələrdən qanunvericiliyi nəzərdən keçirməyə çağırıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra media azadlığı ilə bağlı qanunvericilik aktlarını təkmilləşdirib, ancaq diffamasiyaya görə cinayət məsuliyyəti hələ də qalır”.
Avropa Şurası İnformasiya Cəmiyyəti İdarəsinin rəisi Patrik Pennikx qeyd edib ki, 250 il əvvəl İsveç parlamenti media azadlığı ilə bağlı liberal qanun qəbul edib: “Bu qanun dünyanın ilk informasiya azadlığı qanunu olub. “Azərbaycanda ifadə azadlığı və media azadlığı” layihəsi çərçivəsində isə biz jurnalistlərə təlimlər keçməklə informasiya azadlığına dəstək verməyə çalışırıq. Jurnalistləri hüquq və öhdəlikləri barədə maarifləndirmək qarşıya məqsəd qoyulub. Bu yaxınlarda 15 jurnalistin Avropa Şurasına səfərini təşkil etmişik”.
P. Pennikx diffamasiya qanunlarının istisna hallarda tətbiq edilməli olduğunu söyləyib: “Yüksək vəzifəli şəxslər tənqidə daha dözümlü olmalıdırlar. Açıq siyasi məsələlərin müzakirəsinə heç bir məhdudiyyət qoyulmamalıdır. Jurnalistlər və media isə insanların hüquq və reputasiyalarına münasibətdə hədləri keçməməli, jurnalistikanın etik qaydalarına riayət etməlidirlər”.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Avropa Şurasının niyyətinin Azərbaycanda media sahəsində qanunvericiliyin təkmilləşməsinə yardım etmək olduğunu nəzərə çatdırıb: “Diffamasiya mövzusu cəmiyyətimiz və media ictimaiyyəti üçün yeni deyil, lakin müzakirə gedişində bu istiqamətdə yeni nələrinsə öyrənib, dəyərləndirə biləcəyik”.
Ə.Amaşıv demokratik-hüquqi dövlətdə diffamasiyanın zəruriliyini vurğulayıb: “Heç bir jurnalist KİV-də yaydığı materiala və səsləndirdiyi fikrə görə cinayət məsuliyyəti ilə üzləşmək qorxusu ilə diskomfort yaşamamalıdır. Digər tərəfdən, jurnalist məsuliyyətli olmalıdır. Diffamasiya mühitinin özü də heç kimə xələl gətirməməlidir. Bu sahədə qanunun əleyhidarları və onun qəbulunu istəyənlərin fikirlərində toqquşma nöqtələri var. Diffamasiya mühiti Avropa ölkələrinin bir çoxunda da bərqərar olmayıb. Biz də bu fikirdəyik ki, diffamasiya prinsip etibarilə vacibdir. Mətbuat Şurası 2008-ci ildən diffamasiya təşəbbüsləri qaldırıb. 2011-ci ildə Mətbuat Şurası diffamasiya haqqında qanun layihəsi hazırlayıb, bu layihəyə Avropa Şurası yüksək qiymət verib. Biz sonra Milli Məclisdə bu qanun layihəsi üzərində birgə işləmişik. Nəticəsi isə məlumdur. Layihə Venesiya Komissiyasında qalıb”.
Ə. Amaşov diffamasiya ilə bağlı cəmiyyətdə fikir ayrılıqları olduğunu da bildirib: “Bir sıra insanlar diffamasiyanın Azərbaycan üçün tez olduğu qənaətindədir. Deputatlar arasında da ortaq mövqe nəzərə çarpmır. Amma düşünürəm ki, bu gün biz yeni mərhələyə start veririk. Bu, diffamasiyaya hazırlıq dövrüdür”..
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlının qənaətinə görə, diffamasiya haqqında qanunun qəbul edilməsi ilə bağlı məsələlərdə müzakirə obyekti insanın əsas iki təməl hüququnun müdafiəsi və təmini ilə bağlıdır: “Bunlar ifadə və söz azadlığı hüququ, insanların şəxsi həyatının müdafiəsi və hörmət hüququdur. Demokratiyanın bərqərar olunmasında hər iki hüquq mühüm rola malikdir. Avropa Konvensiyasının 10-cu maddəsi ifadə azadlığını özündə əks etdirir. Azərbaycan Konstitusiyasının 47 və 50-ci maddələrində fikir və ifadə azadlığı ilə bağlı normalar təsbit olunub. İnsan haqlarına dair beynəlxalq sənədlərdə deyilir ki, ləyaqət hissi yer üzərində bütün insanlara xasdır. İnsanın şərəf və ləyaqəti onun sosial, iqtisadi hüquqlarının mənəvi əsasını təşkil edir. Bu normalar Avropa Konvensiyasının 3-cü və 8-ci maddəsində də təsbit olunub.
Diffamasiya haqqında qanun qəbul olunarkən ifadə azadlığı və ləyaqət hüququ arasında balans nəzərə alınmalıdır. İstər jurnalistlər, istər də əhalinin hüquq mədəniyyətinin artırılması istiqamətində xeyli iş görülməlidir”.
Azərbaycanın Litva modelində qanunu qəbul etmək istəyindən danışan Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli diffamasiya haqqında qanun layihəsinin Avropa Venesiya Komisiyasına göndərildiyini və uğurlu rəy alınmadığını deyib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Ceron Vilims, Avropa Şurasının eksperti Garvin Millar, Venesiya Komissiyasının vitse-prezidenti Herdis Thorgeirsdottir diffamasiya haqqında qanunla bağlı beynəlxalq standartlar və təcrübə, məhkəmə qanunvericiiyi və İnsan Haqları üzrə Konvensiyanın 8 və 10-cu maddələrinin müddəaları, Avropa İnsan Haqları Məhkəməsində baxılan məhkəmə işləri haqda dəyirmi masa iştirakçılarına ətraflı məlumat veriblər. Müzakirələrdə media eksperti Ələsgər Məmmədli, MŞ sədrinin müavini Müşfiq Ələsgərli, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev, Jurnalist Qadınlar assosiasiyasının rəhbəru Sevil Yusifova və başqaları mövzu üzrə maraqlı fikirlər səsləndiriblər.
Şərhlər bağlıdır.