Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycançılıq – Türkçülük birliyi

Əski sovet rejimi, imperiya üsul idarəsi çağlarında belə zamanın üzünə dik baxan, onu mətanətlə üstələyən Asif Əfəndiyev yaratdığı inamı bəşərə Asif Ata kimi qaytarır. Dünyanın mənasını dünyadan artıq, təbiətin mənasını təbiətdən artıq, insanın mənasını insandan artıq dəyərləndirən əbədi yaşar filosof inamını Zərdüştlə, Nəsimi ilə müqayisə etmək olar, ancaq tənləşdirmək mümkün deyil. Çünki Asif Ata özünəməxsus bənzərsiz fikir sahibidir.
Asif Ata müstəqil filosof olaraq təzə mütləqə inam fəlsəfəsini, – inam yaratdı. Bu mənəm – Azərbaycandı dedi. İndiki dövrdə Azərbaycana inam gərəkdir, peyğəmbərimiz gərəkdir, dərəcəli alim, filosof yox. Azərbaycana müstəqilliyi sevən, mübarizə aparan vətəndaş lazımdır, türkçü lazımdır, inamçı lazımdır-dinçi yox. Bu özünü 30 ildən bəri təsdiq edən Asif Atadır.

Ömür yolu

Asif Ata (Əfəndiyev Asif Qasım oğlu) 1935-ci il sentyabrın 25-də Qazax mahalının Qaraqoyunlu elində, Çaykənd kəndində (Ermənistana sovetlər tərəfindən bəxş olunmuş yerdə – Krasnoselo rayonunda) doğulmuşdur. Atası Qasım Əfəndiyev kimya, anası Növrəstə xanım isə ibtidai sinif müəllimi olmuşdur. Nəsil mənsubiyyəti baxımından ruhani təbəqəsinə aiddir. Ulu babası Hacı Alı əfəndi Qazaxın Daşsalahlı kəndinin axundu olmuş, sonralar oradan Çaykəndə köçmüşdür. Asif Atanın babası Molla Məhəmməd Çaykəndin ruhani müəllimi olmuşdur. Orta təhsilini Çaykənddə, Gəncədə və Ağstafada alan Asif Ata

1951-ci ildə orta məktəbi bitirir və elə həmin ildə ADU-nun filologiya fakultəsinə daxil olur. 1952-ci ildə Maksim Qorki adına Moskva dünya Ədəbiyyatı institutuna təhsil almağa göndərilir. Burada oxuduğu illər ərzində o dünya fəlsəfəsini, ədəbiyyatını, tarixini, mədəniyyətini öyrənir və dünya ilə müqayisədə Azərbaycanın böyüklüyünü bir daha təsdiq edir. Moskva Asif Atanın Azərbaycançılıq dövrü olur.
1957-ci ildən institutu fərqlənmə diplomu ilə bitirən Asif Ata Yeni İnam yaratmaq qətiyyəti ilə Azərbaycana qayıdır. 1959-cu ildən başlayaraq rus dili və ədəbiyyatı institutunda Qərb ədəbiyyatı müəllimi işləməyə başlayır. Onun müəllimlik yönü inamçılıq olur. 1959-cu ilin noyabr ayında “Literaturnıy Azerbaydjan” jurnalında çap olunan “Tənqid və zəmanə” məqaləsindən sonra Asif Ata təqiblərə məruz qalıb, işdən çıxardılır.
1976-cı ildə onun “Müdriklik səlahiyyəti” kitabı çap olunur. Elə həmin ildən ildən etibarən BDU-da estetika müəllimi kimi işləməyə başlayır və orada “Etik və Estetik mənəvi tərbiyə klubu” yaradır. Asif Ata ocağının ilk ideyaları burada səslənməyə başlayır və klub yüzlərlə insanın sevimlisinə çevrilir. 1979-cu ildə universitet rəhbərliyi Asif Ataya klubun tədbirlərini keçirməyə icazə vermir və o klubu Respublika “Bilik Cəmiyyətinə” köçürməli olur. Klub burada “Klub” yox, “Ocaq” adlandırılır. A.Əfəndiyev isə “Sədr” yox, “Ata” çağrılmağa başlanır. “Asif Ata”, “Ocaq atası” ifadəsi belə yaranır. Tezliklə Asif Ata və onun “Ocağ”ı DTK tərəfindən təqib olunmağa başlanır. Lakin o “Ocaq” fəaliyyətindən əl çəkmir. 1982-ci ildə Asif Ata “antimarksist, antisovet, revizonist, antikommunist, pantürkirst, anarxist, faşist” adlandırılaraq işdən, partiyadan çıxarılır, ailəsi dağıdılır. Elmi dərəcəsinin və elmi adının alınması barədə Ali Attestasiya Komissiyasına müraciət edilir. Lakin bütün bunlar Asif Atanın inamının gücünü sındıra bilmir. Ömrünün bu çətin vaxtlarında o, gizli şəkildə “Ocaq” fəaliyyətini davam etdirir. “Mütləqə inam”, “Yol”, “Mütləqləşmək-var olmaq”, “Mütləqlik” və s. müqəddəs kitablarını yazır.
1988-ci ildə Asif Atanın “İnam və şübhə” kitabı çapdan çıxır. 1991-ci ildə Asif Ata Ali Attestasiya kommissiyasına müraciət edərək insanlıq ləyaqətini qorumaq üçün elmi dərəcəsindən və elmi adından imtina etmişdir. Bu, onun imperiya ideologiyasına qarşı etirazı idi.
Sonralar onun mətbuatda yüzlərlə yazıları dərc olunmuşdur. Asif Ata Ocağının fəaliyyəti dövründə Ocaq övladları, Ocaq mərasimləri, Ocaq təqvimi hadisələri təsdiq olunmuşdur.

Asif Ata 37 müqəddəs kitabın Atasıdır. O, Türkçülüyün üç əsas cəhətini özünəməxsus şəkildə analiz edərək əsaslandırmış, yazmış və yaratmışdır.
– Ruhani Türkçülüyün Mahiyyəti ən çox Azərbaycançılıqda aşkarlanır. Ruhani Türkçülüyün Təməl Hadisələrindən biri Zərdüştçülükdür.
– Tarixi Türkçülüyün mahiyyəti ən çox Türkiyəlikdə, Osmançılıqda aşkarlanır.
– İdeoloji Türkçülüyün mahiyyəti ən çox Ziya Göyalp, Əlibəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə ideyalarında aşkarlanır.

Qədim Türkün Tanrısı – Təbiət idi; Göy idi; Su idi; Dağ idi, Od idi;

Türk Təfəkküründə Dünya – əslində Özündən əmələ gəlmişdi; Semit dinlərində Dünyanı Təbiətüstü Qüvvə – Allah Yoxdan Yaratmışdı, Türklərin Təbiətə Səcdəsi – ağaya səcdə deyildi: Təbiət İnsanı bəndələşdirmirdi…Qədim Türkün Tanrısı – Dünyanın Təmsilçisiydi, hökmdarı deyildi. Türkün Tanrısı – türkü qorxutmurdu, əymirdi. Türk vüqarı dünyada məşhur idi və onu bəsləyən əslində Türk Tanrıçılığıydı.

Zərdüştçülük – Türk Tanrıçılığının davamıdır. Zərdüştün Hürmüzdü İnsana ağalıq eləyən Allah deyildi, ona xidmət eləyən, onun uğrunda döyüşən Allah idi. Zərdüşt Odpərəstliyi İşıqçılıq idi – əslində qaranlıqla, Əhrimənlə döyüşən – Od – Hürmüzd işığı idi. Zərdüştçülükdə fikir, əməl, duyğu təmizliyinə çağırış onun odçuluğu ilə bir idi. Bu ideyalar Semit Allahçılığı çərçivəsinə sığmırdı, bu səbəbdən də islam Zərdüştçülüyə qarşı çıxdı.

Dünyaya meydan oxuyan Türkdən itaətçi – islamçı düzəltmək ən qatı yalançılıqdır. Teymurilərin “İslam naminə döyüşü, yaxud Osmanlı sultanlarının xəlifəliyi siyasi xətt idi”. Teymur din uğrunda döyüşmürdü – hökmranlıq uğrunda döyüşürdü. Osmanlı sultanları da xəlifəlik vasitəsilə imperiyanı möhkəmləndirirdilər.

İslamçı Türkçülük ideyası məqsədyönlü xurafatdır. Qismətçilik, itaət, qorxu əsarəti Türk ruhuna yaddır. Zərdüşt işıqçılığı isə Türk ruhuna doğma idi, onu ifadə edirdi. Zərdüştçülük Midiya dövründə Azərbaycançılıq – Türkçülük birliyini ləyaqətlə təmsil eləyirdi.

Ruhani Türkçülüyün digər təməl hadisəsi Xürrəmilik – Babəkçilikdir. Xürrəmilik sonrakı ehkamlara sığmırdı, sovetçilər Babəkçiliyi özününkü saymırdı. İndikilər islam libasına daha bərk büründükcə Xürrəmilikdən yan keçməyə çalışırlar.

Xürrəmilik – azadlıq, yenilməzlik
fərəhi ideyasının ifadəsidir, Azərbaycançılıq – Türkçülük birliyinin təsdiqidir. Bunun üçün, Asif Atanın dediyi kimi, bəşərin nicatı insanlaşmaqdadır, insanlaşmaq lazımdır.
İnsanlaşmaq
Zəmanə inamını inamsızlıq saydım, – inam yaratdım.
Zəmanə idrakını idrakçılıq saydım, – idrak yaratdım.
Zəmanə mənəviyyatını mənəviyyatsızlıq saydım, –
mənəviyyat yaratdım
Zəmanə iradəsini iradəsizlik saydım, -iradə yaratdım.
Zəmanə amalını amalsızlıq saydım, – amal yaratdım.
Zəmanə əməlini əməlsizlik saydım, – Ocaq yaratdım.
Təqiblərə yüksəldim, – Ata çağırıldım.
Bəşərin nicatı insanlaşmaqdadır.
İnsanlaşın, insanlaşın…
Asif Ata

Rafiq Turabxanoğlu,
Eyyub Cabbaroğlu

Şərhlər bağlıdır.