Cəmiyyət

Aynur hərbçi olmaq istəyir, valideynləri isə etiraz edir.

Aynur Şirinli: “Hətta valideynlərim mane olsa da qaçıb gedərdim, şəhid belə olmaq istəyərdim”

“Qız uşağından hərbçi olmaz”

Mingəçevirdə yaşayan Aynur Şirinlinin 16 yaşı var. 11-ci sinifdə oxuyur, I ixtisas qrupuna hazırlaşır. Uşaqlıqdan arzusu hərbçi olmaqdır. Ətrafındakı insanlar onun fikrinə başqa cür münasibət bəsləyir, “Qız uşağından hərbçi olmaz” deyə ona psixoloji təsir göstərirlər. Aynurun ən böyük problemlərindən biri  hara və necə müraciət etməsini bilməməsidir.

Hərbçi olmağı qarşısına məqsəd qoyan bu qız daima öz üzərində çalışır, təlimlərə qatılır: “Elə hiss edirəm ki, lap uşaqlıq olsun, lap indiki halım,  sanki bu sevgi doğulandan məndədir, həmişə məndə olub”.

Aynura deyirlər ki, onda bu maraq türk filmlərinə çox baxdığına, qohumlarından kiminsə hərbçi olduğuna görə yaranıb.  Valideynləri də gənc qıza dəstək olmaq istəmir, əksinə onu bu yoldan çəkindirməyə cəhd edirlər. “Uşaq vaxtı anam mənə əsgər oyuncaqlarını almırdı ki, onları görüb həvəsim çox artmasın, fikrimi dəyişim”-Aynur belə deyir. Aynur isə heç kimin, hətta doğmalarının da onun gələcək həyatına qarışmamasını istəyir.

“Ağdamı görməsəm də şəhid belə olmaq istəyərdim”

Aynurun hərbçi olmaq arzusu ata-babalarının doğulub-boya başa çatdığı Ağdama sevgisiylə bağlıdır. O, Ağdamı görməsə də,  özünü qarabağlı hesab edir və bir gün bu məmləkətimizi azad edənlərin içərisində olacağını düşünür: “Əgər 2016-cı ildə Aprel döyüşləri zamanı yaşım düşsəydi, mütləq gedib döyüşərdim. Hətta valideynlərim mane olsa da qaçıb gedərdim, şəhid belə olmaq istəyərdim”.

Aynur daxili qoşun hissələrində snayperçi kimi çalışmasını və belə sahələrdə qadınların sayının çox olmasını istəyir. O, “Hərbçi peşəsi qıza yaraşan deyil” ifadəsini cəmiyyətdən eşitmək istəmir.

Uşaqlara etimad onların inkişafında əsas şərtdir.

Qarabağ qazisi Kamil Musəvi və təhsil aldığı 18 nömrəli tam orta məktəbin hərbi müəllimi Firidun İskəndərli bu gün Aynura dəstək olurlar. Firidun müəllimin Aynur haqqında gözləntiləri yüksəkdir: “Aynur bacarıqlı, əzmkar qızdır. Hərbə aid bütün sirləri öyrənməyə çalışır, yarışlar olanda ilk o qatılır. Ümid edirəm ki, çəkdiyi əziyyətin bəhrəsini görəcək” .

Kamil Musəvi də deyir ki, ölkəmizin cəsarətli qızlarından olan Aynur bu hərəkəti ilə bəzi kişilərə nümunə göstərir və gələcəkdə də işin öhdəsindən ləyaqətlə gələcək.

Mingəçevir Dövlət Universitetinin ədəbiyyat müəllimi Pərvin Hüseynova da Aynuru dəstəkləyənlərdəndir: “Mənim Banu adında 7 yaşlı qızım var, hərbi pilot olmaq istəyir. Ailəm, qohumlarım bizi dəstəkləyirlər. Uşaqlara düzgün tərbiyə versək, dəstək göstərsək, onlar cəmiyyətimizə də xeyirli olarlar”.

“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Yeganə Nəbiyevanın fikrincə, uşaqlara göstərilən etimad onların müsbət istiqamətdə inkişafında əsas şərtdir: “Buna görə də daima onların fikirlərinə hörmətlə yanaşmaq valideynlərin borcudur.  Bu səbəbdən biz Aynurun arzularına da rəğbətlə yanaşmalıyıq”.

Mingəçevir Gənclər Evinin təlimçi-psixoloqu Seymur Səfərəliyev də Aynuru tez-tez motivasiyaedici  təlimlərə dəvət edir : ”Mən inanıram ki, Aynur bir gün hərbçi olacaq!”

Tag
Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Bu xəbəri oxumusunuz?

Close
Close