Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bakıda “Qızlar İKT-də – Beynəlxalq Gün” konfransı keçirilib

“Media forum” saytı xəbər verir ki, İREX təşkilatının USAİD-in dəstəyi ilə təşkil etdiyi, Bakının “Avropa” otelində keçirilən konfransı Təhsil Nazirliyinin nümayəndəsi açıb. Gender problemləri üzrə QHT nümayəndələrinin iştirak etdiyi konfransda İKT sahəsində gənc xanımların töhfəsi vurğulanıb və “Tech Age Girls” (TAG) layihəsinin qalibləri mükafatlandırılıb.

TAG proqramı gənc xanımları öz İKT bacarıqlarını inkişaf etdirməyə həvəsləndirir, onlara İKT sahəsində xüsusi bilik verir, media təlimləri təşkil edir və ictimai müzakirələrə qatılmaq şansı yaradır.

TAG proqramının bir hissəsi olaraq Azərbaycanın 10 rayonundan 110 qız 2011-ci ildə USAİD-in dəstəyi və İREX-in təşkilatçılığı ilə “Camera as Voice” təlimlərində iştirak edib. Bu proqram xanımlara multimedia vasitəsilə onları narahat edən məsələləri müzakirəyə çıxarmağa, öz baxışlarını ifadə etməyə kömək edir.

İREX-in Azərbaycan üzrə direktoru Anjela Nikoara bildirib ki, bu təlimlərdə iştirak edən gənc xanımlar çox istedadlıdırlar: “İştirakçıların sadə videokamera və ilkin informasiya texnologiya bilikləri ilə çəkdikləri multimedia reportajları çox maraqlıdır”.

Qızlar İKT-də Beynəlxalq Günü BMT üzvü olan ölkələrin təşəbbüsüdür. Bu günün məqsədi qlobal imkanlar yaratmaq, öz karyeralarını informasiya və kommunikasiya sahələrində planlaşdıran gənc qızları və qadınları cəsarətlindirməkdən ibarətdir.

Qızlar İKT-də Beynəlxalq Günü hər il aprelin sonuncu cümə axşamı qeyd olunur. İREX artıq ikinci ildir ki, Azərbaycanda bu tədbiri keçirir.

Üç ildir İREX təşkilatı USAİD-nin dəstəyilə Azərbaycan Yeni Media layihəsini reallaşdırır.

Şərhlər bağlıdır.