Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Atillanın “Damburu”

Dambur — tənburun Balakən, Qax və Zaqatala bölgəsində yerli əhalinin ləhcəsində deyilişidir Yerli musiqi aləti kimi nəinki Azərbaycanın şimal-qərb bölgəsi, həm də Şimali Qafqaz xalqlarının bir çoxu damburdan istifadə edir. Tənburun bir növü olan damburun Azərbaycan ərazisində çox dərin tarixi kökü vardır. Damburun əsas hissələri bunlardı: Çalovabənzər gövdə (çanaq), azca geriyə əyilmiş kəllə (tac), Qolla kəlləni birləşdirən kəmik xərək (körpücük), ağacdan hazırlanmış və gövdə üzərində yerləşdirilmiş kiçik xərək, kiçik ölçülü qol (buna sapağ da deyilir), qolun üzərində 5-7 ədəd ağacdan pərçim edilmiş pərdə (bənd). Qədim zamanlarda telləri iri mal-qaranın damarlarından hazırlanırdı. Lakin, sonralar tellər üçün, ipəkdən, metal tellərdən və hətta müasir dövrdə sintetik materiallardan da istifadə olunur. Alətin 2-3, bəzən də 5 teli olur. Damburun tellərinin bir ucu aşıxlara düyünlənir, digər ucu isə xərəklərin üzərindən keçmək şərti ilə gövdənin aşağı hissəsində yerləşdirilən qarmağa düyünlənir. Alət aşıxlar vasitəsilə tənzimlənir. Gövdənin üzlüyü üzərində damburun özünəməxsus akustik səslnməsi və estetik baxımdan gözəl görünməsi üçün, bəzəkli rezonator oyuqları açılır. Bəzən gövdənin yan tərəfində də bu cür oyuqlar olur. Gövdə ağ tut (“Calğa”) ağacının, yaxud da cökə ağacının kötüyündən, “qol” – qoz ağacından, “kəllə” – heyva ağacından, “aşıxlar” isə qoz, şabalıd və ya armud ağacından hazırlanır. Gövdənin aşağı tərəfində bəzən diş kimi çıxıntılı olur. Gövdənin üzlüyü bir qayda olaraq şam ağacından nazik formada düzəldilir və gövdənin açıq hissəsinə yapışdırılır.

Qarabağ TV

Şərhlər bağlıdır.