İdman

Avropa Gənclər Olimpiya Festivalına çox az qaldı

Basketbol, voleybol, həndbol kimi komanda yarışlarında qaliblərə bir yox, bir neçə medal veriləcək

Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalına  (EYOF) cəmi bir neçə gün qalıb. 3 gün sonra, iyulun 21-də başlayacaq festival ayın 27-də başa çatacaq.

Azərbaycan həmişə olduğu kimi bu tədbirə də xüsusi maraqla hazırlaşır. Yalnız yerli mütəxəssislərdən ibarət əməliyyat qrupu bütün idman məkanlarının auditini keçirmiş, hazırda xırda təmir işlərini bitirməkdədir. Atletlər Kəndi tam hazır vəziyyətdədir. 12 yarış məkanı 21-27 iyul tarixlərində bütün idmansevərlərə qapılarını açacaqdır.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın açıqlamasına görə, bu yarış üçün 946 medal hazırlanıb:  “Bunlardan 300-ü qızıl, 300-ü gümüş, 346-sı isə bürüncdür. Basketbol, voleybol, həndbol kimi komanda yarışlarında qaliblərə bir yox, bir neçə medal veriləcək. Amma medal dəsti 135-dir”.

Mötəbər yarışda Azərbaycanı 3 qız və 3 oğlan velosipedçimiz təmsil edəcək. Seçim zamanı iyulun 12-14-də keçirilən ölkə birinciliyinin qrup ötüşməsinin (ilk 3 yer), həmçinin EYOF-a hazırlıq məqsədilə Belçikada təşkil edilən təlim-məşq toplanışı və bir sıra yoxlama yarışlarının nəticələri əsas götürülüb. Qızlar Lalə Əbdürəhmanova (7 saylı Olimpiya Məktəbi), Gülşən İsmayılova (7 saylı Olimpiya Məktəbi) və Məleykə İsgəndərova (Respublika Olimpiya Velosiped Məktəbi), oğlanlar isə Nikita Sıtov (Respublika Olimpiya Velosiped Məktəbi), Mustafa Muxtarlı (7 saylı Olimpiya Məktəbi) və Nofəl Nuriyevdir (“Neftçi” İdman Klubu İctimai Birliyi). EYOF proqramına əsasən, iyulun 23-də fərdi, 25-də isə qrup ötüşməsi üzrə qaliblərin adına aydınlıq gələcək.

Biletlər yalnız açılış vı nağlanış mərasimləri üçün pulludur, bütün idman yarışlarına isə pulsuzdur. Hər bir şəxs öz şəxsiyyət vəsiqəsi ilə 4 ədəd bilet əldə edə bilər. Bu hətta məktəbli şagirdlərə də şamil olunur. İdman müəllimləri isə əməliyyat komitəsinə müraciət etməklə coxlu sayda bilet ala bilərlər.

Tag
Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close