Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Arif Əsədullayev: “Kamança Azərbaycanın xalq çalğı aləti olaraq mövcud olacaq”

Məktəbin direktoru Namiq Mirzəyev mədəni irsimizin təbliğində bu müsabiqənin rolundan danışıb,  tədbir iştirakçılarına uğurlar diləyib. Azərbaycanın regionlarını da əhatə edən müsabiqədə uşaq musiqi və incəsənət məktəbləri, muaiqi kollecləri və gimnaziyanın şagird və tələbələri 10-14, 14-17 və 18-21 yaş qrupları üzrə iştirak ediblər. Münsiflər heyətiniin sədri  Üzeyir Hacibəyli adına Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, respublikanın Əməkdar incəsənət xadimi Arif Əsədullayev, üzvləri Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq elmləri doktoru Abasqulu Nəcəfzadə və Xırdalan şəhər uşaq musiqi məktəbinin direktoru İkram Manafov ifaları qiymətləndiriblər.

Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyətşünaslıq üzrə elmi metodiki mərkəzdə bədii təhsil şöbəsinin müdiri Natiq Mustafayevin dediyinə görə, bu ünvanlı müsabiqədir,  yalnız kamança ifaçıları iştirak edirlər: “Mədəniyyət və Turizm Nazirliyi görkəmli kaman ustası Habil Əliyevin xatirəsinə gənc kaman ifaçılarının birinci respublika müsabiqəsini keçirir. Bakı, Sumqayıt və Goranboyda biz birinci turun dinləmələrini keçirmişik.  Ağcabədi, Şirvan şəhərlərində də uşaqların çıxışına qulaq asdıqdan sonra birinci turun yekunları münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. İkinci tur isə may ayının 2-dən 5-dək Ağdaş rayonunda baş tutacaq. Burada müsabiqənin əsasnaməsinə uyğun olaraq proqramda olan iri həcmli əsərlər-Azərbaycan muğamları ifa olunacaq. İki turun nəticələri qiymətləndirildikdən sonra respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması 25 may tarixində Beynəlxalq Muğam Mərkəzində nəzərdə tutulub. Burda mükafatlar və ifaçılara layiq olduqları dərəcəli diplomlar təqdim olunacaq”.

Müsahibimizin sözlərinə görə. müsabiqə çərçivəsində kaman üzrə tədrisinin səviyyəsi və onun yüksəldilməsi haqqında  təhlillər aparılır, iştirakçılara metodik göstərişlər verilir: “Bu təhlillərdən sonra  gələcəkdə tar  kimi kamanın da tədrisində uğurlara nail olacağıq”.

Arif Əsədullayev deyib ki,  bu müsabiqənin 5 il sonra keçirilməsini gözləyirmiş: “Bir neçə il öncə I Respublika müsabiqəsində cəmi 12, ikincidə 27 nəfər, sonra 47 nəfər kamança çalan uşaq iştirak edib. Bu gün isə tək kamança ifaçıları üçün ayrıca müsabiqə keçiririk və 150-yə yaxın ifaçımız var. Bu bizim sənətimizə, mədəniyyətimizə və musiqimizə verilən dəyərdir. Kamança Azərbaycanın xalq çalğı aləti olaraq mövcud olacaq”.

Mingəçevirin dünyanın ən qədim məskənlərindən biri hesab edildiyindən danışan  Abasqulu Nəcəfzadə isə bildirib ki, bu şəhərdə  su elektrik stansiyasının  tikintisi zamanı qazıntılar aparılarkən  qıdim qəbirlərdən 3-4 min il yaşı olan  çalğı alətlərinin qalıqlarına rast gəlinib: “Dünyada zurnadan söhbət gedəndə onun vətəninin Azərbaycan olduğu deyilib. Mingəçevirdə də zurnanın prototipi tapılıb”.

Şərhlər bağlıdır.