“Arifə bir işarə də kifayətdir”
Tək əldən səs çıxmaz deyərlər. Lakin Arif tək əli ilə ifa etdiyi qarmonla hamını heyran qoyur. Ona şəhərimizin müxtəlif yerlərində rast gəlirik. Hərdən ayaq saxlayıb, ifasına qulaq asırıq. Tək əli ilə qarmonu elə məharətlə çalmasına təəccüblənirik.
Əslində onun adı Aydındı. Sadəcə qarmonu heç kimdən dərs almadan ifa etdiyinə görə Arif deyə çağırıblar.
Bu yaxınlarda Arifgilin qonağı olduq. Qapıda bizi ağbirçək və nurani bir qadın qarşıladı. O, Arifin anası Fatimə xanım idi. Ana-bala bir otaqlı evdə yaşayırlar.
“Şəraitinizdən razısınızmı?” sualına Fatimə xanım cavab verdi ki, bir otaqlı evdə yaşamalarına baxmayaraq, özlərini xan hesab edirlər.
Otağa daxil olanda Arifi əlində qarmonu ilə divanda oturan gördük. Nitqində qüsur olduğuna görə, Ariflə bağlı məlumatı anası verdi.
Bildirdi ki, Arif 1947-ci ilin dekabr ayında İsmayıllı rayonunun Talıstan kəndində anadan olub, hələ doqquz ayında, digərlərindən fərqli olaraq, normal şəkildə danışıb və çevik hərəkətlər edib. Lakin altı yaşında ikən eyvandan yıxılaraq, alma kötüyünün üstünə düşüb və sağ qolu sınıb: “Əvvəl kənddəki sınıxcıya apardıq. Üç gündən sonra onun qolu qanqrena verdi. Sonra apardıq Göyçay xəstəxanasına. Həkimlər dedilər ki, qolu kəsməkdən başqa yol yoxdur. Bir ay xəstəxanada qaldıq”.
Fatimə xanım deyir ki, bu hadisədən sonra Arif bir il danışmadı: “Qolu kəsiləndən sonra uşaq bir müddət havalı kimi gəzirdi”.
Fatimə xanımın bildirdiyinə görə, xəstəxanada Ariflə bir yerdə müalicə olunan xəstələrdən birinin yanına qoca kişi gələrdi. Bir gün o, dedi ki, bəs Arifə vergi verilib: “Cavan olduğum üçün kişinin nə dediyini başa düşmədim və sözünü qulaqardına vurdum. Hətta bir seyid mənə dedi ki, bu uşağa pəhləvanlıq vergisi verilib və qoca bir qadının uşağa gözü dəyib, başı bəlalar çəkəcək. Göydən üç bəla enib ona. Əgər sağ qalsa, sənət vergisi veriləcək. Bir də onu dedi ki, sənət vergisi veriləndə 40 gün Arifi bağlı qapı arxasında saxla. Kişi belə deyəndə əsəbləşdim ki, bunun qolu yoxdu, necə sənət verilə bilər axı…”
Arifin sağ qolu sağalmamış sağ ayağı sındı. Yenə xəstəxanalara düşdü. 50 gün ərzində vəziyyəti o qədər pisləşdi ki, sağ qalmasına ümidləri üzüldü. Bu müddət ərzində sudan başqa heç nə dadmadı. Kəfəninə kimi alındı. Hər gün qonşular, qohumlar ona baş çəkirdilər.
50 gündən sonra qəfil ayılıb, qorğa istədiyini dedi. Qonşu gedib bir ləyən qovurub gətirdi. Arif bir ləyən qorğanı yeyib qurtardı.
“Bir gün güyümü götürüb bulağa getdim. Gələndə həyətimizdə eşitdim ki, evimizdən qarmon səsi gəlir. Fikirləşdim ki, yəqin yoldaşımdı, Bakıdan gəlib. Bizim evdə böyük və balaca qarmon var idi. İçəri girib gördüm ki, Arif əsə-əsə kiçik qarmonu götürüb çalır. Birdən kişinin sözü yadıma düşdü. Suyu içəri qoyub, qapını çöldən qıfılladım. Qonşular dedi ki, icazə ver, baxaq görək necə çalır. Qoymadım ki, mənə tapşırıblar, qapını bağlı saxlayım”.
Fatimə xanım oğlunun ilk ifa etdiyi mahnının “Uzandərə” olduğunu deyir.
1976-cı ildən Mingəçevirdə yaşayırlar. 8 nəvə, 9 nəticə sahibi olan Fatimə xanım Arifi bəxş etdiyinə görə Allahdan razı qaldığını deyir. Ana-bala hər ikisi də təqaüd alır. Lakin buna baxmayaraq, dolanışıqlarından şikayət etmirlər.
Orada olduğumuz müddətdə qonşuların tez-tez gəlib onların nəyəsə ehtiyacı olub-olmaması barədə xəbər aldıqlarının şahidi olduq. O, qonşularından çox razı qaldığını dedi.
Xahiş etdik, Arif sözümüzü yerə salmadı, bizim üçün bir neçə mahnı ifa etdi. Fatimə xanım dediyinə görə, Arifin musiqiyə bir dəfə qulaq asması kifəyət edir ki, həmin mahnını ifa etsin.
Atalar yaxşı deyib: “Arifə bir işarə də kifayətdir”.
Elnarə İbrahimova
Şərhlər bağlıdır.