Aprel ayının qalibiyyət savaşı
“Teymur evlənməyi yox, şəhidliyi seçdi…”
Aprel hadisələrində Mingəçevir üç şəhid verdi: Teymur Sabir oğlu Qasımov, Adil Kamran oğlu Adilzadə və Rüstəm Oruc oğlu Əhmədov. Onların hər üçü Talış kəndi istiqamətindəki yüksəklik uğrunda gedən döyüşlərdə həlak oldu və böyük insan izdihamının müşayiətilə şəhərin mərkəzindəki Şəhidlər Xiyabanında torpağa tapşırıldı . Teymur və Adil ölümündən sonra Azərbaycan Prezidentinin sərəncamıyla “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olundular.
Nuran qardaşı Teymur haqqında danışarkən göz yaşlarını saxlaya bilmir: “Teymurla bir yerdə xidmət edirdik. 2012-ci ildə əsgər olmuşdu, sonradan MAHXQ kimi çalışırdı. Heç vaxt kənarda qalmağı xoşlamırdı. Yoldaşlarına həmişə can yandırardı. Aprelin əvvəlində hər ikimiz Talış kəndində döyüşürdük. Üç gün döyüş getdi, kifayət qədər torpağımızı azad etdik. Düşmən tərəf çoxlu itki verdi. Biz irəlilədikcə onlar qaçırdılar. Müqavimət göstərmək istəyənləri dərhal məhv edirdik. Bu üç gündə Talış, Seysulan, Lələtəpə və Naftalanın bütün yüksəkliklərini qaytara bildik. Talışdan Madagezə kimi təmizlədik. İndiyə kimi Füzuli yolunun qarşısını kəsən Lələtəpə idi. Ordan da düşmənlərimizi çıxarda bildik. Yol açıldı”.
Nuran deyir ki, ayın 4-də qardaşından xəbər çəxmayıb: “Erməni postlarını tutmuşduq. Başladıq əsgər və zabitlərimizi axtarmağa-kimlər var, kimlər yoxdu? Əvvəl elə bildik itkin düşüb. Sonra öyrəndik ki, yaralı yoldaşlarına kömək edərkən şəhid olub. Üç gün axtardıq. Postlardan birinin yanında meşədən tapdıq. Ayın 14-də nişanı olasıydı. Amma qardaşım evlənməyi yox, şəhidliyi seçdi, əksəriyyətimizin qalxa bilməyəcəyi zirvəyə yüksəldi”.
“Adil indi bütün Azərbaycanın övladıdır”
Adilin 23 yaşı vardı. Bir müddət Qəbələnin, sonra Yevlağın futbol komandalarında oynamışdı . Əsgərliyini çəkəndən 3 il sonra, 2015-ci ilin iyulunda MAXEQ kimi yenidən hərbiyə qayıtmişdı. Atasının dediyinə görə, bütün qazancını ailənin və tələbə bacısının xərclərinə ayırırdı: “Bacısını çox istəyirdi. Əksər vaxtlarda anası ilə məni sevindirmək üçün bacısı ilə xəbərləşib, bizdən xəbərsiz gələrdi. Qəfil qapı açılırdı, bacısı ilə birgə içəri girirdi. İndi o qapının üstündə oğlumun cənazəsi bürünmüş Azərbaycan bayrağı dalğalanır. Oğul itkisi ağır olsa da, bizə təskinlik verən bir şey var: o, ölməyib, şəhid olub. Təki Vətən sağ olsun. Nə vaxtsa hamımız dünyamızı dəyişəcəyik, amma Adil kimi ola bilməyəcəyik. Aprelə qədər o, təkcə bizim oğlumuz idi, indi bütün Azərbaycanın övladıdır.”.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin rəisi Şahin Xəlilov şəhid Adil Adilzadəni qəhrəman hesab edir: “Hərbi hissədən aldığımız məlumata görə, o, Talış kəndi istiqamətindəki yüksəklik uğrunda gedən döyüşlərdə təkbaşına 17 erməni döyüşçüsünü öldürüb, nəticədə əsgər yoldaşlarının müdafiəsinə şərait yaradıb. Bu hadisə göstərdi ki, bizim gənclərimiz vətənin, torpağın namusunu hər şeydən, hətta canlarından üstün tuturlar. Belə oğullarla Azərbaycanın düşmən tapdağı altında qalan ərazilərini tezliklə azad edəcəyinə əmin ola bilərsiniz”.
Zaman bizim xeyrimizə işləyir
Aprel döyüşlərindən 2 həftə sonra facebook tanışlarımdan birinin-yerli bələdiyyədə çalışan Zahid Qasımlının maraqlı statusunu oxudum: “1993-2016. Şəhidin olum və ölüm tarixi. Rəqəmlərin arasına qoyulmuş tire boyda qısa ömür. Şəhidlər Xiyabanında uyuyan qonşu şəhid başdaşındakı ölüm tarixi təzəcə dəfn etdiyimiz şəhidin doğum tarixi ilə eynidir. Hər kisi Qarabağdakı torpaqlarımızı düşməndən geri almaq üçün döyüşüb, həlak olub. Biri şəhidlik zirvəsinə yüksələndə digəri anadan olmamışdı heç. Artıq ikinci nəsil şəhid olur”.
Zahid müəllim deyir ki, erməni və rus “uzaqgörənləri” 1993-cu ildə münaqişəni dondurmağın marağındaydılar: “Onlar düşünürdülər ki, zaman onların xeyrinə işləyəcək və 20-25 ildən sonra həm Ermənistanda, həm də Azərbaycanda yeni nəsil yetişəcək. Guya yeni erməni nəsli Qarabağı öz Vətəni sayacaq, Vətən bildikləri torpağı qoruyacaq, azərbaycanlı nəsli isə Qarabağı tanımayacaq və tanımadıqları torpaq uğrunda döyüşməyəcəklər. Amma unutdular ki, torpaq, Vətən sevgisi genlə, qanla keçir yeni nəslə. Zorla vətənpərvərlik olmaz. Başqasının müqəddəs saydığı torpağı özünküləşdirmək mümkün deyil”.
Müsahibimizin fikrincə, 1993-cü ildən 2016-cı ilədək özgə torpağında yaşayan, torpağın bərəkətindən, suyundan bəhrələnən erməni gənci üçün Qarabağ doğmalaşmadı: “Bu illər ərzində öz torpağında yaşamayan, oranın bərəkətindən, suyundan bəhrələnməyən, ömründə oralara ayaq basmayan azərbaycanlı gənc üçün isə yadlaşmadı Qarabağ. Aprel döyüşü bunu bir daha göstərdi…”
Zahid müəllim bildirir ki, əslində zaman erməni, rus siyasətçiləri və rusbaşlılarının deyil, Azərbaycanın xeyrinə, Ordumuzun güclənməsinə, gəncimizin vətənpərvərlik ruhunun dirçəlməsinə, xalqımızın birliyinin möhkəmlənməsinə işlədi. Gələcəkdə daha güclü olacaq Azərbaycan! İndi heç olmasa Azərbaycan vətəndaşı olan Qarabağ ermənilərinə Azərbaycan torpaqlarında yaşamaq hüququ verilir. Ağılları başlarına gəlməsə, gələcəkdə bu da olmayacaq”.
Şairin səngərdə gördüyü igidlər
Şair Məmməd Mərzili aprel döyüşlərində şücaət göstərən “N” saylı hərbi hissədəki əsgər və zabitlərlə görüşdüyündən və onlara yeni şeirlərini oxuduğundan həvəslə danışır: “Məni alqışlayan əsgərlərin üzündə qələbə əhval-ruhiyyəsi vardı. Onlar səngərdə düşmənlə üz-üzə dayanıblar və sərrast atəşlə düşmən toplarını geri çəkilməyə məcbur edirlər. Həm aprel savaşında, həm də ondan əvvəl və sonra bu igid oğullarımızı vurmaq istəyən düşmənin arzusu gözündə qalıb. . Nə hərbi texnikadan, nə də canlı qüvvədən itki verməyiblər. Bütün batareya düşmənə qarşı igidliklə döyüşür. Düşmən harda olduqlarını bilməsin deyə tez-tez yerlərini dəyişirlər. Bu da asan iş deyil. Gərək mövqeni dəyişən kimi kəşfiyyatın məlumat verdiyi düşmən tərəfdəki atəş koordinatını vurmağa hazır olasan. Həm də öz mövqeni düzgün seçəsən. Bunun üçün yüksək hazırlıq, peşəkarlıq tələb olunur”.
Məmməd müəllim batareya komandiri Sərxan Əhmədov, zabitlərdən Mehman Gülümcanlı, Vüqar Əliyev, MAXE hərbi qulluqçulardan Seymur Behbudov, Eldar Məhərrəmov, Natiq Məhərrəmov, Rüstəm Məmmədov, Niyaməddin Musayev, Sail Dərgahov, Rövşən Əmirov, əsgərlərdən Faiq Hüseynov, Səfa Səfərov, Əlfəddin Səfiyev, Vüsal Şıxməmmədov və başqalarının adlarını həvəslə çəkir: “Onlar aprel döyüşlərində yüksək ustalıq nümayiş etdirərək, tapşırığı tam yerinə yetiriblər. Buna görə də komandanlıq tərəfindən təşəkkür alıblar”.
Bölgələrdən Qarabağ harayı
Aprel ayında yevlaxlı gənclər Qarabağın qapısı Yevlaxda ordumuza həmrəylik nümayış etdirirərək, bir araya gəliblər. Minlərlə yevlaxlı gənc “Qarabağ bizim, bizim olacaq”, “Siz, uyuyun əziz şəhidlər. İntiqam alacaq Yevlaxlı gənclər” şüarları ilə yürüş edərək, Yevlax şəhərinin mərkəzi meydanına yığışıblar.
Eyni zamanda Azərbaycan Respublikası Prezdentinin Sərəncamına uyğun olaraq, ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırışla əlaqədar Yevlax şəhərindən hərbi xidmətə çağırılan gənclərin yolasalma mərasimi insan izdihamının həmrəyliyi ilə baş tutub. Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov şəhər sakinlərinin, xüsusən gənclərin bu cür yüksək vətənpərvərlik ruhunu yüksək qiymətləndirib. O, vuğulayıb ki, Ali Baş Komandanın əmri ilə yevlaxlılar hər an əldə silah Qarabağa getməyə hazırdırlar.
Çağırışçılar hərbi xidmətə getdikləri üçün qürur hissi keçirdiklərini bildiriblər. Onlar Azərbaycan bayrağını öpərək, Vətənə sədaqət andı içiblər. Yevlaxlı könüllü gənclər “Bizi də aparın Qarabağa, Vətən bizi gözləyir” deyərək, çağırış xidmətinə müraciət ediblər.
Mingəçevirdə, Şəkidə, Gəncədə, Zaqatalada, Lənkəranda, Qubada və digər bölgələrdə də on minlərlə insan küçəyə çıxaraq, Qarabağa getməyə, düşmənin layiqli cavabını verməyə hazır olduqlarını bildiriblər. Əksər könüllülər: “Bizə silah verin!”, “Vətən bizi gözləyir!” şüarları ilə küçələrə axışaraq, çağırış xidmətinə gəliblər. Birinci qrup Qarabağ əlili Əbülfət Babayev deyir ki, o da gənclərlə bərabər cəbhə bölgəsinə getməyə hazırdır: “Sağlamlıq imkanlarım məhdud olsa da, kənarda qalmaq istəmirəm”.
“Qoy şəhidlərimiz rahat uyusunlar”
“Cəbhə xəttində ermənilərin Azərbaycana qarşı təxribatı nəticəsində həlak olmuş hərbçilərimizin, mülki vətəndaşlarımızın xatirəsini anmaq və qəhrəman ordumuza dəstək olmaq bizim mənəvi borcumuzdur. Aprel hadisələri ilə əlaqədar məktəbimizdə “Qana qansa, cana can, yaşasın qüdrətli Azərbaycan!“ şüarı ilə aksiya keçirmişik”, – Azərbaycanın Milli Qəhrəmanı şəhid Ruslan Muradov adına Texniki Humanitar Liseyin direktoru Nailə Məmmədova belə deyir. Nail xanımın sözlərinə görə. bu kimi aksiyalarda Azərbaycanın münaqişənin sülh yoluyla həllinə tərəfdar olduğu, lakin Ermənistanın öz işğalçı mövqeyindən əl çəkmədiyi, yaşayış məntəqələrimizi hədəfə alıb mövqelərimizə zərbələr endirdiyi, dinc əhaliyə atəş açdığı pislənir: “ Biz əsgərlərimizin mübarizliyini, sücaətini şagirdlərimizə örnək göstərir, vətənin keşiyini çəkən hərbçilərimizlə qürur duyuruq. Çünki cəbhədə baş verən hərbi əməliyyatlarda Azərbaycan ordusu gücünü bir daha göstərdi, düşmən üzərində qələbə qazandı. Biz şəhid versək də torpaqlarımızın bir hissəsini azad etdik, düşmənə layiqli dərs verdik. Əgər bu dərsdən nəticə çıxarmasalar, onları acı aqibət gözləyir. Qoy şəhidlərimiz rahat uyusunlar. Çünki onların qanı yerdə qalmır”.
Şəhidlər Muzeyinin əməkdaşı Mətanət İsmayılovadan aldığımız məlumata görə, Mingəçevirdəki Xiyabanda 327 şəhid uyuyur: “Onların 4-ü “Milli Qəhrəman” adına, 7-si “Azərbaycan Bayrağı” ordeninə, 4-ü “İgidliyə görə”, 2-si isə “Hərbi xidmətdə fərqlənməyə görə” medalına layiq görülüb”.
QMİ Qazılar şurasının üzvü, bölgə qazısı Əli Məmmədov bu cür qəhrəman oğulları gələcək nəslə örnək hesab edir: “Dünyasını dəyişənlər məğlubiyyətin yox, qalibiyyətin şəhidləridir”.
Şərhlər bağlıdır.