Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qədim xalq oyunları Yevlaxdakı köçkün məktəbində

253

Mədəniyyət və Turizm Nazirliyinin maliyyələşdirdiyi “Qədim xalq oyun tamaşalarının bərpası və müasir el mərasimlərində yenidən canlandırılması” layihəsi çərçivəsində “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyi silsilə tədbirləri davam etdirir. Layihə çərçivəsində növbəti tədbir Yevlax şəhərində yerləşən 30 saylı Kəlbəcər tam orta məktəbində baş tutub. Mərasimdə təhsil və mədəniyyət işçiləri, media nümayəndələri, məktəblilər iştirak ediblər.

30 saylı Kəlbəcər tam orta məktəbin direktoru Zahid Kazımov qonaqları salamlayıb və müasirləşən dünaymızda qədim və tarixi dəyərlərimizin unudulmaması istiqamətində aparılan işləri yüksək qiymətləndirib. Mədəniyyət işçisi, filoloq Saday Musayev milli-mənəvi dəyərlərin, o cümlədən xalq oyunları ənənələrinin qorunub saxlanmasını iftixar hissi ilə vurğulayıb.

Qeyd edib ki,xalq oyunları insanların həyatının müxtəlif cəhətlərini, eləcə də mərasimləri əks etdirən qədim folklor janrından biridir. Natiqin sözlərinə görə,folklorumuzun qiymətsiz nümunələri olan “Maraloyunu”, “Kilimarası”, məişət problemlərimizdən bəhs edən və böyük tərbiyəvi xarakter daşıyan oyun tamaşalar bu gün məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb. Bunun əsas səbəbi bu mədəni dəyərimizin əsasən Qarabağda, Kəlbəcər və digər işal olunmuş rayonlarımızda qorunması, indi isə o yerlərin ermənilər tərəfindən işğalı nəticəsində o sənəti yaşadanların bir-birindən ayrı düşməsidir. Hansı ki, bu oyunlar ötən əsrdə toylarımızın, el şənliklərimizin əsas bəzəyinə çevrilib və hər məclisdə oynanılmışdır. Ailənin möhkəm təməllər üzərində qurulmasını insanlara aşılayan bu oyunların bu gün cəmiyyətdə təbliğinə böyük ehtiyac yaranmışdır”.

Yeni fəaliyyətə başlayan ”Qurtuluş” Televiziyasının regional direktoru İnqilab Şirinovun sözlərinə görə,  xalq oyunlarının mayasında yüksək əhval-ruhiyyə, fiziki hərəkət, ruhi saflıq, zehni güc və sağlamlıq dayanır. Dildən-dilə, eldən-elə keçən “Çövkən”, “Cilingağac”, “Topaldıqaç”, “Motal-motal”, “Əl üstə kimin əli”, “Bənövşə”, “Gizlən-qaç”, “Gözbağlıca”, “Fincan-fincan”, “Papaqatdı” və digər xalq oyunları uşaq və gənclər tərəfindən bu gün də həvəslə oynanılır. Təəssüf ki, bu xalq oyunlarının bəziləri artıq unudulur, uşaq və gənclər belə oyunlara çox az maraq göstərirlər.Məhz bu nöqteyi-nəzərdən “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin həyata keçirdiyi layihələr təqdirəlayiqdir, hər kəsə örnək olmalıdır.

Çıxşların ardından hər kəsin maraqla gözlədiyi “Maraloyunu” nümayiş olunub. Kəlbəcərli aşıqların ifasındakı milli musiqinin sədaları altında göstərilən bu xalq oyunu özünəməxsus çalarları ilə diqqət çəkib.

Şərhlər bağlıdır.