Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Allah bizə yaşamağa az zaman verib

Mir Teymur Məmmədov: “Qız Qalasından İçərişəhərə baxanda görürsən ki, minarələr musiqidəki yüksək tonlar, gümbəzlər aşağı tonlardı. Onlar canlı bir musiqidir”.

Külək qarı sovurub, havada fırladır, gözlərimi açmağa imkan vermirdi. Yaman şaxta vardı həmin gün. Yolum İçərişəhərə idi. Çalışırdım ki, vədələşdiyimiz saatda yanında olum. Amma İçərişəhərin dolanbac yollarında onun evini tapa bilmirdim. Çovğun olduğundan yanımdan ötənlər mənim sualıma- “Bilmirəm”, “Buralı deyiləm”, “Onu tanımıram”- deyirdilər. Bu məkanın içərisinə irəlilədikcə kinofilmlərdəki kadrları xatırlayırdım-İçərişəhərin dalanları, dar küçələrin labirintləri…

“Mənim evimin divarlarında keramikadan fiqurlar var”. Zəngimə cavabında belə dedi. Lakin yaşlı bir qadın yolunu dəyişərək küçəni, sonra isə onun evini mənə göstərməsəydi, bəlkə çox axtarmalı olacaqdım.
Evin bayır divarları saysız-hesabsız keramik fiqurlarla bəzədilmişdi. Qapını Mir Teymur müəllim özü açdı. Evin kəndarından içəri keçən kimi sehirli aləmə düşdüyümü zənn etdim. Hər şey lap nağıllardakı kimi idi. Divarlara keramikadan hazırlanmış yüzlərlə əl işi yapışdırılmışdı. Nağıl qəhrəmanları, insanların müxtəlif simaları, Mir Teymur Məmmədovun təxəyyülündən doğulan obrazlar…

Burada bir şəxsiyyətin ömür tarixcəsi gizlənirdi. Neçə ilin zəhməti bahasına ərsəyə gəlmişdi bu işlər. Pilləkənləri ağır-ağır qalxır, hər fiqura baxır, birini də gözdən qaçırmaq istəmirdim. Sərgi salonlarında bu möhtəşəmliyi heç vaxt görməzsən. Bu ev canlı ensiklopediya, muzey, sərgi salonu idi.
İkinci mərtəbəyə qalxanda pillələrdə 21 insanın kiçik heykəlini gördüm. Onlardan 20-si başlarını göyə qaldırmışdı, 1 isə yerə baxırdı, tərkidünya idi. Mir Teymur müəllim tavandan asılan keramik zınqırovları yüngül əl hərəkəti ilə bir-birinə toxundurdu və onlar özünəməxsus səslə oxumağa başladılar. Canlı musiqi səsləndi və bu musiqi bir xeyli davam etdi.

O, soyuqdan üşüdüyümün fərqinə varıb, məni bir fincan kofeyə qonaq etdi. Hardan başlayacağımı bilmirdim. Çünki görüşünə gələndə təsəvvür etmədiyim sirli bir insanla üz-üzə oturmuşdum.

Bu görüşə qədər barəsində bir xeyli bilgi toplamışdım. Bilirdim ki, nəsillikcə bakılıdır. Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, V.Muxina adına Leninqrad Ali Rəssamlıq Məktəbini və Leninqrad Dövlət İnstitutunun “Teatr, musiqi, kino rəssamı” fakültəsini bitirib. “Kirpi” satirik jurnalında və dövri mətbuatda karikaturaçı rəssam kimi fəaliyyət göstərib. Azərbaycan Rəssamlar İttifaqının və Karikaturaçı Rəssamlar Birliyinin üzvüdür. Gürcüstan Rəssamlar İttifaqına da fəxri üzv seçilib. Respublikada və xaricdə keçirilən beynəlxalq sərgilərin iştirakçısı olub. “Humay” milli mükafatına, “Sülhün elçisi” adına və Azərbaycan incəsənətini xaricdə təbliğinə görə “Simurq” diplomuna layiq görülüb. Elmi və publisistik mövzuda 1500-ə yaxın məqalə yazıb. Alti il əvvəl isə “Azərbaycanın təbiəti və memarlıq abidələri” adlı icma yaradıb və bazar günləri bakılıları bölgələrdəki tarixi yerlərə apararaq, onlarla bilgilərini bölüşür.
Hazırda İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun baş rəssamı və İçərişəhər Ağsaqqallar Şurasının üzvü olan müsahibimizə ilk sualım da İçərişəhər barədə oldu.

-Niyə İçərişəhəri bu qədər sevirsiniz?

-Sevmək deyəndə ki, bu urək, qan yaddaşıdır. Hələ balaca vaxtından İçərişəhər qanıma, yaddaşıma girib. Uşaqlığımdan nənəm İçərişəhəri gəzdirib mənə göstərirdi ki, bu kimin evidir, kim yaşayıb burda. Ondan əvvəl kim yaşayırdı. Nənəm canlı bir tarix idi. Onun danışdıqları yaddaşımda yerini tutub.

-Hər daşda bir sirr var, altında yaddaş yatır. İçərişəhər bir xəzinədir. Burda tarix, muğam, musiqi bir vəhdəd təşkil edir.

-Bəli, mən bir məqaləmdə də yazmışam ki, İçərişəhəri muğam kimi qəbul edirəm. Qız Qalasından İçərişəhərə baxanda görürsən ki, minarələr musiqidəki yüksək tonlar, gümbəzlər aşağı tonlardı. Onlar canlı bir musiqidir.

-İçərişəhərin tikintisi qeyri-adidir.

-Burada memarlıqdan başqa strateji-taktiki bir plan var. Bu nədən ibarətdir, bilirsinizmi? İçərişəhər termini XVII əsrdən formalaşıb. Orta əsrlərdən başlayaraq dünyada tikilən çox şəhərlər bir qaladivarlı ya da ikidivarlı olub. Arxeoloqlar müəyyənləşdiriblər ki, Bakı, Dərbənd və qumun altında qalmış Mohenco-Daro (Pakistanda) üçdivarlı şəhərlər olub. 1191-ci ildə Şamaxıda zəlzələ olanda şəhərin sol tərəfi tamam batır. Şah I Axsitanın qarşısında dilemma durur ki, paytaxtı harada salsın. Gəncə – dövlətin mərkəzində olsa da dənizdən uzaq idi. Qubanın şimaldakı qonşuya yaxın olmağı təhlükəliydi. Bakı və Dərbənd qalaları qıfıl kimi dənizi bağlayırdılar. Həştərxandan İrana gələn dəniz yolu bu şəhərlərin yanından keçirdi. Bakının statusu dəniz qalası idi. Şah I Axsitan qərara alır ki, paytaxtı Bakıya köçürsün. Bakının 3-cü divarı indiki Sabir bağı və İstiqlaliyət küçəsini ayıran xətdə yerləşirdi. O, Bakıya gələndə 3-cü divarın dağıldığını görür və onu sökdürür . O daşlarnan 1-ci divarı 12 metr, 2-ci divarı isə 8 metr hündürlüyündə qaldırır və beləliklə Bakının daha möhkəm qorunmasını təmin edir. Divarların arasındakı xəndəkləri quru ağaclarla, taxta parçaları, işlənmiş ev əşyaları ilə və ümumiyyətlə yana bilən hər hansı bir əşya ilə doldururdular. Düşmən şəhərə hücum edəndə bu xəndəklərə qala divarlarında xüsusi qoyulmuş mailli dəliklərdən mazut tökülərək yandırılırdı.

-Necə oldu ki, Bayırşəhər salınmağa başlandı?

-1870-ci ildən birinci “neft bumu” ilə əlaqədar Bakıya işləməyə gələnlərin sayı çoxalır və artıq İçərişəhərdə sıxlığ əmələ gəlir. Şəhərin genişlənməsi ilə bağlı şəhər duması rus çarı II Aleksandra ikinci qala divarının demontajı ilə bağlı müraciət məktubu göndərir. O, isə cavabında yazır ki, bu işləri edəndə çalışın ki, yerli camaat narazı qalmasın. Razılıq məktubundan sonra Ağsaqqallar Şurası da qərar qəbul edir. Onda ikinci divar sökülür və divar daşları ev tikmək üçün alıcılara satılır. Bu satışdan xəzinəyə 40 000 rubl qızılnan qazanc gəlir.
Bakının tarixini öyrənən görkəmlı alim Sara Aşurbəylinin “Orta əsr Bakının tarixi” kitabında bu işlərlə bağlı sənədlər təqdim olunub.

-Evlərin balkonlarına bəzi artırmalar İçərişəhərin görkəminə xələl gətirir.

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu YUNESKO-nun “Dünya İrs Siyahısı”na daxil ediləndən sonra qarşımıza belə tələb qoyuldu ki, onun görkəmini korlayan qanunsuz tikililər ləğv olunmalı və ərazisindəki maddi-mədəniyyət abidələrinin əvvəlki görkəmi bərpa olunmalıdır. Burada çox qanunsuz işlər görülmüşdür. Kiçik Qala küçəsində elə balkon var idı ki, artırması az qalmışdı küçənin yarısını tutsun, sanki evə bənzəyirdi. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu bu məsələlərlə məşğul oldu. Evlərin fasadı qaz, su borularından və elektrik naqillərindən görünmürdü. Onların hamısı yerin altıyla aparılır, taxtası çürümüş pəncərələr və balkonlar dəyişdirilir, evlərin fasadları ilkin formaya salınır. Yolların daşları yenilənir.
Bakıda 2000-ci ildə olan zəlzələ kanalizasiya xətlərini zədələmişdi. Çirkab suları zirzəmilərə dolurdu. Bu sular hətta bəzi evlərin altından çay kimi axaraq qala divarlarını dağıdırdı. Qızqalasının arxasındakı “Hacı Banu hamamı”nın yanından üfunətdən keçmək olmurdu.

İndi bütün kanalizasiya sistemi dəyişdirilir, və bu problemlər öz həllini tapır.
Şəhər inkişaf etdikcə mədəni lay qalxır. Zaman keçdikcə 1-ci mərtəbə olur zirzəmi səviyyəsində. Qızqalasının yanında mədəni lay təxminən 4 metr, bəzi yerlərdə 8 metr qalxıb. Məsələn, Romada mədəni layın hündürlüyü 12 metrə çatıb. Venesiyanın 1-ci mərtəbələri və meydanları suyun altındadı. Bizdə də Səbail Qalası Xəzər dənizin suları altında qalıb.
Uzun illərdir mən foto-gündəlik aparıram. Görülən işləri hər gün çəkirəm. Amma yenə də görüləsi işlərimiz var.

-İçərişəhərdə kanalizasiya sistemini çox gözəl qurulub. Bayır şəhərdə isə bir az yağıntı olan kimi küçələri su aparır.

İçərişəhər genişlənən və böyüyən Bakı ilə müqayisədə çox kiçikdir – cəmi 22,5 hektardır. Və bu işləri burada görmək daha asandır. Amma Bakıda tikilən çoxsaylı göydələnlər köhnə kanalizasiya sisteminə qoşulur və ona görə də kanalizasiya “boğulur”.

-İçərşəhərdən Bakı necə görünür? O göydələnlər, o sistemsiz binalar…

– O təzə evlərin bir çoxunu 90-cı illərdə tikintidə baş verən xaosdan istifadə edən dırnaqarası biznesmenlər tikiblər. Layihələri 5-6 mərtəbəli bina tikmək üçün alıb bunun əvəzinə 18 mərtəbəli binalar qaldırdılar.

-Bakı seysmik zonadı…

-Yaponiya da seysmik zonadı. Amma orada binalar zəlzələyə davamlı, xüsusi dirəklərin üzərində inşa olunur. SSRİ dövründə bizdə təcrübə olaraq Teleteatr binasını tikdilər. O zaman tikintiyə lazım olan xüsusi armaturlar Krivoy Roq şəhərindən gətirilmişdi. Həm də Teleteatrın inşası bir sınaq idi. 2000-ci ildə olan zəlzələdə Teleteatra heç nə olmadı. O ərazi sürüşmə zonasıdır. Orada 15-20 metr gil qatı var və tikinti aparmaq olmaz. Buna baxmayaraq, orada yenə tikirlər. Nəriman Nərimanov heykəlinin qarşısındakı binanı düz tikməyiblər. 7-8 bal gücündə zəlzələ olsa, o binaların hamısı üzü aşağı gələcək. Dəfələrlə bu barədə yazmışam. Mən belə sayıram, zaman gələcək və mənin sözlərim öz təsdiqini tapacaq.

-Mən Qaxın Sarıbaş kəndində Leninin abidəsinin kənd sakinləri tərəfindən qorunduğunun şahidi olmuşam. Möhtəşəm abidədir. Amma Bakıda qoyulan bəzi abidələr tənqid olunur.

-Çox aşağı səviyyədə abidələr var. Və demək olar ki, müəllifin adına layiq deyillər. Mən belə iş görə bilmərəm ki, sonra baxanda ondan xəcalət çəkəm. Burada özünə hörmət məsələsi var.

-Vaxtilə Mingəçevirdə fəaliyyət göstərən V.İ.Lenin adına Xalq Muzeyinin layihəsinin müəllifi və icraçısı siz olmusunuz.

– SSRİ-də Xalq Muzeylərinin içərisində o birinci yer tutmuşdu. O vaxtlar pespublikalarda Lenin adına muzeylərin baş rəssamları mütləq partiya üzvü olmalı idi, əks halda onların namizədliyini Moskva təsdiq eləmirdi. 15 respublika üzrə Lenin Muzeylərinin içində yeganə baş rəssam mən idim ki, partiya üzvü deyildim.

-Çox qəribədir, belə ciddi vaxtda siz partiya üzvü olmadan bu vəzifəni necə tutmusunuz?

-Bu da paradoksdur. Təklif olunan kimi o saat işdən getmək üçün ərizə yazırdım və muzeyin direktoruna deyirdim: “Marlen müəllim, sizə işçi lazımdı, ya partiya üzvü? Mən kommunistlərin nizamlı sırasını xarab etmək istəmirəm. Saat 11-də gəlirəm işə…”. (Gülür). O, da deyirdi ki, statusa görə sən mütləq partiya üzvü olmalısan. Deyirdim: “Oktyabryat, pioner və komsomolun üzvü olmuşam, bəsdi, kommunist partiyasının üzvü olmağa layiq deyiləm”.

-Təkcə Mingəçevirdə yaradıldı bu muzey, yoxsa başqa şəhərlərdə də?

-Gəncə də istəyirdi, ancaq biz Mingəçevirə saldıq. Çünki Mingəçevir strateji obyekt idi. Orada mənim çox unikal işlərim vardı. Xəzinə vardı o muzeydə. Onu yaradanda nə qədər sənəd aparmışdıq ora. Fotoları, sənədləri Moskvadan alırdıq. Gecə-gündüz şəkilləri çap edırdik, planşetlərə yerləşdirirdik. Mətbəədə işləmək zülm idi. O zaman rəqəmsal fotoaparatlar da yox idi və bədii tərtibat çox vaxt aparırdı.

-Neçə müddətə ərsəyə gəldi bu muzey?

-Belə muzeylər yarım ilə qurulurdu. Mən onu bir aya qurdum 5 nəfər şagirdlərim ilə birlikdə. O zaman İcraiyyə Komitəsinin sədri və kurator Məhəbbət Qarabağlı idi. Şəhər Partiya komitəsinin birinci katibi Ramiz Tariverdiyev onu bizə təhkim etmişdi. 5 nəfər idik və bizi “ovuclarının içində” saxlayırdılar. Hər dövr üzrə bir elmi işçi vardı-4 nəfər və 4 nəfər də muzeyin işçiləri işləyirdi bizimlə. “Kür” mehmanxanasına gecə saat 2-3-də gəlirdik. 4-5 saat yatırdıq. Çünki vaxtımız çox az idi.

-Amma məhv etdilər o muzeyi. Oradakı eksponatların az hissəsi isə tarix muzeyinə, əksəriyyəti Bakıya daşındı. Yerində isə musiqi məktəbi açdılar.

-Bilirəm, yenə də yaxşıdır ki, mağaza, restoran etmədilər. Musiqi məktəbi daha yaxşıdır. (Bir qədər fikrə gedir).

-Karikatura çəkmək ehtiyacınızı nəylə ödəyirsiniz?

-Mənim karikaturam çox zaman fəlsəfidir. Elə mövzu var ki, karikaturada gedir: Adam-kölgə, ikinci eqo. Mən onu işləyirəm çox zaman. Və istək. Adam var ki, qadını sevir, adam var ki, pulu. Adam da var ki, bilmir nə sevir, itirib özünü. Bu insan özünə süal vermir ki, mən niyə doğulmuşam, məqsədim nədir? Tutaq ki, 6 milyondan tək sənə doğulmaq şansı verilib. Sənin ardınca daha güclü, qəşəng və ağıllı uşaqlar-spermatazoidlər qaçırdılar. Niyə sən doğuldun? Məqsəd var. Məsələ burasındadır ki, sən onun cavabını bilmirsən! Burada bir cavab var – bu elə-belə deyil. Sən dünyaya təmiz gəlmisən və çalış ki, təmiz də gedəsən.

-Hansı işi görəndə ruhunuz dincəlir?

-İşimlə məşğul olanda. Keramikayla işləyirəm. Ondan yorulanda qrafikaya və ya yağlı boyaya keçirəm. Kitablardan, televiziyadan və internetdən informasiya alıram. Mən boş vaxt keçirməyi sevmirəm. Zaman qızıldı. Təəsüf ki, cavanlıqda vaxtın qədrini bilmirik, dəyərləndirmirik, ona qiymət vermirik.

-Azərbaycan Dövlət İncəsənət Muzeyində olarkən mən xarici rəssamların tablolarının yanında dayanıram.

-Orda yaxşı rəssamların əsərləri var. Mənim orada 12 işim var. Amma unutmayın ki, çar vaxtında bizdə dəyərli işləri-miniatürlərin, əlyazmaların hamısını Ermitaja aparıblar. Mən Ermitajda aylarla işləmişəm, elmi işimi də orda yazmışdım.

-Əl və beyin. Əl işləməyə başlayanda beyin düşünürmü və ya ideya birinci gəlir?

-Əsas beyindi. İdeya birinci gəlir. Hamilə qadın bilir ki, qarnında təzə həyat – uşaq var. Amma üzünü görməyib. Körpəsinin əllərini, barmaqlarını, ayaqlarını görmək üçün tələsir. Mən fikir vermişəm ki, hamilə qadın oturanda əllərini qanının üstünə qoyur. O, hiss edir ki, içindəki həyat ayağını, əlini necə tərpədir. Rəssam da elədir. O da doğmalıdır. Rəssamlıq çox mürəkkəb peşədir. Çünki aktyor da, rejissor da, psixoloq da olmalısan. Fəlsəfə ilə də məşğul olmalısan. Bu gün mən “müasir rəssamları” nə üçün qəbul etmirəm? Onlar müasir deyillər. Yağlı boyanı kətana yaxırlar. Bu, incəsənət deyil. Burada nə ideya, nə texnika var. Heçnə yoxdur. Burada tək bir pul qazanmaq istəyi var. Bəli, rəssam da dolanmalıdır və işlərini satmalıdır. Mən də yüzlərlə işimi satmışam. Amma o adam ki, ancaq bazara işləyir, o yaradıcı rəssam deyil.

-Sözünüzə qüvvət, rəssamlığın qanunları varmı?

-Var.

-Və bu qanunları pozan adamın cəzası nə olmalıdır?

-Cəza bilirsinizmi nədən ibarətdi? Cəmiyyət onu qəbul etməməlidir. Sən çəkil qırağa, qəbul eləmə. Onun hansı yolla getməsi öz işidir. İnanma televizorda nə deyirlər: “Qara kvadrat-bu möhtəşəm əsərdir”. Ya da kətanın üstünə bir vedrə rəngi töküb deyir: “Mən belə görürəm”. Ay balam, bu düzgün deyil. Sən adını rəssam qoyursansa, belə deməməlisən. Cavanları da danlamaq olmaz. Çünki o baxır ki, əlində fırça tutmayan xalq rəssamları var. “Xalq rəssamı” var ki, bir dənə də fərdi sərgisi yoxdur. Heç iştirakçı kimi də sərgilərdə olmayıb. Deyəndə ki, mən rəssamam, deyirəm dayan! Mən heç nə istəmirəm, al bu qələmi, yaddaşınla mənim üçün bir əl çək. Yaddaşı pisdirsə, pis rəsm olacaq. Yaddaşı yoxdursa çəkə bilməyəcək. Onda deyirəm ki, sənin nə haqqın var özünü rəssam adlandırırsan? Akademiyanı mən bilirəm necə bitirmisən. Sənə dərs verən də rəssam deyil, amma Akademiyada müəllim işləyir. Rəssamlıqda yaddaşla şəkil çəkmək proqramı var. Mənim 45 tələbəmin hamısı yaddaşda möhkəmdirlər. Çünki mən onlara bunun sirrlərini öyrətmişəm.

Bunu açıq-aşkar demişəm və deyirəm – Rəssamlıq Akademiyasını bitirənlərın çoxu heç nə bilmirlər. Mənim yanıma gələndə elə bil orta məktəbi dünən qurtarıblar. Amma 5 il Rəssamlıq Akademiyada oxuyublar.
Noyabrda Moldovada oldum. Siz bilirsinizmi orada tələbələr necə işləyirlər? Şəraitləri pisdir, amma oxuyurlar. Onların 1-ci kurs tələbəsi bizım bəzi “müəllimlərimizə” dərs deyər. Çünki onlar sənəti sevirlər. Kişinyovda rəssamlıq üzrə 11 illik xüsusi orta məktəb var. Oranı bitirən Akademiyaya qaçmır. O gedib 4 il kollec oxuyur. Artıq yaxşı rəssamdır. Lakin bundan sonra Akademiyaya daxil olur. 20 il bu adam rəssamlıq üzrə oxuyur, yenə də soruşanda deyir ki, mən bir az da öyrənməli və üzərimdə işləməliyəm.

-Təsəvvür edirəm onlar nə gözəl əsərlər yaradırlar. Bizdə niyə yoxdur belə məktəb?

-Bizdə Sovet vaxtında yaxşı məktəb vardı. O zaman ki, müstəqillik gəldi, bəzi insanlar insafdan, imandan, haqdan müstəqillik aldılar. Fikrimi tutdunuzmu? Yəni ki, tapdaladılar hər şeyi. Pul ön plana keçdi. Rüşvət də aldılar, oğurluqla da məşğul oldular. Təhsilə ayrılmış pulu elə dağıdırlar ki… Nə üçün mən keramika üzrə qurtaran tələbəyə keramikadan dərs keçməliyəm? Sinifdə naturaçı kişi və qadın dayanır, tələbə isə işləmir. Halbuki rəssam üçün naturaçı çox vacibdir. Akademiyadan sonra çılpaq bədən çəkmək imkanı olmayacaq. Bunun üçün kimsənin nə məkanı, nə zamanı, nə də istəyi olmayacaq. İndi dövlət sənə bütün imkanları yaradıb. Həinki Rusiyada, heç yaxın Şərqdə belə binası olan Rəssamlıq Akademiyası yoxdur.

-Amma əvvəldər keyfiyyət daha yüksək olub.

-Bəli. Əvvəllər dərs deyən müəllimlər Moskvada, Leninqradda təhsil almışdılar mənim kimi. Mən də çalışıram ki, biliyimi cavanlara verim. Amma cavanlar bilirsinizmi mənə nə deyirlər? “Mən bir dənə “Xalq rəssamı” adını alacam, yolum açılacaq”. Onda mən susuram.

-Dəhşətdir. Bu titullar nə verəcək onlara?

-Onlar bazar adamlarıdır. Deyirəm rəssam kimi rəssamlığı öyrənməlisən. Yoxsa sənin haqqın yoxdur özünü rəssam adlandırmağa. O deyir: “Müəllim, bəs filankəs…” Deyirəm, bağışla, qurtardıq söhbəti. Mənim üçün vəzifədə olanların neçəsinin savadsız olmasının fərqi yoxdur. Mən səninlə və sənin həyatından danışıram. Rəssamlığa lazımi biliklə gəlməlisən.

-Bunların təməli məktəbdən qoyulmalıdır.

-Bəla bilirsiz hardan gəlir? Dərslıklərimiz dəhşətdir. Əgər biz milləti məhv etmək istəyiriksə, elə indiki kimi dərsliklər buraxmalıyıq.
Dərslik isə strateji silah kimi olmalıdır – tank, minomyot, raket kimi. Çünki olkənin gələcəyi və təhlükəsizliyi savadlı və bilikli insanlarla bağlıdır.

-Bugün Mir Teymur müəllim nədən narazıdır?

-Allah bizə yaşamağa çox az zaman verib. Vaxt çox azdır. Gedirəm, gəzirəm, otururam, baxıram, danışıram. Beynimdə bir növ saat, metronom ya da kamerton kimi bir fikir dolaşır-bunu da, onu da eləmək lazımdır. Plan çoxdur, vaxt yoxdur. Zaman dardı. Amma insan ömrünün axırına kimi oxumalıdır, öyrənməlidir. Nənəm bu sözləri mənim beynimə yeridib.

-Nənəniz müdrik adam olub.

-Nənəm Nərgiz Hacinskaya 5 dil bilirdi. Fransada təhsil almışdı. Fransız, latın dilini mənə öyrətməyə çalışırdı. Mən də sevmirdim bu dili. Deyirdim, nəyimə lazımdı “müsyö” dili? Mən Fransaya getsəm tərcüməci tutaram. Deyirdi, hər dildə nə qədər elm var. Nə qədər dil bildin, o ölkənin, , o xalqın tarixini, mədəniyyətini biləcəksən”. O, deyirdi, məqsəd var, sən elə-belə doğulmamısan. Həmişə düşün ki, sən nə üçün gəlmisən bu dünyaya. Evdən çıxanda fikirləş ki, sən kimin oğlusan, hansı nəsildənsən, hansı adı daşıyırsan. Elə addım at ki, sonra qızarmayasan. Dostun-tanışın kimdir və sənin maraqların nədən ibarətdir. Dostluq etdiyin adamdan nə alırsan və ona nə verirsən.
Cavan idim. Futbol gözləyirdi məni, dostlarım çağırırdılar. O vaxt əyləncə yerləri, disko-barlar yox idi. Vaxtımızı tələbə olanda çayxanada keçirirdik. Amma nənəmin bir sözü sirğa kimi qulağımda qalıb. Deyirdi: “Tum satanla oturub-durarsan, axırda tum satarsan”. Mən bu məsəli şagirdlərimə, nəvələrimə deyirəm.
Mənim nə qədər biliyim var, onu cavanlara çatdırmağa çalışıram. Lakin ömür qısadır və insan topladığı biliyi bütövlükdə özündən sonrakı nəsilə verə bilmir. Bir təsəlli var ki, bu bilik itmir, paralel məkana gedir. İnformasiya sahəsi deyirlər ona. Qoy belə olsun.

P.S. Yol boyu üzümdə təbəssüm vardı. Çox məşhur rəssam, heykəltaraş, qrafik, keramika ustası, karikaturaçı bir şəxsiyyətin sadə və səmimiliyinə heyran qalmışdım. Bürclər silsiləsindən hədiyyəsi, dibçəkdəki sevdiyi çiçəkdən qopardığı budağı (“Bunu əkərsiniz, möhtəşəm çiçək açır”) ürəyimcə idi. Qar narın-narın səpələyir, Mir Teymur müəllimin dedikləri isə beynimdə səslənirdi və gördüklərim əsərləri kinolenti kimi gözlərim önündən keçirdi:
*Bizim nəsildə insanlar iki xətt-həkimlik və rəssamlıq sənəti üzrə ixtisaslaşıblar. Anam, anamın atası rəssam olub. Babamdan mənə nəqqaşlıq qalıb.
*Keramikayla məşğul olan həm də kimyaçı olmalıdır. Dünyada 128 növ gilin 98-i Azərbaycandadır. Ən zərif ipəklər, yun, xalça-palazlar gilli suda yuyulur. Bu, qoyun iyini götürür. Gillərin rəngləri və qoxuları da müxtəlifdir. Lakin yüksək temperaturda sobada bişəndən sonra bu məhsulların tərkibindəki su və qazlar çıxır, yüngülləşir və qoxusunu itirir. Bu bahalı sobadı. Onu özüm qurmuşam. Həyat yoldaşım da rəssamdır, amma ixtisasca kimyaçıdır. Bu işlərdə o mənə yardımçı olur.
*Bu mənim portretimdi. Şagirdim Cəfər Əliquliyevin mənə həsr etdiyi “Ustad” adlı kompozisiyasındandır. Onun diplom işidir. Rəssamlıq Akademiyasındadır.
*Nənəm deyərdi ki, elə yaşa ki, öləndə sənə rəhmət oxusunlar. Bizdən yalnız ad qalır bu dünyada. Adını qoru.

Şərhlər bağlıdır.