Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Əsgərə məktub!

182

Sənə yenə məktub yazıram, çünki  günümüz səni düşünməklə keçir. Görəsən, rahat yemək yeyə bilirsənmi, yarımca saat da olsa mürgüləyib gözünün acısını ala bilirsənmi, ya da bir balaca fasilə olanda, erməni quldurlarının mərmisi qurtarıb dayananda, sən də o anlarda  xoşladığın qızın gözlərini xatırlayıb köks ötürürsənmi? Heç narahat olma, o da mütləq səni xatırlayır. Sən qələbə ilə qayıdandan sonra, ilk görüşdüyünüzdə sənə deyəcəyi sözləri düşünür və dönə-dönə əzbərləyir.

Yenə Kürün kənarındayam, onun ləpələnən sularını seyr edirəm və yenə də top atışlarını, mərmilərin partlayışlarını eşidirəm, müharibə hələ də yaxındadır.

Yaxınlıqdakı uşaq parkında uşaqlar yelləncəkdə yellənirlər, qayğısız, şən uşaqlıqlarını yaşayırlar. Bilmirəm  bu gurultuların fərqindədirlər, ya yox, amma onlar da, biz də, hamımız və hər birimiz gözümüzü sənə dikmişik. Bu gün hər birimiz sən varsan deyə, sən müharibənin qəhrəmanısan deyə, əlində silahla düşmənə həddini bildirirsən deyə və sənin kimi minlərlə əsgərimiz var deyə biz də varıq, Vətənimiz də var.

Heç bir halda düşmənə aman vermə, çünki düşmənə aman vermək, bu gözəl vətənimizin, sizin yolunuzu gözləyənlərin həyatını yenə də təhlükədə qoymaqdır. Bu qədər çəkdiyimiz acılara, bizi boynubükük qoyan dərdlərə son qoymaq lazımdır. Bilirəm ki, irəliləmək çətindir, düşmənin alçaqcasına illərlə qurduğu tələləri, maneələri dəf etmək də çətindir, amma bilirəm ki, bunu da bacaracaqsınız, mən sizə inanıram, çünki siz- Azərbaycan əsgərisiniz! İnşAllah tezliklə müharibəni qələbə ilə başa vuracaqsınız. Bilirsən, vaxt uzandıqca  bizə “ağıl verənlər”, “yol göstərənlər”, göz ağardanlar da  artır, hərəsi də öz bilidiyini “oxuyur”. Hər gün  Tərtərdə, Ağdamda ermənilərin atdığı mərmilərdən dağılan evlər və təsərrüfatlar, yaraladıqları, öldürdükləri insanlar, nə Gəncədə, nə də Bərdədə vəhşicəsinə qətlə yetirilən insanlarımız onları maraqlandırmır, yalnız öz mənfəətləri, işğalçı planları maraqlandırır. Amma bizi dəstəkləyənlər də çoxdur və hər zaman da olacaq. Tanrı hər zaman haqqa inananları, haqqın yanında olanları qorusun! Sən möhkəm ol, biz hər cür çətinlikdə sizinləyik. Odur ki, özünü  qoru əsgər, çünki sən bu vətənə sağ-salamat lazımsan. Düşmənə qarşı ayıq-sayıq ol, onların hiylələrinə aldanma. Torpaqlarımızı azad edəndən sonra onu qurub yaratmaq, gözəl, mədəni bir ailənin başçısı olmaq, övladlarını mərd, xeyirxah, bilikli, cəsur böyütmək və bu Vətənə sahib çıxmaq üçün lazımsan. Doğma yurdlarımız, torpaqlarımız uğrunda, onun, murdar, cinayətkar düşməndən təmizlənməsi naminə neçə-neçə igidlərimizin qanı töküldü, Vətənimiz, onun bütövlüyü, azadlığı, əminamanlığı üçün şəhid oldular. Onları heç vaxt unutmayacayıq və onların əziz ruhları naminə bu Vətəni rüşvət alıb-vermədən,  dövlət əmlakını mənimsəmədən, bir-birimizi aldatmadan idarə etməliyik və bunun üçün sağ-salamat qayıtmalısan. Sən cəbhədə döyüşürsən, gərək məmurlar da öz işlərini vicdanla yerinə yetirsinlər, vətəndaşa kömək olsunlar, bu vətənin qədrini bilsinlər.

İndi payızın qızıl vaxtıdır, yarpaqlar xəzələ dönür, ağacların dadlı meyvələri isə süfrələrin bəzəyinə. Yəqin ki, bağçanızdan ötrü də darıxırsan, İnşAllah payız bitmədən müharibə bitər və   payızın ətirli, dadlı meyvələrinin dadına qələbəmizin unudulmaz, şirin dadını da qatarsan. Sağ ol, sağlıqla qal, özündən muğayat ol, Qələbə paradında görüşərik, inşAllah. Biz birlikdə güclüyük!

Mehparə Rəhimqızı.  03.11.2020 .  Mingəçevir şəhəri.

 

Şərhlər bağlıdır.