ADF “21 AZƏR” Hərəkatının 74-cü ildönümünü elmi-nəzəri konfransla qeyd edib
Noyabrın 6-da “İrşad” İslam Araşdırmalar Mərkəzinin konfrans zalında “21 Azər” Hərakatının 74-cü ildönümü qeyd olunub. Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin keçirdiyi tədbirdə partiya funksionerləri, üzvləri, şanlı inqilabın iştirakçıları, şahidləri, alim və tədqiqatçılar, media təmsilçiləri iştirak ediblər. Elmi-nəzəri konfransın açılışında və bağlanışında Azərbaycan Respublikasının və Azərbaycan Milli Hökumətinin himnləri səslənib. Sonra Ulu Öndərimiz Heydər Əliyevin, ADF-nin, firqənin və inqilabın rəhbəri Seyid Cəfər Pişəvərinin, onun varislərinin, silahdaşlarının xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan ADF MK-nın sədri Rəhim Hüseynzadə bildirib ki, bəzən tale möhtəşəm hadisə və şəxsiyyətlərlə bağlı sevincli və kədərli hadisələri eyni günün qismətinə yazdığından insanları seçim qarşısında qoyur: “Dekabrın 12-si “21 Azər” Hərakatının qələbə və müvəqqəti geri çəkilmə günüdür. Həmin təqvimdə bütöv Azərbaycan xalqı və Azərbaycan Demokrat Firqəsi ağır itki ilə üzləşib, Ümummilli liderimiz Heydər Əliyev dünyasını dəyişib. Ulu Öndərimizin adı həm də 1960-1993-cü illərdə firqəmizin varlığının qorunub saxlanılması sahəsindəki tarixi xidmətlərinə görə bizlərin hər birinə əzizdir, unudulmazdır. Buna görə də 14 ildir ki, tədbirlərimizi belə anımla başlayırıq”.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə iştirakçıların diqqətini konfransın baş mövzusuna yönəldib: “Seyid Cəfər Pişəvəri-onun üç şah əsəri: ADF, “21 Azər” Hərəkatı, Milli Hökumət”. O deyib ki, bunların hamısı bu böyük şəxsiyyətlə vəhdətdə götürülməsi məntiqidir: “S.C.Pişəvərinin silahdaşları ilə məsləhətləşmələr əsasında hazırladığı Nizamnamə və Məramnamədə ifadəsini tapan məqsəd və vəzifələr məhz İrandaxili reallıqları əsas götürdüyündən tezliklə reallaşa bilib”. Alim bu sənədlərin, təcrübənin həyatımızla, günümüzlə səsləşməsini hərakatdan sonrakı illərin tarixi misalları ilə əsaslandırıb.
Həmin şöbənin aparıcı elmi işçisi, tarixçi alim Əkrəm Bije (Rəhimli) ömrünün 45 ilini “21 Azər” Hərakatı ilə bağlı hadisələrin, proseslərin təhqiqinə həsr etdiyini dilə gətirib. Bu zaman qarşılaşdığı mənzərənin təhlilini verib. O, konfrans iştirakçılarının diqqətinə çatdırıb ki, S.C.Pişəvəriyə, hərəkata aid çoxsaylı kitabların, məqalələrin mövcudluğuna baxmayaraq bir sıra məsələlərin dəqiqləşdirilməsinə, təhriflərin aradan qaldırılmasına ciddi ehtiyac var.
AMEA Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, professor Eynulla Mədətovun çıxışını keçmiş diplomat kimi Yaxın Şərq ölkələrində müşahidə etdiyi, elmi mənbələrdən, həmçinin İran tarixşünaslığından ona tanış olan əsərlərdən misallar gətirməklə hərakata baxışlar sahəsində müşahidə etdiyi təhriflərin təhlilini verib. Professor hərakatın seperatçı olması, xaricdən dəstəklənməsi sayəsində baş tutması, sosial bazası və digər cəhətləri barədə yanlış fikirlərin əsassızlığını sübut edib.
Milli hərakatımızın öncül simalarından olan Abdulla Əmirhaşimi (Cavanşir) göstərib ki, “21 Azər” Hərakatının daim yaşar, həyati olmasından söhbət açıb. Bu mübarizənin uduzulmadığını, davam etdiyini diqqətə çatdıran natiq Vəhdət konfransından (1960-cı il) günümüzədək həmin istiqamətdə qətiyyən fasilə olmadığı barədə ətraflı məlumat verib.
“Ümid” Partiyasının sədr müavini Rüfət Muradlı təmsilçisi olduğu təşkilatın adından iştirakçıları salamlayıb, onlara “21 Azər” Hərakatının 74-cü ildönümü münasibəti ilə təbrikləri yetirib.
Tarixşünas Araz Dadaşzadə hərakat barədə ilkin təsəvvürlərinin atası, inqilabçı yazıçı Məmməd Dadaşzadənin və digər qələm əhlinin əsərləri vastəsilə formalaşdığından danışıb. Həkim Nadir Hünərvəri isə firqənin orqanı olan “Azərbaycan” qəzetinin 6-cı dövrün ilk sayının latın və ərəb əlifbalarında işıq üzü görməsini müsbət yenilik kimi dəyərləndirib.
İranlı Mühacirlər Ədəbi Birliyinin sədri, Dədə Qorqud Beynəlxalq mükafatının lauratı Tariyel Ümidin hərakata aid şeirləri alqışlarla qarşılanıb.
Konfransda Norveçdən və İsveçdən göndərilən təbrik məktubları da oxunub.
Şərhlər bağlıdır.