Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Abral Academy” mingəçevirlilərə qapılarını açdı

636

Sentyabrın 25-də Heydər Əliyev prospektindəki 36 saylı ünvanda yerləşən “Abral Academy”nın açılış mərasimi keçirildi. Açılışda akademiyanın tələbə və müəllim heyəti, çox sayda qonaqlar və şəhid Yusif Məmmədovun ailəsi də iştirak etdi.

“Abral Academy”nın təsisçisi və direktoru Tural Abdurahimov 2008-ci ildən xaricdə Azərbaycanı təmsil edir. O, Türkiyə, İngiltərə və Amerikada təhsil alıb. Bir müddət Amerikanın MiT Universitetində işləyib və 2017-ci ildə Azərbaycana qayıdıb. Onun dediyinə görə, akademiya fəaliyyətinə ilkin olaraq 12 müəllimlə başlayır: “İngiltərə və Fransadan bir, Amerikadan isə iki müəllim dəvət etmişik. Təbii ki, bir fransız müəllimin gəlib burda fransız dili dərsi keçməyi daha effektiv və praktik olacaq. Müəllimləri Azərbaycana dəvət etməklə həm də onlara ölkəmizin dilini öyrədəcəyik. Hazırda doqquz ölkənin universitetləriylə müqaviləmiz var və bu ölkələrdəki universitetlərə istər təhsil, istərsə də təcrübə üçün tələbələri göndəririk”.
Akademiyada müəllimlərin işə qəbulu, dövlət qulluğuna hazırlıq, xarici dillərin tədrisi, bütün ölkələrdə imtahansız xarici təhsilə əlçatımlılıq, ali təhsil sahəsinin bütün sahələri-abituriyent, magistratura, doktorantura hazırlığı və bütün İT proqramlaşdırma dilləri öyrədiləcək.
Planımız bütün tədris sahələrini tam təkmil formada, yəni tələbələrə alışdırılmış şəkildə yox, daha fərqli metodla izah etməkdir. Bütün müəllimlərin özlərinə uyğun şəxsi metodikaları var və məqsəd tələbələrə uyğun tədrisin qurulmasıdır. Dərslər məktəblərdə alışılmış kurikulum qaydasında deyil, özəl qaydada keçirilir və qısa müddət içərisində daha effektiv qaydada qavramaya nail olunur. Başqa bir üstünlüyümüz də ondan ibarətdir ki, gənclər üçün təhsilin istənilən səviyyəsində arzuladıqları xarici ölkənin universitetinə qəbul imkanı yaradılacaq”.

Tural Abdurahimovun fikrincə, o, başqa kursları rəqib görmür: “Devizimiz belədir: “Fərqi öyrən!”, “Hər şey sizin üçündür!” Fəqrliliyimiz sırf tədrisin üzərinədir. Ölkədəki digər tədris kurslarından tamam farqli yollara sahibik. Bizdə biznes məsələsi ən sonuncu sıradadır. Tələbələrimizin 60 faizə yaxını ödənişsiz təhsil alır. Bizim üçün əsas akademiyanın sırf tədrisə yönəlməsidir. Akademiyamızda şəhid ailələrinin övladları tam ödənişsiz, qazi ailələri isə 50 faiz ödənişlə təhsil alacaqlar. Bu qayda heç vaxt dəyişməyəcək. Regionlardan gələnlər, öz ərazimizdə yaşayan imkansız ailələrin övladları ödənişsiz təhsil alacaq. Sui-istifadə hallarının olmaması üçün xeyriyyə şöbəsi yaratmışıq. Şöbənin işçisi dəqiq məlumat əldə etmək üçün həmin ailələri araşdıracaq”.

T.Abdurahimov kursun müdavimi şəhid Yusif Məmmədovu böyük ehtiramla andı: “Bu gün biz əzizimiz, qürurumuz və fəxrimiz, üzümüzü ağ edən qardaşımız, şəhidimiz Yusif və onun kimi igidlərin sayəsində varıq. Onlar olmasaydı, alnımızdaki 30 illik ləkəni, çəkdiyimiz əziyyəti, zülümləri dəf edə bilməzdik”.
26 yaşlı Yusif sentyabrın 27-də ikinci vətən müharibəsinə gedib. Füzuli, Xocavənd uğrunda döyüşlərdə iştirak edib. Oktyabrın 26-da şəhid olub. Üç medalla təltif olunub. Yevlaxda Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhid Yusif Məmmədovun anası Diləzbər xanım oğlundan fəxrlə danışdı: “Mən vətənə layiq oğul böyütdüm. Universiteti bitirdi. Kurslara gəldi. İşə qəbul üçün birinci mərhələdə 75 bal topladı. Səfərbərlik elan olunanda mənə dedi ki, ana, torpaqlarımızı düşməndən azad edək, müharibədən sonra ikinci mərhələdən də keçəcəyəm. Tətil günlərində istirahət üçün sizi Şuşaya aparacam”. Diləzbər xanım akademiyaya uğurlar dilədi. Tural Abdurahimov akademiyanın adından şəhidin anasına hədiyyə təqdim etdi.

Məntiq müəlliimi Elçin Mirzəyev şəhid Yusif Məmmədovun maketini “Abral Academy”-yə hədiyyə etdi. O, akademiyanın foyesinə qoyulan maketin örpəyini göz yaşları içində açdı: “İstəyirəm həmişə burda qalsın”. Şəhid anasının: “Boyuna qurban olum, ay gözəl balam, səninçün çox darıxıram” sözləri tədbir iştirakçılarını kövrəltdi.
Şəhid Yusif Məmmədovun həyat və döyüş yolunu əks etdirən videoçarx nümayiş olundu.

Tədbir şirniyyat stolu ətrafında başa çatdı.

Şərhlər bağlıdır.