Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə izdihamlı anım günü

Mingəçevir Şəhidlər Xiyabanı sentyabrın 27-də izdihamlı Anım gününü yaşadı.

Ümumşəhər mərasimində şəhidlərin ruhuna dualar oxunduqdan sonra onların canı və qanı bahasına,  qazilərimizin şücaəti sayəsində qazanılan qələbədən danışıldı. Bildirildi ki, bu gün Mingəçevir Şəhidlər Xiyabanında uyuyan igidlərimizin 51-i ikinci Qarabağ döyüşlərində ucalığın zirvəsinə qalxan oğullarımızdır.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, “N” saylı hərbi hissənin komandiri, Vətən Müharibəsi Qəhrəmanı Elnur Gebidov, 2 övladını ikinci Qarabağ Müharibəsində şəhid vermiş Nəhayət Həsənova, şəhid Vüqar İsmayılovun atası Eldar İsmayılov, Vətən Müharibəsi qazisi, mayor Pərvin Məmmədov, şəhid anası İranə Həsənova, əmək veteranı Mirzə Cavadov 44 günlük müharibə ilə bağlı xatirələrini dilə gətirdilər. Onlar bütün şəhidlərimizə Allahdan rəhmət dilədilər, qazilərimizin tezliklə sağalacağına, yenidən abadlaşan Qarabağa ən qısa zamanda köçkünlərimizin qayıdacağına inandıqlarını bildirdilər, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını çatdırdılar.

Mərasimdə Uşaq Gənclər İnkişaf Mərkəzinin üzvləri şəhidlərə həsr olunmuş maraqlı kompozisiyalarını təqdim etdilər. Bundan sonra İcra Hakimiyyətinin, digər idarə və müəssisələrin, hüquq-mühafizə orqanlarının və şəhər ictimaiyyətinin nümayəndələri şəhid məzarlarını ziyarət edərək, hər bir ailəyə başsağlığı verdilər. Saat 12:00-da ölkənin bütün ərazisində olduğu kimi Mingəçevirdə də hərəkət dayandırıldı, maşınların siqnal sədaları ilə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Şərhlər bağlıdır.