Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Abonent pul verib qaz alırsa, niyə qazın təzyiqi aşağıdır?”

“Bizim yaşayış massivində “Azərsu” tərəfindən su-kanalizasiya xətlərinin dəyişdirilməsindən sonra ərazinin asfalt örtüyü tamamilə sıradan çıxıb: “Gediş-gəliş çətinləşib. İşıqlanma sistemi yoxdur. Qazı da elə verirlər ki… Əgər abonent pul verib qaz alırsa, niyə qazın təzyiqi aşağıdır? 1 və 18 saylı bağçalar bərbad haldadır. Bir də təklif edərdim ki, yas mərasimlərində ehsan süfrələrinin yığışdırılması üçün  aidiyyatı qurumlar bizə  köməklik göstərsinlər”.

Bu fikirləri “Mingəçevir kəndi” məhəllə komitəsinin üzvü Etibar Əhmədov  yanvarın 23-də Mingəçevir Şəhəri İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 2017-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabatı zamanı  səsləndirib.

Nümayəndəliyin rəhbəri Rizvan Mikayıllı qeyd edib ki, son 5 ildə fəaliyyət göstərən qurum “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə” ilə müəyyən edilmiş əsas vəzifələri və şəhər İcra Hakimiyyəti başçısının tapşırıq və göstərişlərini rəhbər tutaraq, inzibati ərazidə yaşayan əhalinin sosial əhəmiyyətli problemlərini öyrənib, eləcə də mənzil-kommunal təsərrüfatı və mənzil istismarı, məişət tullantılarının yığılması və daşınması, yaşıllaşdırma, təmizlik və işıqlandırma sahələrinin fəaliyyəti barədə məsələləri İcra Hakimiyyətinin müvafiq şöbələri ilə məsləhətləşmələr aparmaqla həll etməyə çalışıb. 2017-ci ildə Nümayəndəliyin saxlanması və fəaliyyəti üçün ayrılmış vəsait təyinatı üzrə xərclənib, heç bir təşkilata debitor və kreditor borc yaranmayıb.

Rizavn Mikayıllı yeni tikilən evlər, satılan mənzillər, yeni təsərrüfat subyektləri barədə məlumatların onlara verilməməsindən, su-kanalizasiya təsərrüfatının yenidən qurulması ilə əlaqədar əhaliyə su, qaz və enerjinin ötürülməsində fasilələr yarandığından,  bir sıra məhəllələrin arzu olunan səviyyədə süpürülməməsindən və bəzi şəxslərin səliqə-sahmana əməl etməməsindən danışıb: ““Çox təəssüfedici və təəccüblü haldır ki, bir sıra məhəllələrdə sakinlər zibil qabı qoyulmasına razılıq vermir və narazılıq edirlər. Lakin biz onlarla izahlı söhbət aparır, bunun yalnız onların xeyrinə və təmizlik naminə edildiyini izah edirik. Məsələn, Şəhriyar küçəsindəki 3 saylı evin arxasına, yaşıllıq zolağına zibil tökülürdü. Bizim təklifimizlə 2 dəfə oraya zibil qabı qoyuldu. Sabir küçəsindəki 1 və Şəhriyar küçəsindəki 3 saylı evlərin 2 sakini buna mane olmağa çalışdı. Biz onlarla dəfələrlə söhbət apardıq. Lakin nəticə çıxarmadılar, yenə qabları aşırıb, zibili yerə tökməyə davam etdilər. Biz onlar haqqında akt tərtib edib aidiyyəti quruma təqdim etdik. Təsiri oldu”.

Natiq əksər yaşayış binalarının giriş və zirzəmilərindəki elektrik rəflərinin yenilənməsinə,  çoxmənzilli yaşayış binalarının istiliklə təchiz edilməsinə, qanunsuz tikililərin qarşısının alıınmasına ehtiyac duyulduğunu da qabardıb: “İşçi qrupu tərəfindən aşkar olunmuş 63 tikilidən yalnız 9-nun sənədi vardı. 10-u yoxlama dövründə bizim köməkliyimizlə sənədləşdirildi”.

Yığıncaqda məhəllə komitəsinin sədri Rafael Qarayev, Mingəçevir Bələdiyyəsinin komissiya sədri Zahid Qasımlı, Sanitar Təmizlik və Yaşıllaşdırma İdarəsinin rəisi  Əli Ağamirov, şəhər ağsaqqalı Tofiq Qarayev, Əfqan Veteranları Cəmiyyəti Mingəçevir şöbəsinin sədri Elşən İbrahimov, şəhər istilik təhcizatının rəhbəri Firdovsi Məmmədov və başqaları nümayəndəliyin gördüyü işlərdən danışıb və onun fəaliyyətini qənaətbəxş hesab ediblər.

Mingəçevir İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov İH-nin burada səsləndirilən problemlərdən xəbəri olduğunu diqqətə çatdırıb: “Dam örtüklərinin, binaların təmiri, istilik sistemlərinin bərpası ilə bağlı Prezident Administirasiyası ilə danışıqlar aparılıb. Maliyyə vəsaiti olan kimi bunlar mərhələ-mərhələ həllini tapacaq”.

Şərhlər bağlıdır.