Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Adsız qadın, sən kimsən?”

Bu gün Mingəçevir Dövlət Dram Teatrı yenə tamaşaçılarla dolmuşdu. Teatrın aktrisası Afət Əliyevanın pərəstişkarları səbirsizliklə onun mono tamaşasının başlanmasını gözləyirdilər. Nəhayət pərdə açıldı. Səssizlikdə güclü siqnal səsinə diksinən tamaşaçı qarşısında dərdli bir qadını gördü. İlk başda müammalı görünən qadın tədricən içindəkilərini – yəni yaşadıqlarını söyləməyə başladıqca, həyatında çox acılar çəkmiş bir ana olduğu bəlli oldu. Dəqiqələr geçdikcə gözümüzün önündə 31 il öncəki Xocalı faciəsinin tablosu açıldı. Tablonun mərkəzində düşmənin tənəli gülüşləri, aşağılayıcı ifadələri, ikrah hissi oyadan səslərinin fonunda çırpınan, əzab çəkən və əzizlərinin ölümü və daha neçə acı hadisələrin şahidi olan ANA canlandı. Hər şeyini itirən ana sonda özünə sual verdi: “Adsız qadın, sən kimsən?”

Bu, Xocalıda düşmənin təcavüzünə məruz qalan ana idimi, ya aktrisanın oyunumu? Heç fərqlənmədi. Ana fəryadı, övlad və ər itkisini Afət Əliyeva öz yanğısı kimi təqdim etdi. O, gücünü, istedadını, vücudunu həmin Anaya vermişdi. Afət xanım fiziki şiddəti, zorlanmanın iztirabını o qədər məharətlə ifadə etdi ki, zamanında bu işgəncələrə tab gətirə bilməyən ana və bacıların, yeniyetmə qız və azyaşlı uşaqların qarşısında özümüzü günahkar hiss etdik. Niyə o zaman onları qoruya bilməmişdik?

Mono tamaşanı ikinci dəfə izləyirdim, lakin buna baxmayaraq, yenə də göz yaşlarımı saxlaya bilmirdim. Zalda hıçqırıq səsləri eşidilirdi. Analar ağlayırdı.  Bax bu, aktrisanın qalibiyyəti idi!  Möhtəşəm ifa, peşəkar oyun tərzi və peşəkar aktrisa!

Aygün Həsənoğlunun “Adsız qadın” mono tamaşasına teatrın baş rejissoru Vüsal Akif Mehrəliyev quruluş verib. Onun tapıntıları hadisələrin gərginliyini və təsir güçünü artırıb. Rejissor gələcəkdə daha çox mono tamaşaların səhnələşdiriləcəyini deyib.

 

Şərhlər bağlıdır.