Noyabrın 21-də tikintisi başa çatdırılan Bələdiyyə bazarına baxış keçirilib.
Mingəçevir Bələdiyyəsinin sədri Coşqun Abdullayev, Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 25 min əhalisi olan Energetiklər qəsəbəsində belə bir bazara çoxdan ehtiyac olduğunu vurğulayıblar. Başçı vurğulayıb ki, əvvəllər də mövcud ərazidə bazar mövcud olub, lakin sonradan təyinatı dəyişdirilib: “Yadımdadır, indiki “Nərgiz” klinikasının yanında da bazar var idi, amma qiymətlər çox baha olduğundan müştəri yığa bilmədi. Buna görə də qiyməti elə tənzimləmək lazımdır ki, alıcılar başqa yerə getməsinlər. Nəzərə alın ki, artıq Energetiklər qəsəbəsi ilə Tərəvəzçilik sovxozu birləşib və mövcud ərazidə yaşayanların sayı artmaqdadır. Həm də ekoloji cəhətdən təmiz məhsullar gətirilərsə, bazar işləyəcək”.
Qeyd olunub ki, bazar bələdiyyə büdcəsinə ayrılan 171 min manat subvensiya hesabına tikilib. Migəçevir Bələdiyyəsi “Yerli büdcə məsələləri” daimi komissiyasının sədri Mircəmil Hacıyevin dediyinə görə, yerli özünəidarəetmə qurumunun Maliyyə Nazirliyinə təqdim etdiyi layihə ölkə üzrə bəyənilən 4 layihədən biri olub: “Biz layihədə ancaq bazarın inşasını nəzərdə tutmuşduq. Amma bazarın ətrafının abadlaşdırılması bələdiyyənin öz vəsaiti hesabına aparılır. Bazara su və kanalizasiya xəttinin çəkilişinə razılıq alınsa da, hələlik bu iş görülməyib”.
Bazarın içində 70 satış yeri nəzərdə tutulub. Amma yaz-yay mövsümündə bazarın ərtafında köşklər də qoymaq mümkündür. Ümumi ərazi 280 kv.metrə yaxındır. Arxada ərzaq gətirən maşınların dayanması üçün yer də mövcuddur. Məqsəd yaxın kəndlərdəki fermerlərlə müqavilələr bağlayıb, kənd təsərrüfatı məhsullarını birbaşa bura gətirtməkdir. Uzun illər mövcud ərazidə küçə ticarəti ilə məşğul olanlar var, təbii ki, onlar fəaliyyətlərini qanuni şəkildə burada davam etdirə bilərlər.
Tikintisinə bu ilin iyun ayında başlanan bazarı “Şükür-91” firması inşa edib.
Şərhlər bağlıdır.