“Arzum şirkət sahibi olmaqdır”
“Qafqaz Universitetinə qəbul olunanda sevincimin həddi-hüdudu yox idi. Elə sevinirdim ki… Hər şeydən əvvəl, müasir tələblərə cavab verən bir ali təhsil ocağında təhsil alacağıma görə… İkincisi də, bir zamanlar həsrətində olduğum “Qafqaz”ın tələbəsi olduğuma görə… Yeri gəlmişkən, onu da bildirim ki, “Qafqaz” ölkəmizdə fəaliyyət göstərən özəl məktəblər arasında reytinqinə görə liderlik edir”.
Bu yaxınlarda Cənubi Koreyanın Solbridge Beynəlxalq Biznes Universitetində təhsilini başa vurub öz vətəninə qayıdan Aysel Nəbivi bu sözlərlə söhbətimizə, necə deyərlər, körpü saldı. Söhbətini isə bu sözlərlə davam etdirdi: “Qafqaz”ın biznesin təşkili və onun idarə edilməsi fakültəsinin üçüncü kursunda oxuyarkən bu təhsil ocağının tələbə mübadiləsi proqramı çərçivəsində CənubiKoreyaya gedərək, Solbridge Beynəlxalq Biznes Universitetində oxumağa başladım”.
Aysel xanımla söhbətdən aydın oldu ki, o, 38 ölkənin nümayəndələrinin təhsil aldığı Solbridge Beynəlxalq Bisnes Universitetinin ilk azərbaycanlı tələbəsi olub: “Bu ali təhsil ocağında hər ölkənin bayrağı var idi. Lakin onların arasında bizim ölkənin bayrağı yox idi. Mən buna çox təəssüflənirdim. Bu məsələyə müdaxiləmdən sonra bizim də bayrağımız həmin ölkələrin bayraqları arasında yer aldı”.
Aysel xanım ölkəmiz, həmçinin ermənilər tərəfindən işğal olunmuş torpaqlarımız haqqında həqiqətləri Koreya Respublikasında təhsil alan müxtəlif millətlərin nümayəndələrinə çatdırmaqda da fəallıq göstərib: “Bu istiqamətdə apardığımız işlər sırasında “Buta” Azərbaycan-Koreya Tələbə Təşkilatının iştirakı ilə Vahid Mustafayevin çəkdiyi “Xoca”nın nümayişi də mühüm rol oynayıb. Onu da bildirim ki, tədbirin təşkilinə ermənilər mane olmağa çalışsalar da, filmin nümayişinə əngəl törədə bilmədilər. Yeri gəlmişkən, “Buta” tələbə təşkilatı 2009-cu ildən fəaliyyət göstərir və Koreyada Azərbaycan diasporunun genişləndirilməsi, burada təhsil alan tələbələrin təşkilatlanması, həmrəyliyin möhkəmləndirilməsi və tariximizin ictimaiyyətə çatdırılması istiqamətində işlər görür. Azərbaycanın Koreyadakı Səfirliyi təşkilatın fəaliyyətinə yüksək qiymət verir, təşkilata maddi və mənəvi dəstək göstərir”. Daha sonra o dedi: “Orada oxuduğum müddətdə öz mətbəximizi, rəqslərimizi də xaricilərə nümayiş etdirirdik. Hətta mədəniyyət günləri təşkil edirdik. Bu tədbirlərdə bir qayda olaraq, öz milli geyimlərimizi geyinirdik. Onu da deyim ki, bu işdə mənə Koreyanın digər ali məktəblərində təhsil alan soydaşlarımız kömək edirdilər”.
Aysel Nəbivi gələcək planlarından da söz açdı: “İndi ən böyük arzum şirkət qurmaq, onun marketinqliyini, həmçinin mühasibatlığını da üzərimə götürməkdir. Mənim fikrimcə, şirkət rəhbəri mühasibatlığı özü aparanda daha çox uğur əldə də bilər”. O bu işdə qardaşının da yardımından faydalanmaq niyyətindədir. Aysel xanımın sözlərinə görə, onun qardaşı hazırda Ankara şəhərindəki Qazi Universitetinin biznesin təşkili və idarə edilməsi fakültəsində təhsil alır: “Yeri gəlmişkən, onu da qeyd edim ki, qardaşım bu fakültəni mənim məsləhətimlə seçib”.
Aysel xanım təhsilini də davam etdirmək niyyətindədir. Dediyinə görə, magistraturaya qəbul olmağa hazırlaşır. Bununla yanaşı, iş yeri də axtarır: “Nə gizlədim, bir neçə şirkətə müraciət etdim. Onlar məndən nə qədər maaş istədiyimi soruşdular. Mən bildirdim ki, əvvəlcə, sizin şirkətin gəlirlərini bilməliyəm ki, istədiyim məbləğı deyim. Onu da deyim ki, mən elə bir iş yeri axtarıram ki, oradan alacağım əməkhaqqı yüksək olsun. Bu da təbiidir. Axı indi az maaşla dolanmaq mümkün deyil”.
Şərhlər bağlıdır.