Həyatla ölüm arasında can çəkənlər
30 il əvvəl, 26 aprel 1986-cı ildə Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında yerləşən Çernobıl AES-da güclü nüvə partlayışı baş verib. Yaranmış radioaktiv buludun böyük hissəsi Şərqi Avropaya doğru hərəkət edib, yerdə qalan hissəsi isə cənuba “sürüklənib”. Nəticədə Azərbaycanda da radioaktiv şüalanmaya məruz qalanlar olub. Eyni zamanda AES-in partlamış 4-cü enerji blokunun təhlükəsiz hala salınması üçün keçirilən “Sarkofaq” əməliyyatında 129 Azərbaycan vətəndaşı iştirak edib. Onların hamısı müxtəlif səviyyəli radioaktiv şüalanma alıblar.
Qəzanın aradan qaldırılmasının ilk iki ilində 650 min insan xilasetmə işlərinə cəlb olunub. Onların 15 mini bir neçə ildən sonra dünyasını dəyişib. Qəzanın aradan qaldırılmasında iştirak edən 100 minə yaxın adam məruz qaldığı şüalanma nəticəsində ölüb, təxminən 550 min adam isə ağır xəstəliyə tutulub. Onların bir hissəsi artıq dünyasını dəyişib, digər hissəsi isə şüalanmanın fəsadlarını ağır şəkildə yaşamaqda davam edir.
Qəza zonasında xilasetmə işlərində çalışan 650 min adamdan başqa, fəlakət bölgəsində və ona qonşu ərazilərdə təxminən 6-8 milyon insan da şüalanmaya məruz qalıb. Bu insanlar əslində ömürlük əzab çəkməyə məruz qoyulan faciə qurbanlarına çevriliblər. Onlar həyatla ölüm arasında can çəkməkdədirlər. Bu gün şüalanmaya məruz qalan insanlardan dünyaya gələn uşaqlar içərisində xərçəng və müxtəlif xəstəliklər tüğyan etməkdədir. Onların çoxunu labüd ölüm gözləyir və bu, yüz illər boyu zəncirvari şəkildə öz təsirini göstərəcək.
Bir vaxtlar xilasetmə işlərində çalışan və şüalanma zonasında yaşayan insanlar üçün müəyyən pulsuz müalicələr nəzərdə tutulurdu. Onlara dövlət tərəfindən maliyyə yardımları göstərilirdi. Lakin SSRİ-nin dağılmasından sonra bu məsum insanlar unudulublar. 200-dən artıq çernobılçının yaşadığı Mingəçevirdə də bu narahatlıq hiss olunur. Məsələn, bir neçə il qabaq Çernobıl Əlilləri İttifaqının Mingəçevir şöbəsinə kollektiv bağçılıq məqsədilə 15 ha-a yaxın torpaq sahəsi ayrılmışdı. Sonrakı illərdə ölkə başçısının sərəncamına müvafiq olaraq, belə torpaqlar üzvləri arasında bölünməyə başladı. Lakin çernobılçılar çoxsaylı müraciətlərinə baxmayaraq, torpaqlarına sahib ola bilmirlər. Bu illər ərzində onların əksəriyyətinin sanatoriya-kurort müəssisələrinə yollayışlar ala bilməməsi də danılmaz faktdır.
Ümid edirik ki, məmurlarımız çernobılçıları narahat edən məsələlərə həssas yanaşacaqlar.
Şərhlər bağlıdır.