Mingəçevirin bu günkü ekoloji durumu ciddi narahatlıq doğurur
Əhalinin sanitar-epidemioloji sağlamlığının, ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin edilməsi sahəsində Mingəçevirdə problemlər mövcuddur. Elə buna görə də həmin məsələlər iyulun 23-də şəhər İcra Hakimiyyəti başçısı yanında şuranın geniş iclasında müzakirəyə çıxarılıb. GEM-in direktor əvəzi Validə Məmmədova, Dezinfeksiya stansiyasının direktoru Tahir Sadıqov və başqaları vəziyyətin qənaətbəxş olduğunu söyləsələr də, həm başçının, həm də zala toplaşanların ciddi tənqidləri ilə üzləşiblər. Diqqətə çatdırılıb ki, xəstəlik mənbəyinin mövcud olduğu yerləri, əsasən axmazları və binaların zirzəmilərini sanitar normalar uyğun şəkildə saxlamaq mümkün olmayıb. 63 binanın 25-nin zirzəmisindən su çəkilsə də, qalanı üfunətli su ilə doludur. İcra Hakimiyyəti başçısı İlham İsmayılov vurğulayıb ki, hansı məhəllədə səyyari görüş keçirirsə, orada əhali kanalizasiyanın daşmasından, zirzəmilərin su ilə dolu olmasından gileylənir: “Zirzəmilər xəstəlik mənbəyinə çevrilib. Energetiklər qəsəbəsində bəzi sahibkarlar tullantı sularını bir binanın zirzəmisinə axıdırdılar, yaxşı ki, bunu müəyyənləşdirib, problemi həll edə bildik. Ümumiyyətlə, Su-kanal idarəsi zirzəmiilərdən suyu çəkməsə, dezinfeksiya etməyin nə faydası var? Təhsil şöbəsi yerləşən binada gəmiricilər aşağıdan girib, mənzilllərə daxil olurdular. Biz onun da qarşısını ala bildik. Adətən gəmiricilər zibil tökülən yerlərdə artırlar. Sonda isə insanlar əziyyət çəkir, iydən, qoxudan binaya daxil ola bilmirlər. Dezinfeksiya maddələrinin keyfiyyəti də yaxşı olmalıdır. Adamlar şikayətlənirlər ki, dezinfeksiya aparılandan sonra həşəratlar azalmaq əvəzinə artıb. Məktəblərdə və uşaq bağçalarında sanitar qovşaqlar bərbad haldadır, onların normal hala gətirilməsi üçün nə sanksiya tətbiq edilir, nə aidiyyatı qurumlara müraciət olunur. Əvvəllər müxtəlif təşkilatların birgə tədbirlər planı əsasında əhalinin sanitar sağlamlığının qorunması üçün daha məqsədyönlü fəaliyyət göstərirdilər”.
Qeyd olunub ki, şəhərdəki obyektlərin dezinfeksiya olunmasına bir sıra sahibkarlar maraq göstərmirlər. Dezinfeksiya idarəsi sanksiya tətbiq edə bilmir. İndi bu səlahiyyət Qida Agentliyindədir. Agentlik isə yeni qurum olduğundan hələ ki, fəaliyyəti arzu olunan səviyyədə hiss edilmir.
İH-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Xanlar Qurbanovun bildirdiyinə görə, sutka ərzində şəhərdə 290-300 kub metr tullantı daşınır və zərərsizləşdirlir: “Plastik tullantıların toplanması üçün şəhərdə 5 ədəd konteyner qoyulub. 8 saylı Regional ekologiya idarəsi ilə “BazarStore”də “Salafan paketlərə “YOX” deyək” aksiyası keçirilib. 6 ay ərzində 3034 ağac, 6050 həmişəyaşıl bəzək kolu, 2421 ədəd gül kolu əkilib”.
İclasda atmosferə zəhərli tullantılar buraxan nəqliyyat vasitələrinin, xüsusən 8 saylı marşrutda işləyən və ekoloji cəhətdən ziyanlı olan avtobusların sahiblərinə qarşı heç bir sanksiya tətbiq olunmamasının, vegetasiya dövrünü başa vuran, insanların həyatı və obyektləri üçün hər an təhlükə olan ağacların kəsilməməsinin səbəbləri araşdırılıb. Məsələn, bu vəziyyətdəki ağacların götürülməsi ilə bağlı may ayında ekologiya idarəsinə müraciət olunsa da bu günədək cavab alınmayıb. Çirkab suların küçələrə, Kür çayına və birbaşa axmazlara axıdılmasına da idarə ciddi münasibət bildirməyib.
Ekologiya İdarəsinin nümayədsəsi deyib ki, Mingəçevir üçün bu gün ən qlobal problemlərdən biri Kür çayının məcrasında karxanaların yerləşməsidir. Dəfələrlə müraciətə baxmayaraq, qanunsuz fəaliyyət göstərən karxanalar qalmaqdadır. Monitorinq nəticəsində məlum olub ki, hazırda mövcud ərazidə qaninsuz şəkildə karxana fəaliyyəti ilə məşğul olan sahibkar var və o, heç kimi vecinə almır, nəticədə şəhər üçün yenidən təhlükəli vəziyyət yaradır.
İ.İsmayılov şura iclasına toplaşanların nəzərinə çatdırıb ki, bu məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər nazirinin müavini ilə danışıb: “Qanuna görə, karxananın fəaliyyəti (icazə və dayandırma) birbaşa nazirliyin səlahiyyətindədir. Əgər icazə yoxdursa, heç kim gəlib nə torpaq götürə, nə də iş görə biər. Əgər qadağalar varsa, nazirlik bu barədə məlumatı aidiyyatı qurumlara, o cümlədən enerji idarəsinə göndərməlidir ki, enerji ilə təchizatı dayandırsın. Bir müddət əvvəl əhali bu karxanaların şəhərə təhlükə yaratması barədə etiraz etmişdi, alimlər münasibətlərini bildirmişdilər, yerli mətbuat da yazmışdı ki, şəhərin altı sovrulur. Vaxtilə bu şəhərdə 12-13 karxanaya icazə verilmişdi. Məsələnin müzakirəsinə Nazirlər Kabineti də qoşuldu və hökumətin qərarıyla bütün karxanaların fəaliyyəti dayandırıldı. Bundan sonra İcra Hakimiyyəti başçısı da onlara ayrılmış torpaq sahələrinin geri alınması ilə bağlı sərəncam verdi. Yeri gəlmişkən, Mingəçevir kənd yaşayış massivinin sakini Ələsgər Ramazanov adlı şəxs Kür çayının hövzəsini torpaqla dolduraraq, ətrafını çəpərləmişdi. Biz gedib qarşısını aldıq, amma bu, ekologiya idarəsinin səlahiyyətinə aiddir. Biz hamımız belə hallara qarşı mübarizə aparmalıyıq, amma sanksiya tətbiq edən öndə olmalıdır”.
İclasda məlumat verilib ki, Mingəçevir ekoloji vəziyyətin sağıamlaşdırılması üçün Avropa İttifaqının “Merlərin razılaşdırılması” layihəsinə qoşulub və hətta Aİ-dən ekspert də təyin olunub. Layihədə yaşıllıq, suvarma, işıqlanma, ətrafa zəhərli maddələrin atılmasının qarşısının alınması kimi məsələlər əksini tapıb. “Dostluq” parkının ərazisindəki köhnə səhnənin yerində isə 200 yerlik müasir səhnə tikməyə qərar verilib, yanında da Azərbaycanda ilk olacaq Dövlət Rəmzləri Muzeyinin inşası planlaşdırılıb.
İclasda aparatın Sənədlər və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Heyran Şikarovanın Şəhər İcra Hakimiyyətinə 2019-cu ilin 6 ayı ərzində daxil olmuş sənədlərlə işin, vətəndaşların təklif, ərizə, şikayətlərinə baxılması vəziyyəti haqqında hesabatı da dinlənilib.
İclas Mingəçevir Şəhər İcra Hakimiyyəti aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Əliyev Sahib Hümbət oğluna “Dövlət qulluğunda fərqlənməyə görə”, MDU-nun rektoru Hacıyev Akif Novruz oğlu, YAP fəalları Cavadov Mirzə Cavad oğlu və Kərimov Ramiz Məcid oğlu və Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İsmayılov İlham Mehdixan oğluna “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medallarının təqdimatı ilə başa çatıb. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə verilən bu mükafata S.Əliyev dövlət qulluğunda uzun illər səmərəli fəaliyyətinə, digərləri isə Azərbaycan Xalq Cümhuriyyətinin təbliğində fəal iştirakına və şəhərin ictimai-siyasi həyatında fəaliyyətinə görə layiq görülüblər.
Şərhlər bağlıdır.