Noyabrın 11-də Azərbaycanın sənaye, elmi-mədəni, turizm mərkəzlərindən biri kimi tanınan Mingəçevirin 70 yaşı qeyd olunub. Teatr meydanında təhsil müəssisələri və təşkilatların sərgilədiyi sərgiyə baxışdan sonra şəhərin ictimai fəalları və qonaqlar Mingəçevir Dövlət Teatrına yubiley təntənəsinə toplaşıblar.
İcra Hakimiyyəti başçısının səlahiyyətlərini yerinə yetirən birinci müavin İlham İsmayılov Mingəçevirin keçdiyi tarixi yola geniş ekskursiya edib. O, nəzərə çatdırıb ki, 1948-ci il noyabrın 11-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarına əsasən, Mingəçevir qəsəbəsinə şəhər status verilib: “Bundan sonra Mingəçevirdə inkişaf nəticəsində iri müəssisələr qurulub. Su Elektrik Stansiyası, Azərkabel, Yol maşınları, Şüşə lifi, Maşınqayırma, İzolit zavodları tikilməklə Mingəçevir iri sənaye şəhərinə çevrilib. Quruculardan Qafar Xəlilov, Nicat Muradov, İslam Həsənzadə, Rüstəm Aslanov, Məmməd Əliyev, Sosialist Əməyi qəhrəmanları Sarvan Salmanov, Bəhlul Bayramov, Yaqub Rüstəmov və başqaları bu yükü çiyinlərində daşıyaraq Mingəçevirin inkişafında önəmli rol oynayıblar. Şəhərə rəhbərlik etmiş İslam İslamzadə, Kamran Hüseynov, Züleyxa Həsənova və digərləri Mingəçevirin tarixini yazıblar.
Birinci müavin vurğulayıb ki, Dağlıq Qarabağın düşmən tapdağından azad edilməsində şəhidlik zirvəsinə ucalan mingəçevirlilərin dördü Azərbaycanın Milli Qəhrəmanı adına, 7-si “Azərbaycan ordeni”nə layiq görülüb. Bu fədakar döyüşçülər arasında 303 Qarabağ müharibəsi əlili, 828 müharibə veteranı var.
Mingəçevirin bügünündən danışan natiq uğurların qazanılmasında ulu öndərin böyük xidmətlərini yada salıb: “Onun 1969-cu ildə hakimiyyətə gəldiyi dövrdən etibarən Mingəçevir ölkənin ən iri energetika mərkəzinə çevrilib. Bu dövrdə Mingəçevirdə Azərbaycan İstilik Elektrik Stansiyası, iri müəssisələr, 8130 şagird yeri olan 8 ümumtəhsil məktəb, 2240 yerlik 8 məktəbəqədər uşaq müəssisəsi, 1848 çarpayılıq xəstəxana və digər obyektlər tikilib. Çoxmərtəbəli yaşayış binaları və başqa sosial obyektlər də inşa olunaraq, insanların istifadəsinə verilib. Bunlar da səhər sakinlərinin rifahının yaxşılaşdırılmasına kömək edib. Mingəçevir bu potensialına görə Azərbaycanın dördüncü sənaye şəhərinə çevrilib”.
İ.İsmayılov deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də ulu öndərin yolunu davam etdirir və Mingəçevirə diqqətini əsirgəmir: “Prezident İlham Əliyev 15 ildə Mingəçevirlə bağlı 9 sərəncam imzalayıb. Bu sərəncamlar nəticəsində 36 milyon manat vəsait ayrılaraq, Mingəçevirin inkişafına sərf olunub. Regionların Sosial İqtisadi İnkişaf Proqramına əsasən Mingəçevirdə yeni parklar, istirahət obyektləri, məcburi köçkünlər üçün qəsəbələr, şəhid ailələri və Qarabağ əlilləri üçün yaşayış binaları tikilib, məktəblər və uşaq bağçaları təmir olunub, “Asan xidmət”, Sənaye Parkı və digər həyat əhəmiyyətli obyektlər istifadəyə verilib”.
Təntənəli mərasimdə Mingəçevirin ictimai-siyasi həyatında fəal iştirakına, uzun illər səmərəli fəaliyyətinə görə Məhəmməd Mehdiyev, Ramiz İbrahimli, Yaqub Hüseynov, Əbdülqədir Soltanov, Şəfəq Kərimova, Bəşarət Məbudova, Şahnabat Fətullayeva və başqalarına İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunub.
Mingəçevirin şəhər kimi tikilib, böyüməsində əvəzsiz rolu olan İslam İslamzadınin nəvəsi İslam İslamzadə babası haqda xatirələrini danışıb: “Babam deyərdi ki, Mingəçevirin tarixi mənim həyatımdır. Dünyada neçə-neçə nəhəng tikintilərə rəhbərlik edən babam üçün Mingəçevir doğma və əziz idi”.
Mərasimdə Mingəçevir haqqında videoçarxlar nümayiş olunub, Mingəçevir Dövlət Dram Teatrı aktyorlarınin hazırladıqları kompazisiya və xalq artisti Ella Yaqubovanın söylədiyi şeir bədii hissənin başlanmasına işarə verib. Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin xoru, Azərbaycan İncəsənət Universitetinin ansamblı, rəqs qrupu, tanınmış müğənnilər Nüşabə Ələsgərli, İntiqam Kərimov, Çinarə İmanova, Aşıq Əhliman, Aşıq Samirə və başqa sənətçilərin maraqlı çıxışları bayram konsertinə rəng qatıb.
Yubiley təntənəsinə quruluş verən rejissor Loğman Kərimova da təşəkkür edilib.
Şərhlər bağlıdır.