67 yaşlı mingəçevirli velosipedçi 70 günlük səfərdən döndü
Avqustun 8-də velosipedçi Abid İsmayılov 70 günlük səfərini başa vuraraq, Mingəçevirə dönüb. O, may ayının 29-da Mingəçevirdən çıxaraq, Dağıstan, Çeçenistan, Krasnodar, Soçiyə, Batumi marşrutu ilə hərəkət edib, iyulun 27-də Qazax istiqamətindən Azərbaycana daxil olub.
“Bu müddətdə bir çox çətinliklərlə qarşılaşdım. Hətta velosipedimi də oğurladılar, məcbur olub, təzəsini aldım. Lakin bütün bunlar, nə yağış, nə külək məni qorxutmadı. Bütün çətinliklərin öhdəsindən məharətlə gəldim. Mən bu işdən ləzzət alıram. Ömrümün sonuna qədər də bu idman növünün arxasınca məharətlə addımlamağa hazıram”-A.İsmayılov belə deyib.
67-yaşlı velosipedçi səfər zamanı Yevlxdan olan dilənçilərlə qarşılaşdığını da bildirib: “Kasaqurt deyilən ərazidə gördüm ki, bir dəstə dilənçi dilənir.Ürəyimə bir anlıq gəldi ki, bəlkə də bunlar yevlaxlıdırlar.Yaxınlaşıb soruşdum, fikirlərim doğru çıxdı. Mən onlarla söhbət edirdim, gördüm ki, ətrafdakı insanlar mənə də diqqətlə baxırlar. Sən demə məni dilənçilərin başçısı hesab ediblər. Gördüm hamı baxır, qaçmağı qənimət bildim. Uzaqdan səsləndim ki, Allah çörəyinizi yetirsin, bircə Mingəçevirə gəlməyin”.
Velosipedçi müxtəlif xalqların nümayəndələri tərəfindən mehribanlıqla qarşılandığını da diqqətə çatdırıb: ”Dərbənddə Murad, Çeçenistanda Alvin adlı insanların evlərində bir neçə gün qonaq oldum. Mənə elə mehribanlıq göstərdilər ki…”
Bu idman növünün insan orqanizmi üçün sağlamlığından danışan Abid İsmayılov növbəti il Avropaya və ya Türkiyəyə səfərə çıxacağını da bildirib.
Şərhlər bağlıdır.