Xəbərlər

Şəkidəki muzeydə qanımız niyə qaraldı?

Avropanın pərəstiş etdiyi azərbaycanlıya öz vətənundə təhqiredici münasibət

Məzuniyyətimizi xaricdə deyil, respublikamızın səfalı güşələrindən biri olan Qaxda keçirmək təklifini bir qədər tərəddüdlə qarşıladım. Orda yaşayan qohumlarımızı ziyarətə gedəndə bölgəni o qədər də xoşlamırdım. Lakin 20 günə yaxın bir zaman kəsiyində Qax rayonunun tarixi memarlıq abidələrini, meşələrini, şəlalərini, bulaqlarını çox sevdim. Aydərəsi, Mamırlı şəlalə, İlisu şəlaləsi…

Avqustun 3-də isə  Şəkiyə səyahət etməyə qərar verdik. Əvvəlcə Çələbi Xan restoranında ətirli çay içdik, Ari Məhəmmədin evində Şəkinin milli yeməyi olan pitiyə qonaq olduq. Sonra tarixi abidələri ziyarət etməyə başladıq. Şəki Tarix Diyarşunaslıq Muzeyində gördüyümüzə inanmaq istəmədik. Bura muzeydən çox,  “talkuçkanı” xatırlatdı. Masaların üstündə sərgilənən Çin istehsalı olan mövsümi şarflar, “maqnitlər”,  kustar üsulla hazırlanmış çantalar və bəzək əşyaları bizə Şəki İpək Kombinatı və yerli ustaların məhsulları kimi təqdim edildi.  Həmin şarflar 40, 50, 60 və 65 manat civarında idi. Halbuki həmin örpəkləri istənilən ticarət mərkəzindən 3-5 manata ala bilərsən. Muzeyin içində bu xoşagəlməz hala iradımızı bildirdik. Lakin işçilər “kəlağayıların” israrlı şəkildə Şəki  İpək Kombinatının istehsalı olduğunu sübut etməyə çalışdılar.  Çox axtarandan sonra bir kalağayının üstündə primitiv şəkildə əllə tikilmiş “Şəki İpək Kombinatında istehsal olunub” sözləri yazılmış yarlıq tapdıq.

Burda çalışan xanımların Şəki və ətraf rayonlardan uzağa getmədikləri bəlli idi. Əks halda onlar başqa ölkənin istehsalı olan məhsulları doğma diyarımızın adına çıxmaqla özlərini xarici və yerli turistlərin yanında gülünc vəziyyətə qoymazdılar.  Muzeyin bələdçisi isə hər bölmə haqqında cəmi 2-3 cümlə məlumat verməklə işini bitmiş hesab etdi.

Bu muzeydə Şəkinin Oxut kəndində anadan olan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun 70 illiyi münasibətilə şəkli toxunmuş xalça nümayiş olunur. Dünyanın heç bir muzeyində burda gördüyümüz qədər təhqiredici fakt görmək mümkün olmaz.  Həmin xalçada “Ə.Cəbrayilov” və “70”  tərsinə toxunub. Üstündən 26 il keçməsinə baxmayaraq, xalçada düzəliş edilməyib. Muzeyin işçisinin dediyinə görə, xalçaçının xətasının aradan qaldırılması üçün mütəxəssis axtarılır. Çox təəssüf ki, muzeyin rəhbərliyinin təşəbbüsləri bu illər ərzində nəticəsiz qalır. Əminəm ki, yerli və xarici turistlər Şəki Tarix Diyarşunaslıq Muzeyinə gələndə burdakı mənzərəyə görə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyini regionlara laqeyd münasibət göstərdiyi üçün qınayırlar.

Məlumat üçün deyək ki, Əhmədiyyə Cəbrayılov tək Azərbaycanın deyil, Fransa dövlətinin də fəxridir. O, İkinci Dunya müharibəsində döyüşüb, hərbi təyyarəsi vurulduqdan sonra almanlara əsir düşüb, ölüm düşərgəsində təsadüf nəticəsində sağ qalıb, düşərgələrin birindən “ölü” adıyla Fransa vətənpərvələrinin köməkliyi ilə qaçırılıb. Fransada Müqavimət hərəkatının iştirakçısı, partizan, “Armed Mişel”, “Ryus Armed”, “Хаrqo” və başqa adlarla Fransanın azadlığı uğrunda vuruşmalarda iştirak edıb. O, Fransanın orden və medalları ilə (Müharibə Xaçı, Hərbi şücaət xaçı, Fransa Müqavimət hərəkatı medalı, İgidliyə görə medal, Yaralanmağa görə medal). Fəxri Legion Ordeni ilə təltif edilib, Milli Qəhrəmanı adına layiq görülüb.

1990-cu ildə General Şarl Dö Qolun anadan olmasının 100 illiyinə həsr olunmuş mərasimlərdə iştirak etmək üçün Parisə dəvət olunub. Bir sıra dövlət başçıları ilə yanaşı ona generalın qəbri üzərinə əklil qoymaq şərəfi verilib.

Fransa hökuməti ölümündən sonra da Əhmədiyyə Cəbrayılova diqqətini əsirgəməyib. Ona Fransanın azadlığı uğrunda döyüşlərdə iştirakına görə Minnətdarlıq Diplomu verilib. 2003-cü ildə isə Fransanın Azərbaycandakı səfiri xanım Şantal Puare Əhmədiyyə Cəbrayılovun Oxud kəndində qəbrini ziyarət edib.

1995-ci ilin oktyabrında Azərbaycan hökumətinin sifarişi ilə Əhməd Salikovun hazırladığı bürünc heykəl Əhmədiyyə Cəbrayılovun qəbri üzərində qoyulub.

Daha çox

Oxşar yazılar

Close