Yerli Qurumlar

20 Yanvar küçəsindən başlanan yeni abadlaşdırma layihəsi

Başçı bildirib ki, son illərdə davamlı şəkildə abadlıq-quruculuq işləri görülsə də, elə küçələr var ki, indiyədək diqqətdən kənarda qalıb

Avqustun 14-də Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov jurnalistlərlə 20 Yanvar küçəsi boyunca abadlaşdırma aparılan ərazidə görüşüb. Başçı bildirib ki, son illərdə davamlı şəkildə abadlıq-quruculuq işləri görülsə də, elə küçələr var ki, indiyədək diqqətdən kənarda qalıb: “Məqsədimiz həmin ərazilərdə əsaslı yenidənqurma işləri aparmaqdır. İcra Hakimiyyətinin əsaslı-tikinti, təmir və abadlaşdırma şöbəsi və aidiyyatı qurumlar işləri kompleks şəkildə həyata keçirəcəklər. Burada su-kanalizasiya, qaz və işıqlandırma, yaşıllaşdırma, istilik, rabitə və yüksək texnologiyalar sahələrinə aid olan xidmətlər asfalt döşənənədək yenilənəcək”.

İ.İsmayılov diqqətə çatdırıb ki, 20 Yanvar küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən başlanan avtomobil və piyada yollarının təmiri, yenidən qurulması, səkilərdə müasir formada plitələr döşənməsi, işıq dirəklərinin quraşdırılması, kabellərin yenilənməsi, yaşıllıqların səliqə-sahmana salınması, əraziyə gül-çiçək kollarının əkilməsi, küçə boyunca yaşayış binalarının fasadlarının rənglənməsi nəzərdə tutulub. Eyni zamanda Zeynalabdün Tağıyev, Cəlil Məmmədquluzadə, Məşədi Əzizbəyov küçələrində də bu qəbildən olan işlər həyata keçiriləcək.

Bu il həm də Nizami küçəsinin abadlaşdırılacaq, orada müasir tələblərə cavab verən park yaradılacaq. İlin sonunadək şəhərin altı ərazisində bu qəbildən olan işləri başa çatdırmaq vəzifəsi qarşıya qoyulub. Şəhərdə yaşıllığın qorunması üçün suvarma suyu ilə bağlı məsələnin də həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Başçı jurnalistləri maraqlandıran sualları cavablandırıb və şəhərdə ictimai nəzarətin təmin olunmasında onların köməyinə ümid etdiyini bildirib.

Görüşdə İH aparatın məsul şəxsləri və şəhərin idarə və müəssisələrinin rəhbərləri də iştirak ediblər.

Daha çox

Oxşar yazılar

Close