20 illik ömrün akkordları
Mingəçevirin ilk ali məktəbi
1991-ci il ölkəmizin həyatında çox mühüm hadisələrlə yadda qaldı. Bunlardan ən əlamətdarı Azərbaycanın müsəqillik qazanması və eyni vaxtda Mingəçevirdə ilk ali məktəbin açılmasıdır. O zaman şəhərin keçmiş rəhbərləri-Partiya Komitəsinin birinci katibi Ramiz Ağayev, yenicə formalaşmış şəhər Sovetinin sədri Məhəbbət Qarabağlı və Ali Sovetdə Mincgəçeviri təmsil edən Faiq Baxşəliyevin təşəbbüs və təkidi ilə Sənaye Universitetinin (indiki Azərbaycan Dövlət Neft Akademiyası) filialı yaradıldı. Bir il sonra filial Energetika İnstitutuna, 1993-cü ilin avqustunda isə Mingəçevir Politexnik İnstitutuna çevrildi.
4-dən 44-ə
İlk illərdə energetika-mexanika və iqtisadiyyat-idarəetmə fakültələri ilə fəaliyyətə başlayan ali məktəb başqa təhsil müəssisələrinin alim-mütəxəssislərinin köməyi ilə tədris prosesinin təşkili və idarə olunmasını həyata keçirdi. O zaman məktəbin cəmi 12 elmi dərəcəli mütəxəssisi var idi ki, onların da 4-ü yerli alimlər idi. Amma az sonra vəziyyət dəyişdi. 20 il ərzində institutun 35 əməkdaşı müxtəlif sahələr üzrə fəlsəfə və elmlər doktoru elmi dərəcələrinə yiyələndilər. Təkcə bu tədris ilinin ilk 4 ayında dissertasiya işini müdafiə edən müəllimlərdən 4-ü fəlsəfə doktoru, 2 nəfəri elmlər doktoru elmi dərəcəsi almış, 4 nəfər isə doktoranturaya qəbul olunmuşdur. Hazırda institutun 9 ixtisas kafedrasında 111 professor-müəllim çalışır ki, onların 44-ü elmi dərəcəlidir- 37-si fəlsəfə doktoru, dosent, 7-si isə elmlər doktoru, professordur.
Məzunlarla öyünməyə dəyər
Məktəbin professor-müəllimləri tərəfindən 49 dərslik, dərs vəsaiti və monoqrafiyalar nəşr edilmişdir. Artıq bir neçə ildir ki, burada həm bakalavr, həm də magistratura təhsili pilləsində mütəxəssislər hazırlanır. Son 20 ildə 5024 nəfər bakalavr (onlardan 3663-ü məzun olub, 85-i isə magistr (82-i bitirib) pilləsinə qəbul olunub. Elmi və tədqiqat işlərinə maraq göstərən məzunlardan 32-i vaxtilə onlara dərs demiş müəllimləri ilə birgə çiyin-çiyinə çalışır. Onların arasında kafedra müdiri və dekan müavini səviyyəsinə yüksələnlər də var. Texnika üzrə fəlsəfə doktorları Ülkər Aşurova (kafedra müdiridir) və Səbuhi Qəhrəmanov (dekan müavinidir), Sidney Olimpiadasının bürünc mükafatçısı Vüqar Ələkbərov, Avropa çempionu Ruslan Rüstəmov, Mingəçevir Tele-Radio Şirkətinin prezidenti Vahid Məmmədov, İTV-nin şöbə müdiri Tahir Məmmədov MPİ-nin məzunlarıdırlar.
Yubiley konfransı
Martın 2-də Mingəçevir Politexnik İnstitutunda respublika elmi konfransı keçirilib. Tədbiri açan institutun rektoru Akif Hacıyev 20 ildə keçilmiş yola nəzər saldı, bu təhsil ocağının yaranmasında və inkişafında xidməti olan insanlara və təşkilatlara minnətdarlığını bildirib.
Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin direktoru Bəhman Nəcməddinov, AMİ Mingəçevir filialının direktoru Orucəli Rzayev, Bakı Slavyan Universitetinin folklor kafedrasının müdiri Rüstəm Kamal, Texniki Universitetin kafedra müdiri Əsgər Tağızadə, H.Əliyev təqaüdü alan tələbə Kamal Əhmədov 20 illik yubileyini qeyd edən ali məktəblə bağlı maraqlı fikirlərini bölüşüblər. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev Azərbaycan hökumətinin təhsilə qayğısından, xüsusən H.Əliyevin həm Sovetlər dövründə, həm də müstəqillik illərində bu sahəyə diqqət və köməyindən danışıb, institutun və şəhərin həyatında fərqlənən bir qrup müəllimi İH-nin fəxri fərmanı ilə təltif edib. Yubileylə əlaqədar MPİ-nin ünvanına göndərilən təbrik və teleqramlar oxundu, institut adından kollektivin bir çox üzvlərinə hədiyyə və fəxri fərmanlar verilib.
Elmi müzakirələr, ziyafət və konsert
Martın 1-də MPİ-də təbiət, texnika, iqtisadiyyat və sosial-humanitar elmləri üzrə bölmələrdə keçirilən iclaslarda maraqlı elmi müzakirələr aparılıb. Martın 2-də isə bölmə rəhbərləri Sahib Mustafayev, Elmira İsrafilova, Elmira Hüseynova və Esmira Cəfərova müzakirələrin yekunu barədə hesabatları konfrans iştirakçılarına təqdim edib.
Həmin gün axşam “Firəngiz” şadlıq sarayında yubiley şərəfinə ziyafət və konsert verilib.
Şərhlər bağlıdır.