Cəmiyyət

11 bölgənin jurnalistləri insan alveri probleminin aradan qaldırılması yollarını Mingəçevirdə müzakirə ediblər

Məqsəd qlobal problem barədə region KİV-ləri nümayəndələrini və onların vasitəsilə mövcud bölgələrdə yaşayanları maarifləndirməkdir

Oktyabrın 22-də və 23-də Beynəlxalq Miqrasiya Təşkilatının və «İnsan Alveri Qurbanlarına Dəstək» Konsorsiumunun birgə proqramı çərçivəsində 11 bölgənin jurnalistləri bir araya gəlib. Onlara 2 gün ərzində «Regionda insan alveri probleminin qarşısının alınması və stereotiplərin aradan qaldırılması üçün maarifləndirmə» mövzusunda təlim keçilib. Mingəçevir Media Mərkəzində gerçəkləşən təlimə Mingəçevir, Oğuz, Ucar, Yevlax, Ağdaş, Goranboy, Ağcabədi, Bərdə, Tərtər, Göyçay və İsmayıllı rayonlarında dərc edilən qəzetlərin  jurnalistləri qatılıb. Təlimi “Mingəçevir Valideynlər Assosiasiyası” İctmai Birliyinin icraçı direktoru Yeganə Nəbiyeva və müstəqil media eksperti Ələsgər Məmmədli aparıblar. Məqsəd qlobal problem barədə region KİV-ləri nümayəndələrini və onların vasitəsilə mövcud  bölgələrdə yaşayanları maarifləndirməkdir.

Tədbirin birinci günü zehni hücum üsulu ilə insan alveri anlayışı, insan alveri qurbanları və potensial qurbanlarla işləmə prinsipləri, onların sosial və hüquqi müdafiəsi, Azərbaycan regionları üçün spesfik olan insan alveri formaları, insan alverinə qarşı mübarizə tədbirləri, onun profilaktikası, insan alveri qurbanlarının müdafiə edilməsi və onlara köməklik göstərilməsinin hüquqi və təşkilati əsasları barədə ətraflı məlumat verilib. İnsan alveri qurbanlarının reabilitasiyası və reinteqrasiyası, onların müdafiəsi ilə bağlı nəzərdə tutulan çoxşaxəli tədbirlər, insan alveri qurbanları üçün sosial reabilitasiya mərkəzləri, vətəndaşların insan alveri qurbanına çevrilməməsi üçün nələri bilmələri  haqda da danışılıb. İnteraktiv keçən təlimdə jurnalistlərin insan alverinə qarşı mübarizə aparan QHT-lərlə əməkdaşlıq məsələləri də müzakirə edilib.

Növbəti gün insan alveri qurbanları və potensial qurbanlarla bağlı yazıların mediada işıqlandırılmasına toxunulub. «İnsan alverinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanunu, «Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı» və insan alverinin qarşısının alınması ilə bağlı beynəlxalq qanunvericilik barədə danışılıb.  İnsan alveri qurbanlarına və ya potensial qurbanlara hüquqi yardım və insan alveri qurbanlarının və ya potensial qurbanların müdafiəsində medianın rolu, insan alveri qurbanı olan şəxslərlə bağlı yazıların hazırlanması zamanı əhəmiyyətli hesab edilən amillərə diqqət yetirilib.

Qeyd olunub ki, proqram çərçivəsində bir saatlıq verilişin və videoçarxın çəkilişi  və yerli TV-də yayılması, bölgə qəzetlərində insan alveri probleminə dair araşdırma yazıların hazırlanması, region jurnalistləri arasında insan alveri probleminə dair məqalə müsabiqəsinin keçiriliməsi nəzərdə tutulub.

Təlimlərə BMqT Mingəçevir ofisinin nümayəndəsi Ləman Nəbizadə müşahidəçi qismində qatılıb.

Daha çox

Oxşar yazılar

Close